“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun qəbul edildi
9 Dekabr 2022 12:37 SiyasətMilli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət-özəl tərəfdaşlığı haqqında" yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. "Olaylar"ın xəbərinə görə, layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Qeyd edib ki, layihə 8 fəsil, 40 maddədən ibarətdir. Bildirilib ki, "İnvestisiya fəaliyyəti haqqında" qanunda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar dövlət-özəl tərəfdaşlığı layihəsinə də şamil ediləcək.
Eyni zamanda səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsi, müsabiqə qalibinin seçilməsi şərtləri və meyarları, dövlət-özəl tərəfdaşlığı müqaviləsinin əsas şərtləri, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və həyata keçirilməsi, o cümlədən dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində davam edən və başa çatdırılmış layihələr, laihələrin icra vəziyyətinə dair hesabatlar haqqında elektron məlumat bazasını yaradacaq və idarə edəcək.
Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin tərəfləri dövlət-özəl tərəfdaşlığı müqaviləsinin surətini, ona edilən dəyişiklikləri müvafiq sənədlərlə birlikdə Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasına daxil edilməsi məqsədilə müqavilə bağlandıqdan va ya ona dəyişiklik edildikdən sonra 7 iş günü müddətində səlahiyyətli orqana təqdim edəcək. Bundan başqa, səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan öhdəliklərin icra vəziyyətini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq monitorinq etmək hüququna malikdir. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.