"İranın Azərbaycana ərazi iddiaları on illərdir davam edən anti-Azərbaycan siyasətinin nəticəsidir"- ÖZƏL
8 Dekabr 2022 16:40 Siyasət"Son günlər İran tərəfindən müxtəlif rəsmi və ictimai şəxslərin dili ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müxtəlif fikirlər səsləndirilir. Bu fikirlər arasında ən çox Azərbaycanın İrana məxsus olması kimi radikal imperial maraqların təcəssümü olan fikirləri qeyd edə bilərik.
Əslində İran tərəfindən səsləndirilən bu fikirlər Azərbaycana təzyiq vasitəsidir. Çünki Tehranda yaxşı anlayırlar ki, əgər tarixi müstəvidən iddialar qabardılarsa, onda İrandan çox Azərbaycan bu iddiaları qabartmalıdır. Burada önəmli olan ərazi böyüklüyü və ya kiçikliyi deyil. Önəmli olan tarixi müstəvidə kimin haqlı olmasıdır. İran adlı dövlət son illərin nəticəsidir. Amma coğrafiyada min ildir Azərbaycan dövlətləri bərqərar olub".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib
"Digər tərəfdən, İran tərəfi bu kimi iddialarla Cənubi Azərbaycan məsələsində Azərbaycanın rolunu əngəlləmək istəyir. Özünün hərbi-texniki gücünü üstünlüyə çevirməyə çalışan İran hədəfləyir ki, Azərbaycan təzyiqlərə boyun əysin və öz soydaşlarının taleyinə biganə yanaşsın.
Ancaq əminliklə demək mümkündür ki, mollakratiya bu kimi niyyətlərində yanılır. Təzyiq və ya hədə-qorxu siyasəti effektiv yol olsaydı, onda bu gün "Vətən müharibəsi" kimi tarixi zəfər yaşanmazdı, hələ də Qarabağda işğal və talan davam edərdi.
İran anlamalıdır ki, artıq Azərbaycan xarici siyasət baxımından kifayət qədər güclü addımlar atıb və bu nailiyyətlər onun hərbi sığortası üçün zəmin formalaşdırıb. İranda da bilirlər ki, Tehran Azərbaycana hərbi müdaxilə edəcək fürsətə sahib deyil. İndi gərək İran tərəfi Azərbaycanın maraqlarını nəzərə alıb, qarşılıqlı əməkdaşlığın və tərəfdaşlığın inkişafına yön verəcək siyasi addımlar atsın".