Müstəqilliyimizin əbədi və sarsılmaz olması üçün yaradılan təməl
9 Dekabr 2022 11:27 SiyasətHeydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz tərəqqi yoluna qədəm qoydu
Azərbaycan günü-gündən daha da inkişaf edir, dünya ölkələri sırasında öz layiqli yerini tutur. Etiraf edilməlidir ki, müasir Azərbaycanın hazırki səviyyəyə yüksəlməsində, eləcə də dünya ölkələri arasında layiqli yer tutmasında Ulu öndər Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünya miqyaslı dövlət xadimi və dahi siyasət korifeyi Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması nəticəsində ölkəmiz tərəqqi yoluna qədəm qoydu, suverenliyimiz əbədi və sarsılmaz xarakter aldı, davamlı iqtisadi inkişaf üçün möhkəm təməl yaradıldı, xalqın milli-mənəvi ruhu yüksəldi, Azərbaycanda ümumbəşəri dəyərlərə əsaslanan demokratik, hüquqi, dünyəvi və müasir dövlətin ideya əsasları və strateji inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin liderlik keyfiyyətləri, fədakar və yorulmaz fəaliyyəti sayəsində ölkəmiz müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirdi. Müstəqil Azərbaycanın qurucusu kimi gördüyü misilsiz işlər Heydər Əliyevə çağdaş tariximizdə xalqımızın xilaskarı və müasir dövlətçiliyimizin banisi kimi əbədiyaşarlıq qazandırdı. Dövlət suverenliyinin əldə edilməsini Azərbaycan üçün müstəsna dərəcədə önəmli hesab edən və xalqın yüksəlişi, dünyəvi, demokratik dəyərlərə yiyələnməsi yolunda əsas amil sayan ümummilli lider bu tarixi nailiyyəti yüksək qiymətləndirirdi: "Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir".
Məlum olduğu kimi qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan XX əsrin sonlarında çox çətin sınaq qarşısında idi və bərpa edilmiş müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Belə ki, 1990-cı illərin əvvəllərində xalqımız suverenliyini yenidən bərpa etsə də, ölkədə yaranmış siyasi böhran, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması, 1 milyondan artıq soydaşımızın doğma yurdundan didərgin düşməsi siyasi və sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş, ölkədə xaos yaranmış, iqtisadiyyat ciddi tənəzzülə uğramışdı. Müstəqilliyin ilk illərində bir ictimai-iqtisadi formasiyadan digərinə keçidin yaratdığı məhrumiyyətlər, yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın olmaması, yerli və ittifaq miqyasında müəssisələrarası əlaqələrin qırılması, ölkənin iqtisadi, siyasi və informasiya baxımından təcrid edilməsi nəticəsində ÜDM-in, sənaye istehsalının və xarici ticarət dövriyyəsinin həcmi ciddi şəkildə azalmış, inflyasiya idarəolunmaz səviyyəyə çatmışdı. İqtisadiyyatın iflic vəziyyətinə düşməsi, fabrik və zavodların fəaliyyətini dayandırması və sıradan çıxması nəticəsində işsizlik kütləviləşmiş, əhalinin gəlirləri azalmış, güzəranı ağırlaşmışdı. Azərbaycan dövlətçiliyinin ciddi təhlükə ilə üzləşdiyi belə bir ağır zamanda xalqımız yenidən öz xilaskarına - dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyevə üz tutdu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdan ulu öndər ölkədə daxili çaxnaşmanın, vətəndaş müharibəsinin, xaos və hərc-mərcliyin qarşısını aldı, atəşkəsə nail oldu, xalqımızın itirilmiş inamını özünə qaytardı, ölkənin davamlı inkişafının əsasını qoydu, müstəqilliyimizi möhkəmləndirdi. Ümummilli lider Heydər Əliyev siyasi fəaliyyətinin əsas qayəsini təşkil edən milli istiqlal, milli birlik, müstəqil dövlətçilik məfkurəsinə sadiq qalmaqla "Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir" prinsipinin özünün həyat və siyasi fəaliyyət kredosu olduğunu bir daha sübut etdi. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ictimai-siyasi, sosial-iqtisadi, humanitar sferada, beynəlxalq münasibətlərdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı, bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da institusional islahatlar həyata keçirildi, azad bazar iqtisadiyyatının formalaşması məqsədilə hüquqi baza yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi. Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı islahatlar nəticəsində iqtisadi hədəflər və onlara nail olunması yolları müəyyənləşdirildi, maliyyə vəziyyəti sabitləşdi, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına, investisiyaların cəlb olunmasına başlandı, xalqın həyat səviyyəsi yüksəldi.
Beləliklə, 1993-2003-cü illər müasir və müstəqil Azərbaycanın XXI - tərəqqi əsrinin "qızıl onilliyi"dövrü hesab olunur. Belə ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı. Ulu öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Ümummilli lider Heydər Əliyev XXI əsrdə sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına qədəm qoyan müstəqil Azərbaycanın fonemenal iqtisadi inkişaf doktrinasını hazırladı. Onun müəyyən etdiyi mükəmməl "Yol xəritəsi" Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Ümummilli liderin bu inamı ötən müddətə tam özünü doğrultmuşdur. Heydər Əliyevin bu sözləri gerçək siyasi praktikamızda öz real əksini tapıb. Azərbaycan cəmiyyəti Ulu öndərin layiqli davamçısına səs verməklə davamlı sabitliyə, gələcək uğurlara təminat yaratdığını təsdiqlədi. Əslində bu seçiminin fəlsəfəsi, qayəsi bir çox fundamental elmi-siyasi, iqtisadi-sosial əsaslara söykənir. Bu, Heydər Əliyevə ümumxalq tələb və təklifinin, sosial-siyasi ehtiyaclarının, dərin inam və etibarının məntiqi nəticəsidir. Xalq İlham Əliyevə Heydər Əliyevə inandığı qədər inanır, onun arxasınca gedir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində yüksək nailiyyətlərə imza atıb. Prezident İlham Əliyev xalqın Heydər Əliyev siyasətinə göstərdiyi yüksək etimadı doğruldub və bu siyasətə öz töhfəsini verməkdədir. Onun vurğuladığı kimi " Bu, böyük etimaddır, böyük məsuliyyətdir. Mən bunu dərk edirəm və çalışmışam ki, bu etimadı doğruldum. Çalışmışam ki, öz işimlə, öz fəaliyyətimlə ulu öndər Heydər Əliyevin qoyduğu siyasətə öz töhfəmi verim. Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir".
Alim