Elə düşünürlər ki, Fransa Rusiyanı vurub Ermənistandan çıxaracaq - ÖZƏL

"Baş separatçı rolunu de-fakto dələduz Robert Vardanyana təhvil verən Araik Harutyunyanın Fransada peyda olması və ümumiyyətlə, sözü gedən ölkənin Qafqazda fəallaşmaq cəhdləri bizim uzaq tarix cəhənnəm yaxın tarixdə yaşananlardan da düzgün nəticə çıxarmayan qonşularımızı xeyli ruhlandırıb. Onlar hətta belə düşünürlər ki, guya bu gedişlə Fransa Rusiyanı vurub Ermənistandan çıxaracaq və "kiçik bacını" öz qanadı altına alacaq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, onlar kökündən yanılırlar: "Birincisi, onlar diqqət yetirib görsünlər, Harutyunyan Fransada kiminlə görüşür. Hələ gənckən  DTK-nın əməkdaşlığa cəlb etdiyi bildirilən Valeri Pekreslə. O xanımla ki, düz bir il bundan öncə Moskva onun Xankəndində peyda olmasına şərait yaratmaqla Fransada keçirilməsi gözlənilən prezident seçkisində qələbə çalmasına çalışırdı. 
Niyə mən Harutyunyanın görüşdüyü və görüşəcəyi adamlar arasında məhz bu xanımın üzərində dayandım? Çünki bütövlükdə Fransanın bizim regiona yanaşmada yeritdiyi siyasət, hətta Avropa Birliyinin adınan Ermənistana göndərilən missiya belə dolayısıyla Rusiyanın maraqlarına xidmət edir.  Hətta bizdə də bəzi ekspertlər Fransanın həmən missiyanın orada qalma vaxtının bir ilədək uzatmağa çalışmasını Rusiyanın regiondan vurulub çıxarılmasına hazırlıq kimi qiymətləndirsələr də, mən belə düşünmürəm. İzah edim niyə, baxın, Makronun Avropa Birliyi adından Ermənistana missiya göndərməkdə  və qalma vaxtını  uzatmağa çalışmaqda məqsədi nədir? Azərbaycan-Ermənistan sərhəddində rəsmi İrəvanın arzuladığı vəziyyəti təmin etmək. Burada hələlik Rusiyanın marağına cavab verməyən nəsə varmı? Yoxdur. Əksinə sərhəddə gərginlik yarananda Rusiyanın müttəfiq, KTMT-nin isə sipər kimi gərərksizliyi meydana çıxırdı. Forpostdakılar Moskvaya donquldanırdılar. Avropa Birliyinin missiyasının orada olması hələlik  belə donqultuların qarşısını almaq baxımından Rusiyaya sərf edirmi, edir. Ona görə də məni təəccübləndirən Rusiyanın Makronun Paşinyanla cükküldəşməsindən, Ermənistana missiya göndərməsindən çox narahat olmaması yox, Avropa Birliyinin digər üzvlərinin, özəlliklə də Almaniya kimi nəhəngin Fransanın o qurumun maraqlarına necə zərbə vuruğunu görməzdən gəlmələridir. 
Rəsmi Paris birincisi, İranla eyni oyunu oynayaraq Qafqazda sülhün yaranmasının qarşısını alır, ikincisi isə Avropa Birliyi ilə Azərbaycanı üz-üzə qoymağa çalışır ki, Kremlə bundan böyük xidmət ola bilməz. Çünki belədə Avropanın enerji təhlükəsizliyinin təminində problemlər yaranır və onun bütün üzvlərinin eyni mövqedən çıxış etmələri böyük müşkülə çevrilir. Öncə də bu məsələyə toxunmuşdum və bir daha vurğulayıram ki, Azərbaycan qərbin parçalanmasını istəyən gücün təsirlərinə daha çox yatımlı ölkələrin-Serbiya, Bolqarıstan, Yunanıstan və sair kimlərin enerji təhlükəsizliklərində mühüm rol oynamağa çalışmaqla əslində həm də  avropalıların Ukraynada baş verənlərə yanaşmada vahid mövqe sərgiləmələrini təmin edir. Makron Fransası isə guya Ermənistana dəstək adı altında Avropanı Azərbaycandan qaz və neft almamağa çağırır. Rusiyaya bundan böyük xidmət ola bilərmi?   Ona görə də əgər haylar düşünürlərsə ki, Fransa Rusiyanı Ermənistandan vurub çıxaracaq və oranı öz forpostuna çevirəcək yanılırlar. Fransanın Ermənistanla "bacı-bacı oyunu" Rusiya üçün təhlükəli həddə çatdığı anda Moskvadakılar işlətməyi sevdikləri bir komanda var, onu səsləndirəcəklər. Ola da bilər ki, həmən söz bəlli səbəblərdən Makronun xoşuna gəlsin, ölkəsinin də gələcəkmi? Deyə bilmərəm, amma Fransa da, başında duranlar da o komandaya  tam haqq edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31