"Ayaqlarını əbalarının altına yığmalıdırlar"- ÖZƏL

"Bir millətin iki dövlətinin - Azərbaycan və Türkiyənin vahid ordu və vahid hədəflər strategiyası üzərindən hərbi əməkdaşlığı bölgədə sülhün, təhlükəsizliyin əsas təminatçısı, haqqın, ədalətin, insan hüquq və azdlıqlarının, beynəlxalq hüququn norma və prinsiplərinin, bəşəri dəyərlərin keşikçisidir. Humanizm prinsiplərinin qorunması, əzilənlərin, zülmə məruz qalanların yanında, təcavüzkarların, şərin, zülmün qarşısında yer almaq hər iki ölkənin siyasətinin təməl prinsiplərini təşkil edir. Bu xüsusda, bölgədə yeni münaiqşə ocaqları yaratmağa, Azərbaycan Ordusunun Zəfəri nəticəsində yaranmış ədalətli düzəni pozmağa cəhd göztərənlər də hər zaman qarşılarında Türkiyə və Azərbaycan ordularının sarsılmaz birliyini, yenilməz gücünü görəcəklər". 

Bu sözləri Olaylar.az-a politoloq Elçin Mirzəbəyli deyib.

"Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri hər iki ölkənin vahid strateji hədələrini ifadə etməklə yanaşı, həm də regionda, subregionda təhlükəziliyə təhdid yaratmağa cəhd göztərən, diqqəti öz daxillərindəki fəlakət həddinə çatan problemlərdən yayındırmağa, çürümüş siyasi-ideoloji sistemlərinin ömrünü mümkün qədər uzatmağa çalışan bölgə dövlətlərinə, onların riyakar himayəçilərinə də ciddi mesajdır. 1970-ci illərdən qalma hərbi texnika ilə Azərbaycan sərhədlərinin yaxınlıqlarında burnu ovulmuş təcavüzkara dəstək məqsədilə "əzələ" nümayiş etdirən molla rejiminin təmsilçiləri də bu mesajdan öz paylarını götürməli, "ayaqlarını əbalarının altına" yığmalıdırlar. 
Azərbaycan və Türkiyənin birgə hərbi təlimlarının hər iki ölkə üçün strateji əhəmiyyət daşıyam ərazilərdə, o cümlədən İranla sərhəddə keçirilməsi, şübhəsiz ki, təsadüfi deyil. Hər iki ölkənin silahlı qüvvələri birgə hərbi təlimlərini, bir qayda olaraq, Azərbaycana və Türkiyəyə təhdid yarada biləcək istiqamətlərdə həyata keçirir, birgə döyüş qabiliyyətlərini, komanda qərargahları arasındakı əlaqələndirməni gücləndirir, dosta qürur, düşmənə göz dağı verirlər.
Prezident İlham Əliyev  Bakıda, "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan və Türkiyə ordularının vahid bir güc təşkil etdiyini hər kəsin diqqətinə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, "Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar".
Qənaətimə görə, hazırda Azərbaycan və Türkiyənin İran sərhəddi boyunca keçirdiyi hərbi təlimlər Müzəffər Ali Baş Komandanımızın ADA Universitetində dilə gətirdiyi fikirlərin təlim meydanındakı inikasıdır. Səbrimizi sınağa çəkənlər hələlik yüksək döyüş qabiliyyətinə və ən müasir hərbi texnikaya malik olan Azərbaycan və Türkiyə ordularının hərbi təlimlərinin verdiyi açıq mesajlardan nəticə çıxarsalar, təcavüzkar davranışlarının nə ilə nəticələndikləri barədə düşünsələr, bu, ilk növbədə onların özləri üçün yaxşı olar. Əks təqdirdə düşünməyə də vaxtları olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31