Dünya azərbaycanlıları xarici ölkələrdə öz fəaliyyətlərini daha mütəşəkkil qaydada qurur
9 Dekabr 2022 12:00 SiyasətVüqar Əhmədov: "Bu sahədə gənc liderlər daha da önə çəkilir"
Azərbaycan diasporunun fəaliyyətində yeni mərhələnin başlanmasına məhz bu hərəkata daha geniş tərkibdə gənclərin gəlişi ilə start verildi. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev ötən əsrin yetmişinci illərində azərbaycanlı tələbələrinə xarici ölkələrdə təhsil almaq üçün dəstək verdiyi zaman həmən təbəqə dövlətimiz öz müstəqilliyini əldə etdiyi zaman Azərbaycan diasporunun əsas hərəkətverici qüvvəsi oldu.
"Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyinin sədri Vüqar Əhmədov deyir ki, keçmiş Sovet İttifaqı ərazisində təhsil alan və orada yerləşmiş həmvətənlərimiz sonradan, müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq idealogiyası və diaspor hərəkatının formalaşmasında öndə gedən simalar olmuşdur: "Sözsüz ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində hələ Sovet İttifaqı dövründən Azərbaycan diasporunun əsası qoyuldu və Heydər Əliyev çox yaxşı bilirdi ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra dünya erməniliyi ilə mübarizədə dünyada yaşayan azərbaycanlılar daha da təşkilatlanmalı və vahid ideya ətrafında birləşməlidirlər".
Vüqar Əhmədov qeyd edir ki, ölkəmizin müstəqillik dövründə bütün sahələrin inkişafı ilə yanaşı diaspor quruculuğuna, dünyada yaşayan Azərbaycanlıların daha da təşkilatlanmasına xüsusi diqqət yetirilmişdir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə həyata keçirilən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində minlərlə gəncin dünyanın aparıcı ölkələrinə dövlət təqaüdü hesabına göndərilməsi məhz diaspor sahəsində gənc liderlərin yetişdirilməsinə və önə çəkilməsinə hesablanmışdır. Prezident İlham Əliyev dəfələrlə öz bəyənatlarında xaricdə təhsil alan Azərbaycanlı tələbələrə xitab edərək onların gələcəkdə Azərbaycan diasporunun özəyi olduğunu bildirmişdir. Dövlətin diasporun yenilənməsində və ona yeni nəfəs gətirilməsində gənclərin dəstəklənməsi strategiyası bu sahədə atılmış ən önəmli addımlardan hesab oluna bilər. Çağdaş dünyanın çağırışlarına, müasir texnologiyalara və elmə yiyələnmiş diaspor gəncləri gələcəkdə bu ölkələrdə potensial qərarvericilərə çevrilmək üçün irəliləyirlər. Məhz bu baxımdan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yeni strategiyası yeni nəsil gənc liderlərlə işin qurulması, onların önə çəkilməsi və diaspor işinə həvəsləndirilməsindən ibarət olmuşdur".
İctimai Birlik sədrinin sözlərinə görə, diaspor gənclərinin fəal iştirakı ilə keçirilən düşərgələr, forumlar və qurultaylar bu sahədə gənclərə böyük etimadın olmasından xəbər verir: "Diaspor və lobbiçilik sahəsində yeni gənc liderlərin ortaya çıxması, son tədbirlər və xüsusən Şuşada keçirilən son qurultayda onların geniş tərkibdə iştirakı diaspora hərəkatının xeyli dərəcədə cavanlaşması prosesindən xəbər verir. Diasporla İş üzrə Dövlət Komitəsinə gənclər sektorunda geniş təcrübəsi olan şəxsin təyin olunması isə ölkə rəhbərliyinin diasporun gəncləşməsinə və yenilənməsinə xüsusi önəm verdiyinin göstərəcisidir. Əlbəttə ki, bu gün xarici ölkələrdə yaşayan və təhsil alan gənclərimizin üzərinə daha böyük məsuliyyət düşür. Onlar yaşadıqları ölkələrdə yaxşı mütəxəssis yetişməklə yanaşı, yerli qanunverici orqan və qərarvermə prosesində də fəal rol almalı və bu ölkələrin Azərbaycanla bağlı apardıqları siyasətlərə müsbət təsir etmək imkanlarını artırmalıdırlar".
Vüqar Əhmədov onu da bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və onun sədri Fuad Muradov bütün ölkələrə səfərlər edərək orada yaşayan Azərbaycan icmaları ilə görüşlər keçirir, onların fəaliyyətləri ilə yaxından tanış olur və müvafiq dəstəyini verir: "Bu sahədə yeni və mütərəqqi islahatlar diaspor fəaliyyətində çevikliyin artırılması, bölgə üzrə koordinasiya mərkəzlərinin yaradılması və davamlı fəaliyyətin təmin olunmasıdır. Azərbaycanın haqq səsinin və həqiqətlərinin dünyanın aparıcı siyasi mərkəzlərinə çatdırılmasında fəal iştirak edən bütün Azərbaycan dərnəkləri və təşkilatları xüsusi diqqətdə saxlanılır və onların fəaliyyətinə dəstək verilir. O cümlədən diaspor fəaliyyətində koordinasiyanı daha yaxşı təmin etmək üçün davamlı şəkildə yeni Azərbaycan evləri və mədəniyyət mərkəzləri yaradılır. Artıq tam əminliklə demək olar ki, Azərbaycanla bağlı hər hansı milli və tarixi məsələlərdə diaspor nümayəndələrimiz ən qısa zamanda bir araya gələ və təşkilatlana bilirlər. Bunu 44 günlük Vətən müharibəsi bir daha sübut etdi və artıq tam əminliklə demək olar ki, bu gün Dünya Azərbaycanlıları arasında həmrəylik ən yüksək səviyyədədir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ən böyük arzularından biri dünyada yaşayan Azərbaycanlıları həmrəy və güclü təşkilatlanmış şəkildə görmək idi. Ulu Öndərə məxsus olan Azərbaycançılıq ideyası də məhz bu amallara xidmət edirdi".
İctimai Birlik sədri onu da diqqətə çatdırıb ki, diaspor fəaliyyətinin indiki mərhələsi isə keyfiyyətcə tamamən yeni, ölkəmizin və planetin yeni reallıqlarına uyğun şəkildə qurulur: "Burada əsas hədəflər və strategiya ölkə rəhbərliyinin müəyyən etdiyi xarici siyasi kursa uyğun olaraq xarici ölkələrdə Türk dövlətlərinin diasporalarının ortaq maraqlardan çıxış etməsi və hərəkət etməsidir. Xüsusən yaşadığımız indiki dövrdə qərbdə, ABŞ və Avropanın bir sıra qərb ölkələrində Türkəfob və İslamafob meyllərin artması bu reallıqları diktə etməkdədir. Bu gün Türk dövlətləri bir çox sahələrdə geniş potensiala malik olduğu kimi diaspor sahəsində də mühüm resurlara malikdirlər, xüsusən bu ölkələri milli və dini kimlik və ortaq mədəniyyət birləşdirir. Belə olan halda Azərbaycan və Türk diasporalarının, eləcə də Mərkəzi Asiya ölkələrinin diasporalarının xarici ölkələrdə birgə fəaliyyəti və yeni təşəbbüslərlə çıxış etməsi diaspor sahəsində də yeni güc mərkəzinin meydana çıxmasına əsas yarada bilər. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin müəyyən etdiyi yeni strategiya, qərb dövlətlərinin beyin mərkəzləri və elmi dairələri ilə əməkdaşlığın genişləndirilməsi, post-müharibə mərhələsində işğaldan azad olunmuş ərazilərin yenidən bərpa edilməsinə diaspor nümayəndələrinin cəlb olunması, digər ölkələrin diasporu ilə sıx iş birliyinin qurulması atılan mühüm addımlardandır.
Bu gün tam əminliklə demək olar ki, diasporumuzla işi çox uğurla həyata keçirən Diasporla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətini ölkə rəhbərliyinin müəyyən etdiyi hədəflərlə sinxronlu şəkildə, Azərbaycanın milli maraqlarından çıxış edərək həyata keçirir və ən önəmlisi budur ki, bu prosesdə müasir qlobal çağırışlar nəzərə alınır. Bu isə ölkəmizin dünyanın qlobal siyasi mərkəzlərində qətiyyətli söz sahibi olması, lobbiçilik ənənələrinin daha da dərinləşdirilməsi və inteqrasiyasına mühüm töhvə sayıla bilər. Bütün bu fəaliyyəti ilə Azərbaycan diasporu dünyaya daha bir önəmli mesaj verir ki, erməni diasporundan fərqli olaraq Azərbaycan diasporunun ana xətti bölgədə sülhə, sabitliyə və rifaha xidmət etməkdir".
Füzuli