Diaspor fəaliyyətinin indiki mərhələsi ölkəmizin və planetin yeni reallıqlarına uyğun şəkildə qurulur - ÖZƏL

"Diaspor fəaliyyətinin indiki mərhələsi keyfiyyətcə tamamən yeni, ölkəmizin və planetin yeni reallıqlarına uyğun şəkildə qurulur". Bu fikirləri "OLAYLAR"-a "Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyinin sədri Vüqar Əhmədov səsləndirib. O bildirib ki,  burada əsas hədəflər və strategiya ölkə rəhbərliyinin müəyyən etdiyi xarici siyasi kursa uyğun olaraq xarici ölkələrdə Türk dövlətlərinin diasporalarının ortaq maraqlardan çıxış etməsi və hərəkət etməsidir: "Xüsusən yaşadığımız indiki dövrdə qərbdə, ABŞ və Avropanın bir sıra qərb ölkələrində Türkəfob və İslamafob meyllərin artması bu reallıqları diktə etməkdədir".

Vüqar Əhmədov qeyd edib ki, bu gün Türk dövlətləri bir çox sahələrdə geniş potensiala malik olduğu kimi diaspor sahəsində də mühüm resurlara malikdirlər: "Xüsusən bu ölkələri milli və dini kimlik və ortaq mədəniyyət birləşdirir. Belə olan halda Azərbaycan və Türk diasporalarının, eləcə də mərkəzi Asiya ölkələrinin diasporalarının xarici ölkələrdə birgə fəaliyyəti və yeni təşəbbüslərlə çıxış etməsi diaspor sahəsində də yeni güc mərkəzinin meydana çıxmasına əsas yarada bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31