Şəhidlərimiz cəmiyyətimizin hər bir aparıcı üzvü üçün örnəkdir - ÖZƏL

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kiçik çavuşu, "Rəşadət" ordenli şəhid Nicat Xələfovun anası Dilarə Qəhrəmanova ilə görüşüb. "Olaylar" xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə şəhid anasının ürək sözləri dinlənilib, qayğıları öyrənilib. Komitə sədri şəhid anaları ilə hər bir görüşün onunçün çox anlamlı, doğma görüş olduğunu deyib. Qənirə Paşayeva Azərbaycan Respublikası ali rəhbərliyinin şəhid ailələrinə, yaralı qazilərə, ümumən müharibə iştirakçılarına yüksək diqqət-qayğısından, həssas münasibətindən söz açaraq, bu həssaslığı hər bir Millət vəkili, cəmiyyətimizin hər bir aparıcı üzvü üçün də örnək təşkil etdiyini vurğulayıb.
Qeyd edək ki, Nicat İlqar oğlu Xələfov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Xələfov 27 sentyabr 2020-ci ildə, Ermənistan işğalı altında olan Vətən torpaqlarının azad edilməsi və respublikamızın ərazi bütövlüyünün bərpa olunması üçün cəbhə boyu əks-hücumla başlanan müharibə zamanı rəşadətlə döyüşüb.Şəhid Nicat Xələfov Siyəzən şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirən Nicat Xələfov Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeninə layiq görülüb. Şəhidimiz həmçinin "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" ,  "Şuşanın azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31