İran heç vaxt bu qədər açınacaqlı şəkildə rəzil, rüsvay olmamışdı...
9 Dekabr 2022 11:29 Siyasətİran bütün parametrlər üzrə Azərbaycana qarşı düşmənçiliyini davam etdirir. Həm də ən iyrənc formada. İkinci Qarabağ müharibəsində tarixi zəfərlə torpaqlarımızı işğaldan azad etməyimizlə heç cür barışa bilməyən, bölgədə yaranmış yeni reallıqla barışmayan molla rejimi maksimum dərəcədə Azərbaycana zərbə vurmağa, onu sarsıltmağa çalışır. İstər Vətən müharibəsi dövründə Ermənistana günlərlə iri yük maşınları ilə silah-sursat ötürməsi, istər müharibədən sonra Qarabağ separatçılarına yanacaq daşıması, istərsə də Azərbaycanla sərhəd zonasında ard-arda iki hərbi təlim keçirərək Bakını təhdid etməsi Tehranın iyrənc siyasətinin təzahürü idi. Təəssüflər olsun ki, İranın antiAzərbaycan siyasəti günümüzdə də davam etməkdədir. Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri bitər-bitməz İran Şeytan Respublikasının Ermənistana yenidən silah-sursat, uzaq hədəfləri vurmaq qabiliyyətinə malik raketlər verməsi barədə xəbərlər yayılıb. Maraqlısı odur ki, molla rejimi külli miqdarla və dəyəri milyonlarla hesablanan həmin hərbi texnika, raketləri işğalçı ölkə ilə imzalanmış hansısa ikitərəfli sazişə uyğun olaraq maddiyat qarşılığında vermir. Tehranın dəyəri milyonlarla dollar həcmində ölçülən hərbi texnikaları hədiyyə olaraq Ermənistana verdiyi bildirilir.
Bu birmənalı olaraq molla rejiminin işğalçı Ermənistanı silahlandırmaqla regionda gərginlik yaratmaq, Qarabağda yeni bir müharibəyə rəvac vermək siyasətidir. İran Şeytan Respublikası özünün Azərbaycan qarşısında duruş gətirə bilməyəcəyini dərk etdiyindən Ermənistan vasitəsilə ölkəmizə təzyiq göstərməyə nail olmaq istəyir. Bir qədər də dəqiqləşdirsək adını İslam Respublikası qoyan bir müsəlman ölkəsi işğalçı, terrorçu bir ölkəyə silah verməklə digər bir müsəlman bacı-qardaşının ölümünə, onların qanlarının axmasına rəvac verir. Elə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da bu qənaətdədir. Partiya sədri deyir ki, mollalar bir yandan gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərir, bu revanşist-təcavüzkar ölkəni yenidən silahlandırmağa çalışır, digər tərəfdən isə, 14 nəfər İran vətəndaşının (diversantının) bu yaxınlarda Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, rəsmi Tehran Xankəndiyə 13 nəfərdən ibarət daha bir təxribatçı qrup göndərir: "Beləliklə, son bir həftə ərzində (noyabrın 24-dən 30-dək) rusiyalı sülhməramlıların postundan Azərbaycan ərazisinə iki qrupdan ibarət 27 nəfər İran vətəndaşı daxil olub. Bu nə deməkdir? İranı idarə edən fars-molla rejimi bununla nə demək istəyir? Terrorçuluğa, təxribatçılığa himayəçilik edən belə bir ölkəyə İslam Respublikası demək nə dərəcədə düzgündür?". Əlisahib Hüseynovun sözlərinə görə, kim ki, İranı islam dövləti hesab edir demək ki, o insanın mübarək İslam dinindən anlayışı, xəbəri yoxdur: "Maraqlıdır ki, rəsmi Bakı iranlı təxribatçıların ərazimizə keçməsinə (və ya keçirilməsinə) qəti etirazını bildirsə də, lakin nə İran, nə də onları ərazilərimizə buraxan sülhməramlılar məsələyə hələ də aydınlıq gətirməyiblər. Adi günlərdə Azərbaycanın əleyhinə müxtəlif diplomatlarının, deputatlarının və generallarının vasitəsilə hədə, təhdid dolu bəyanatlar, açıqlamalar verən İran tərəfi indi israrla susmağına davam edir. Necə deyərlər, molla rejiminin "quyruğu" qapı arasında qalıb". MHP sədri onu da deyib ki, İran tərəfi heç vaxt bu qədər açınacaqlı şəkildə rəzil, rüsvay olmamışdı: "Molla rejimi suç üstündə yaxalandığına görə, artıq nə deyəcəyini də bilmir. Çünki əllərində Azərbaycan tərəfini qane edə biləcək heç bir tutarlı məntiq və izah imkanları, istinad nöqtələri yoxdur. Lakin rəsmi Bakı sonuncu maskaları da düşən İranın yaxasından əl çəkməyəcək. Molla rejimi həm Ermənistanı silahlandırmağına, həm də ərazilərimizə diversant göndərməyinə mütləq aydınlıq gətirməlidir".
Göründüyü kimi, İran əlindən gəldiyi qədər, hətta ermənidən daha artıq ermənilik edərək Azərbaycana qarşı əsl düşmən münasibəti sərgiləyir. Ancaq İran Şeytan Respublikasında unudurlar ki, etdikləri hər bir pisliyə görə, Tehran artıqlaması ilə cavab alacaq. Necə ki, dəstək verdiyi, qardaşlıq etdiyi Ermənistan iki il bundan əvvəl eyni aqibəti yaşadı.
Süleyman