Azərbaycan Türkiyə və İsraillə hərbi sahədə əməkdaşlığı genişləndirməlidir
7 Dekabr 2022 13:50 Siyasət"Ordunun döyüş qabiliyyətinin artırılması, silahlanmada olan və yaxud silahlanmaya yeni qəbul edilmiş hərbi texnikalardan istifadə qaydalarının təkmilləşdirilməsi, şəxsi heyyətin bilik və bacarıqlarını inkişaf etdirmək üçün hərbi təlimlərin keçirilməsi mütləqdir". Bu fikirləri"OLAYLAR"-a Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, dünyada gedən prosesləri, artan hərbi təhdidləri nəzərə alanda, hər daim güclü və hər bir cəhətdən hazırlıqlı orduya sahib olmaq şərtdir: "Əsgərin döyüş qabiliyyətinin yüksək səviyyədə olması vacibdir ancaq bir bu qədər də ordunun təhcizatı vacib məsələdir. Azərbaycan ordusu kifayət qədər geniş hərbi arsenala və müasir hərbi texnologiyalara sahibdir və ordunun silahlanma işləri hər daim ölkə rəhbərliyinin diqqətində olan bir məsələdir". AVP rəsmisi deyib ki, Azərbaycan silah istehsal edən bir ölkədir ancaq ordunun silahlanması böyük ölçüdə idxal hesabına ödənir: "Lakin indiki halda Rusiya-Ukrayna müharibəsi bir daha müdafiə sənayesinin nə qədər vacib olduğunu təsdiqləmiş oldu. Müharibənin gedişatına nəzər yetirdikdə görürük ki, sırf resurs müharibəsi gedir. Yəni hansı tərəfin resursları tez bitəcəksə uduzan tərəfdə o olacaq. Bir məsələ isə Rusiya böyük ölçüdə öz istehsalı silahlarla döyüşür, Ukrayna isə Qərbin təmin etdiyi silahlarla. Lakin artıq bir çox Avropa ölkəsi Ukraynanı silahla təmin etməkdən boyun qaçırır, bunu ehtiyatlarının tükənməsi ilə əlaqələndirirlər. Bu xüsus bir daha yerli sənayenin vacibliyinin göstəricisidir. Hesab edirəm ki, ölkəmiz bu istiqamətdə qardaş Türkiyə və İsrail ilə əməkdaşlığı genişləndirməlidir. İsrail dünyanın ən qabaqcıl hərbi sənayelərindən birinə sahibdir və ölkələrimiz arasında münasibətlər hərbi istehsal sahəsinin inkişaf etdirilməsinə imkan verir. Türkiyə isə son illər hərbi sənaye sahəsində ataka keçmiş bir ölkədir və kifayət qədər geniş imkanlara malikdir. Fikrimcə müttəfiqimiz olan Türkiyə ilə ortaq hərbi sənaye kompleksi qurmaq vaxtı çatmışdır. Qardaş ölkənin həyata keçirdiyi Milli Müharip uçaq, Baykar firmasının Kızılelma kimi 5 - ci nəsil texnologiyaları özündə cəmləşdirən layihələrdə iştirak etmək, tərəfdaş olmaq ölkəmizə böyük dividentlər qazandırar və Azərbaycanın maliyyə imkanları bu kimi böyük layihələrdə iştirak etməyə imkan verir".