Ölkəmizə qarşı düşmən mövqe sərgiləyən hər kəs Azərbaycan-Türkiyə hərbi təlimlərindən dərs almalıdır - ÖZƏL
7 Dekabr 2022 12:39 Siyasət"Hesab edirəm ki, bölgədə gərginlik yaratmaq istəyən, Ermənistanı yenidən silahlandıraraq onu növbəti bir müharibəyə təhrik edən qüvvələr, ayrı-ayrı dövlətlər Azərbaycan-Türkiyə hərbi təlimlərindən nəticə çıxaracaqlar". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, xüsusilə cənub qonşumuz İrana bu tədbirlər ciddi bir xəbərdarlıq hesab edilə bilər: "Bir müddət əvvəl cənub sərhədlərimiz boyunca hərbi təlimlər keçirən İranın hətta ölkəmizə hücum planının olması barədə də fikirlər yayılmışdı. Zamanında və yerində atılan addımla, yəni Azərbaycan-Türkiyə birgə hərbu təlimi ilə İrana hər hansı bir yalnış addım atacağı təqdirdə qarşısına Azərbaycan-Türkiyə gücünün, "Qardaş yumuruğu"nun çıxacağı mesajını vermiş olduq. Düşünürəm ki, molla rejimi bundan nəticə çıxara biləcək".
İctimai Birlik sədri deyib ki, eyni zamanda işğalçı Ermənistan dövləti, onun rəhbərliyi, həmçinin Qarabağdakı erməni separatçıları, ümumiyyətlə Bakıya qarşı düşmən mövqe sərgiləyən hər kəs Azərbaycan-Türkiyə hərbi təlimlərindən dərs almalıdırlar: "Ermənistan dövləti artıq anlamalıdır ki, Azərbaycanla sülh müqaviləsi bağlamağın zamanıdır. Prosesi uzatmaq, revanşizmə cəhd göstərmək "Qardaş yumruğu"nun Ermənistanın başı üzərində dəyməsinə səbəb ola bilər.