Azərbaycan Parlamentinin yaranmasından 104 il ötür - ÖZƏL

Bu gün Azərbaycan Parlamentinin yaranmasından 104 il ötür. Belə ki, 1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin keçmiş Qızlar Məktəbinin binasında Azərbaycan Parlamentinin təntənəli açılışı olub. "Olaylar" ın məlumatına görə,  Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Belə ki, Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir. 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.
 Beləliklə, hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məslə ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdir. Beləliklə, 1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin tikdirdiyi  qızlar məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31