Deputat parlamentdə  bahalaşmadan danışdı

"Bu gün ölkədə bütün sahələrdə bahaçılıq davam edir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən addımlar atılır, Parlament tərəfindən qanunlar qəbul edilir. Amma yenə də bahalaşma fonunda atılan addımlar geridə qalır". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında deyib. Deputat bildirib ki, elə məhsullar var ki, onlar vətəndaşlar üçün zəruridir və gərək o məhsulların vətəndaşlar tərəfindən şəxsi istifadəsi üçün gətirilməsinə problemlər yaradılmasın: "Xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatları alıb gətirir. Quru sərhədləri bağlıdır, yalnız hava yolu ilə mümkündür. Niyə bir vətəndaş bir qutudan artıq dərman gətirə bilməz? Vətəndaşın ömürlük, yaxud 3 aylıq, bir illik atacağı dərmanlar var.

O vətəndaş digər ölkələrdən gələndə bir neçə aylıq dərmanını alır və zənnimcə düz edir. Nəinki düz edir, vacib olanı edir. Bunu mən də etmək istəyirəm. Çünki vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə bəzən 5-7 dəfə baha olur. Şəxsən, mən xarici ölkəyə gedəndə elə qohum-əqrabamın məndən xahiş etdiyi dərman bir zənbil olur. O insanları tanıyıram ki, xəstədir, o dərmanlara ehtiyacı var, baha olduğuna görə çatdırıb ala bilmir. Heç zaman bir qutudan artıq dərman almamışam. Çünki narahat olmuşam ki, hava limanında üzümə söz gələr. Amma bu o deməkdir ki, o insan bahaçılığa görə o dərmanları ala bilmir, bir neçə il ömrü qısalır. Bu ürəkağrıdıcı mənzərədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31