Qənirə Paşayeva Nəvai Vilayət Hakimi Kobul Tursunovla görüşüb - ÖZƏL
6 Dekabr 2022 11:27 SiyasətMilli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nəvai Vilayət Hakimi Kobul Tursunovla görüşüb. "Olaylar" xəbər verir ki, Nəvai Vilayət hakimliyində keçirilən görüşdə, vilayətin rəhbəri Kobul Tursunov Nəvaidə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsini vilayət sakinləri üçün gözəl mədəniyyət hadisəsi adlandırıb, ölkələrimiz arasında günü-gündən artan əməkdaşlıqdan məmnunluq ifadə edib, ürək sözlərini bölüşüb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, MM Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə gerçəkləşən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nəvaidə olmaqdan çox şad olduğunu bildirən Qənirə Paşayeva, səmimi görüş üçün Vilayət Hakimi Kobul Tursunova təşəkkür edib.
Q.Paşayeva Azərbaycanla Özbəkistan arasında tarixdən gələn, köklü ənənələrə malik əlaqələrin 31 illik müstəqillik dönəmində, özəlliklə son illər daha da dərinləşdiyini və günümüzdə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini deyib. O, bütün əməli fəaliyyət sahələrini əhatə edən əməkdaşlığın davamlı, daha da güclü olması və yeni töhfələrlə zənginləşməsində rəsmi qurumlarla yanaşı aydınların, mədəniyyət, ədəbiyyat, sənət xadimlərinin də üzərinə mənəvi məsuliyyət düşdüyünü vurğulayıb. Prezident İlham Əliyevin Özbəkistana bu ilin iyunundakı dövlət səfərini, Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın evsahibliyi ilə sentyabrda keçirilmiş toplantısına dəvət olunmasını xatırladıb, habelə Səmərqənddə gələn ay keçiriləcək Türk Dövlətləri Təşkilatının növbəti Zirvə toplantısından söz açıb.
Komitə sədri Q.Paşayeva qardaş ölkələrimiz arasında yalnız mədəniyyət, ədəbiyyat, elm və təhsil sahəsində deyil, bütün əməli çalışma sahələri üzrə işbirliyinin günü-gündən inkişaf etdiyini bildirib: "Bütün bunlar qardaş xalqlarımızın maraqlarına, birlik ruhumuza cavab verir. Qardaş ölkələrimiz arasında hər bir əməli fəaliyyət sahəsi üzrə yaxşı təcrübə toplanıb. Azərbaycanla Özbəkistanın dostluq, qardaşlıq təcrübələri bütövlükdə Türk dünyasının ümumi maraqlarına cavab verir". Q.Paşayeva 44 günlük Azərbaycan Vətən müharibəsində özbək xalqının və dövlətinin Azərbaycana göstərdiyi mənəvi dəstəyi minnətdarlıqla xatırladıb.