Azərbaycan və Türkiyə hərbi-strateji tərəfdaşlığını İrana nümayiş etdirməlidir - ÖZƏL
5 Dekabr 2022 14:36 Siyasət"Hesab edirəm ki, Türkiyə və Azərbaycan birgə hərbi təlimləri çox önəmlidir, xüsusən indiki dönəmdə, regionda güclər balansının ciddi şəkildə dəyişdiyi bir zamanda Azərbaycan və Türkiyə hərbi-strateji tərəfdaşlığını İrana nümayiş etdirməlidir". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, hərbi təlimlər bir daha onu göstərir ki, əgər İran Azərbaycana qarşı hər hansı hərbi təxribata al atarsa, ciddi şəkildə bundan peşman olacaq:
"Eyni zamanda bu mesaj tək İrana deyil, bölgəni qarışdırmaq istəyən digər qüvvələrə də aiddir. Azərbaycanla heç kim təhdid dilində danışa bilməz. Azərbaycan heç bir zaman öz ərazisindən üçüncü dövlətə qarşı hər hansı addımların atılmasına imkan verməyib, ona görə də hansısa qüvvələr digər dövlətlərdən Azərbaycana qarşı hansısa təxribat əməlləri haqqında düşünürlərsə, böyük səhvə yol verirlər".
Vüqar Əhmədovun qənaətincə, Azərbaycan hansısa bir eksperiment dövlət deyil ki, ondan pladzdarm kimi istifadəyə imkan verilsin:
"Azərbaycanın siyasəti hər zaman regionda sülhə və sabitliyə xidmət edib və biz qarşı dövlətlərdən də adekvat yanaşmanı gözləyirik. Türkiyə və Azərbaycanın birgə addımları bundan sonra da Cənubi Qafqazda sülhə və sabitliyə xidmət edəcək".