Fransaya qarşı adekvat addımlar atmalıyıq - ÖZƏL
2 Dekabr 2022 19:12 Siyasət"Fransa parlamentinin yuxarı palatasının-Senatın ardınca, aşağı palata-Milli Assambleyanın Azərbaycan əleyhinə qətnamə qəbul etməsi artıq bu ölkənin bizim bölgəyə, ölkəmizə olan ədalətsiz yanaşmasından doğur. Necə olur ki, Fransanın yuxarı və aşağı palatasında təmsil olunan yüzlərlə deputatlardan heç biri bitərəf yaxud da əleyhinə səs vermədi. Ən azı özünü demokratik dəyərlərin müdafiəçisi kimi aparan bir ölkədə biz fərqli fikiri də görməliydik axı. Elə bundan görsənir ki, bu açıq aydın sifarişli və Fransa Prezidentindən gələn sifarişin ölkənin qanunverici orqanında icrasından gedir. Sanki Makron bizdən nəyinsə əvəzini çıxmağa çalışır, başqa cür bu addıma qiymət vermək olmur".
Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib.
O bildirib ki, bu təbii siyasi sifariş deyil:
"Belə görünür ki, Fransanın bütün siyasi estableşmenti Azərbaycana qarşı olan qarayaxmalarla zəhərlənib və gözüyumulu anti-Azərbaycan qətnamələrinə səs verirlər.
Biz də ölkə və cəmiyyət olaraq Fransanın bu addımlarına qarşı adekvat addımlar atmalı, Fransa ilə əlaqələrə yenidən baxmalıyıq. Seçki və digər siyasi proseslərlə bağlı Fransa əsilli vətəndaşların beynəlxalq təşkilatlar çərçivəsində dəfələrlə Azərbaycana qarşı qərəzli və haqsız münasibətin şahidi olmuşuq, demək ki, bütün bunlar məlum səbəblərdən qaynaqlanırmış, sanki indi bütün maskalar yırtılıb".