"Əlimizdə bir sıra sübutlar var ki..."- ÖZƏL
1 Dekabr 2022 16:38 Siyasət"10 noyabr 2020-ci il tarixli bəyannamənin imzalanmasından sonra Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş rus hərbçilərinin dəfələrlə Azərbaycan əraziləri ilə bağlı tərtib edilmiş xəritələrinə və yer adlarına, toponimlərinə rast gəlirik".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Son hadisələr onu göstərdi ki, rus hərbçiləri, Rusiya tərəfi bilərəkdən Azərbaycana məxsus yer adlarını, toponimlərini dəyişdirib, erməni adları ilə əvəz etmək istəyirlər. Əlbəttə, bunun bir neçə səbəbi var. Bununla birinci onu göstərmək istəyirlər ki, orada yaşayan ermənilərin xətrinə dəyməsinlər, yəni, onların könlünü xoş tutsunlar. Bununla bağlı əlimizdə bir sıra sübutlar var ki, həmin ərazilərdə necə Azərbaycan toponimlərini dəyişdirirlər. Nəzərə almalıyıq ki, erməni vətəndaşlarının, Azərbaycan əsilli ermənilərin Azərbaycan ərazisində məskunlaşması demək olar ki, Rusiyanın birbaşa təşəbbüsü ilə həyata keçirilir. Yəni baxın, orada bizim Xankəndi dediyimiz şəhərə onlar Stepanakert adı verdilər, bizim Xocavənd dediyimiz, eyni zamanda, Ağdərə deyilən əraziyə onlar Martuni, Mardakerd adı veriblər və bunlar ondan xəbər verir ki, deməli, rus hərbiçilərinin, ümumiyyətlə Rusiyanın əsas məqsədi bir növ orada yaşayan ermənilərin belə deyək, ələ alınmasıdır və özlərinin burada varlığının onların alınmasıyla qoruduqlarını düşünürlər. Biz dəfələrlə təkcə bu halda yox, ümumiyyətlə, Rusiya telekanallarında belə şahid olmuşuq ki, həmin ərazilər eynən erməni toponimləri kimi göstərilir. Eyni zamanda dəfələrlə olub ki, Qarabağda "oyuncaq rejimin" rəhbərlərini Rusiya telekanalları, məsələn, Dağlıq Qarabağ Respublikasının rəhbəri kimi təqdim ediblər. Bununla bağlı kifayət qədər məlumatlar da var. Yəni bütün bunlar hamısı onu göstərir ki, deməli, Rusiya hərbiçiləri, dırnaqarası sülhməramlıları, bölgə ilə bağlı fikirləri və niyyətləri heç də ciddi, səmimi deyil, Azərbaycana qarşı münasibəti aydındır göz qabağındadır. Bu hərəkətlər nə 22 fevral 2022-ci il Azərbaycan-Rusiya strategiya əməkdaşlığının ruhuna, nə də 10 noyabr 2022-ci il üçtərəfli bəyannamənin ruhuna uyğun gəlir. O baxımdan hesab edirəm ki, Rusiyanın belə təxribatçı addımları əslində bölgədə yenidən süni gərginliyin yaradılmasına xidmət edir. Düşünürəm ki, Rusiya Müdafiə Nazirliyi bilərəkdən Azərbaycan adlarını erməni adları ilə dəyişməklə, o toponimləri erməni toponimləri ilə dəyişməklə süni gərginlik yaratmaq və beləliklə də özünün orda varlığını, mövcudluğunu qorumağa çalışır".