"Azərbaycan dövləti rusların 200 illik planlarını məhv edir"- ÖZƏL
1 Dekabr 2022 16:24 Siyasət"Rusiya sülhməramlılarının toponimlərlə bağlı yol verdiyi hərəkətlər şantajdır. Onlar, bununla Azərbaycana mesaj verirlər ki, Rusiyanın maraqlarının təmin olunmaması halında, bölgədə daimi sülhdən söhbət getməyəcəyi kimi, bölgənin erməniləşdirilməsi addımları da davam etdirilə bilər.
Bilirik ki, Qarabağ məsələsində Azərbaycan və Rusiyanın milli maraqları tamamilə zidd nöqtədə dayanır. Hələ 2-ci Yekaterina dövründən rusların Qarabağda bir xristian dövləti yaratmaq niyyətləri olub. Ruslar sonralar bu niyyətlərini ermənilərlə reallaşdırıb, türk-müsəlman dünyasının bağrında, ən strateji bölgədə - Qarabağda xristian-erməni dövlləti formalaşdırmağa başladılar. Stalinin əmri ilə, buna tam olmasa da muxtar formada nail oldular. Ancaq indi Azərbaycan dövləti rusların 200 illik planlarını məhv edir. Qarabağı tam unitar formada Azərbaycan sərhədlərinə geri qaytarır. Təbii ki, Moskva bununla asan razılaşa bilməz, razılaşmayacaq. Toponimlərin erməniləşdirilməsi xırda nüansdır. Bu xırda nüans özü Rusiyanın 200 illik planlarına xidmət edir".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
Ruslar çalışır ki, Azərbaycan Qafqazda söz sahibinə çevrilmək mərhələsində onun maraqlarına zidd olan addımlardan qaçsın. Əksinə Moskvanın istəkləri ilə hərəkət etsin. Ancaq Qafqazda kənar qüvvələri və pozucu fəaliyyətləri istəməyən Azərbaycan heç kimə boyun əymir, tam müstəqil formada öz maraqlarını və suverenliyini qoruyur. Bu isə, Moskvada qəzəblə qarşılanır və sülhməramlı mandatından istifadə edən Rusiya tərəfi bölgədə sabitliyi pozur, sülh danışıqlarına zərər verir və hərbi qarşıdurma risklərini artırır. Çünki b8u zaman Rusiyanın təsir imkanları genişlənir.
Bütün bu addımları fərdlər üzərində dəyərləndirənlər var. Düşünürəm ki, bu yanlışdır. İstər sülhməramlıların lideri Aleksandr Volkov olsun, istərsə də erməniəsilli rus milyarder Vardanyan fərqi yoxur, bu şəxslər faktiki söz sahibi deyillər. Onlar heç kimdir, sadəcə Kremldən gələn əmri icra edirlər. Bu şəxslər buraya qərarla gəlib, lazım olanda bir qərar onları geri çəkməyə bəs edir.
Hadisələrə daha geniş perspektivdə yanaşmalıyıq. Bu kimi təxribatlar birbaşa Kremlin məkrləridir və hər şey ona hesablanıb ki, Rusiya yenidən Cənubi Qafqazda söz sahibinə çevrilsin. Bu isə, artıq utopiya və boşuna güc və vaxt itkisidir. Gərək ki, Kreml məğlubiyyətlə razılaşsın.