Demokratik əsaslara söykənən bir model qura biləcəyik- ÖZƏL
1 Dekabr 2022 16:07 Siyasət"Azərbaycan dövləti 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlatdığı Vətən müharibəsi ilə uzun illər ərzində müstəqil Azərbaycanın üzləşdiyi bir çox problemləri, xüsusilə də, beynəlxalq güclərin Ermənistanın havadarlarının dəstəyi ilə leqallaşdırmağa, de-yure və de-fakto Azərbaycan tərəfindən qəbul edilməyə məcbur edilən işğal faktını aradan qaldırmış oldu. Özünün ərazi bütövlüyü, dövlət suverenliyi və sərhəd toxunulmazlığı ilə bağlı ciddi təhdidləri aradan götürmüş oldu".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.
"Məhz bu dövrdən sonra Azərbaycan dövlətində, hakimiyyətində Azərbaycan xalqının gələcəyi ilə bağlı çox ciddi, fərqli konsepsiyalar ortaya qoyuldu. Mən hesab edirəm ki, bu konsepsiyanın əsasını məhz ulu öndər Heydər Əliyev tərəfindən hələ 90-cı illərin ortalarında qoyulmuş müstəqil iradəyə, siyasətə malik güclü Azərbaycan istəyi dayanırdı. Məhz bu istəyin başlıca hədəfi Azərbaycanın həm xarici siyasətində, həm də daxili proseslərdə, eyni zamanda, iqtisadi müstəqilliyinin gücləndirilməsində, xalq, hakimiyyət etimadının artırılmasında, ordu quruculuğu prosesinin daha da yüksəldilməsində öz əksini tapırdı və buna görə də, Vətən müharibəsi başa çatdıqdan sonra və Azərbaycanın Cənubi Qafqazda, bölgəmizdə baş verən proseslərdə aparıcı rolu bir daha təsbit olunduqdan sonra əsas diqqətlərin qısa bir müddət ərzində Azərbaycan daxilində mövcud problemlərin, xüsusilə də, idarəetmə sistemində özünü göstərən neqativ halların, korrupsiya hallarının aradan qaldırılmasına yönələcəyini proqnozlaşdırmaq mümkün idi. Məhz ali siyasi iradənin ortada olması, ali siyasi iradənin Azərbaycan xalqının, dövlətinin inkişafına maneçilik törədən, bu inkişafımıza bir buxova çevrilən bütün maneələrin aradan qaldırılması ilə bağlı davamlı şəkildə siyasi iradəyə uyğun olaraq addımların atılması bir çox istiqamətlərdə Azərbaycan cəmiyyətini problemlərlə üzləşən istiqamətlərdə kəskin addımların atılacağını deməyə imkan verirdi.
Mən hesab edirəm ki, xüsusilə uğurla başa çatan Vətən müharibəsindən sonra yerli özünüidarəetmə orqanları, eləcə də, ərazilərdə, bölgədə idarəetməni həyata keçirən strukturlar və onların rəhbər şəxsləri bundan sonra proseslərin onların fəaliyyətinin əvvəlki kimi olmayacağını dərk etməli, yeni dövrün tələblərinə, çağırışlarına uyğun öz fəaliyyətlərini qurmalı idilər. Bu çağırışlara, bu tələblərə cavab verməyən şəxslər yenə də əvvəlki kimi köhnə qaydada idarəetməni həyata keçirmək istəyən, korrupsiya hallarına yol verən şəxslər qısa müddət ərzində müvafiq dövlət qurumları tərəfindən aşkara çıxarılıb, onların cəzalandırılması ilə bağlı addımlar atılırdı.
Mən hesab edirəm ki, ən mühüm addımlardan biri məhz, Naxçıvan Muxtar Respublikasında baş verən özbaşınalıq və korrupsiya hallarının aradan qaldırılması və günahkar şəxslərin cəzalandırılması istiqamətində atılan addımlardır. Çünki bildiyimiz kimi, uzun illər ərzində Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan müəyyən mənada orda bir çox proseslərə müstəqilliyin qorunması, ərazi bütövlüyünün təmin edilməsi baxımından göz yumulurdu. Lakin məhz işğal faktı aradan qalxdıqdan sonra, erməni təhdidləri aradan qalxdıqdan sonra, digər bölgələrimizdə olduğu kimi Naxçıvanda da yeni idarəetmə modelinin tətbiq edilməsi, məhz cənab Prezidentin ifadə etdiyi "məmur vətəndaşın xidmətçisidir" modelinə əsaslanan idarəetmənin tətbiq olunması zərurəti Naxçıvanda bu islahatların və müvafiq əməliyyatların həyata keçirilməsini zəruri etdi.
Mən hesab edirəm ki, həm Naxçıvanda həyata keçirilən addımlar bundan sonra da davamlı olacaqdır. Qanunazidd addımlar digər qurumlarda da mövcuddursa, onların da araşdırılması, günahkar şəxslərin cəzalandırılması və şəffaf idarəetmə modelinin nəhayət ki, tətbiq olunmasına nail olmaq üçün zəruri addımlar atılacaqdır. Mən düşünürəm ki, bu prosesi heç də təsadüfi qiymətləndirmək olmaz. Məhz Azərbaycanın işğal faktı ilə bağlı üzləşdiyi problemləri, beynəlxalq arenadakı ciddi maneələri aradan qaldırdıqdan sonra Azərbaycan Prezidentinin qətiyyətli iradəsinin məhz daxili siyasətə yönələcəyini öncədən proqnozlaşdırmaq çətin deyildi. Azərbaycan Prezidentinin bu qətiyyətli mövqeyinin artıq həm də daxili proseslərimizə daha geniş şəkildə, daha böyük həcmdə nəzər yetirdiyini və ən xırda detallara qədər vətəndaşın maraqlarının təmin olunmasına xidmət edən modelin formalaşdırılmasının əsas hədəf olduğunu göstərir. Azərbaycan Prezidenti yerlərdə öz nümayəndələrini təyin edərkən dəfələrlə xalq qarşısında bəyan edib ki, mən Azərbaycan prezidenti olaraq, Azərbaycan xalqının iradəsinin ifadəçisi olaraq, məhz xalqımın xidmətçisiyəm. Bu ifadədən nəticə çıxarmayan məmurlar bundan sonra da eyni yanaşma nümayiş etdirərlərsə, aqibətlərinin cinayət törətmiş yüksək vəzifəli şəxslərin aqibətindən fərqli olmayacağını bilməli və bundan nəticə çıxarmalıdırlar.
Bütün bunlar onu göstərir ki, Azərbaycan qərb dəyərlərini, Avropa standartlarını özünə hədəf götürərək, müasir, çevik və demokratik idarəetməyə əsaslanan bir model qurmağa başlayıb və mən hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında biz daxilimizdə olan bir çox bəlaları, yaraları, problemləri qısa müddət ərzində aradan qaldıracaq və beynəlxalq nüfuzumuza, imicimizə uyğun onun davamı kimi qiymətləndirilə biləcək və demokratik əsaslara söykənən bir model qura biləcəyik".
Röyalə Xəyal