Fransa Qafqaz imtahanından keçə bilmədi- RƏYLƏR

Milli Assamleyanın qərarı xristian təəssübkeşliyindən irəli gəlir

Fransanın ölkəmizə qarşı qərəzli münasibəti davam etməkdədir. Artıq bu ölkə parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qətnamə qəbul edilib. Sirr deyil ki, Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi bu ölkənin Azərbaycana qarşı ədalətsiz münasibətinin, qərəzli yanaşmasının, beynəlxalq hüquqa hörmətsizliyinin növbəti təzahürüdür. Fransa eyni münasibəti və qərəzi Vətən müharibəsi dövründə də Azərbaycana qarşı göstərmişdi. Son proseslər bir daha göstərdi ki, bir fransız siyasətçinin dediyi kimi Makron fransızların deyil, Fransada yaşayan ermənilərin Prezidentidir. Makronun bu qətnamənin qəbul edilməsinə ciddi -cəhdlə canfəşanlıq etməsi bunu bir daha təsdiq edir. Bu eyni zamanda, Makronun Fransa erməniləri qarşısında hansısa öhdəliyinin olmasından xəbər verir.

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, belə bir sual yaranır, əgər Fransa bu qədər haqqın və ədalətin yanındadırsa, 30 ilə yaxın dövrdə Azərbaycan torpaqları işğalda olarkən, azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilərkən, bütün ərazilərimiz ermənilər tərəfindən viran qoyularkən, 67 məscidimiz barbarcasına dağıdılarkən, Qarabağda yeganə pravoslav kilsəsi dağıdılarkən, Alban abidələri saxtalaşdırılarkən və uçurularkən niyə Fransa Milli Assambleyası bu məsələlərə heç bir münasibət bildirmədi: "Demək ortada açıq-aydın qərəz və xristian təəssübkeşliyi var.Vətən müharibəsində qələbədən sonra Ermənistan və erməni xalqı üçün regionun əsas aparıcı və güclü dövlətlərindən olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün yeni imkan və fürsətlər yaranmışdı. Ermənistan  bu imkanlardan yararlana bilmədi və düşmənçilik yolunu seçdi. Bu gün bölgəmizin və dünyamızın daha çox sülhə və təhlükəsizliyə ehtiyacı var. Son addımlar göstərir ki, bir sıra dövlətlər  bölgədə sülhün bərqərar olmasında deyil, qeyri-sabitlik və qarşıdurmada maraqlıdırlar. Əgər Fransa və ya Ermənistanın digər hansısa havadarı düşünürsə ki, bu cür qətnamələrlə Azərbaycanın haqlı mövqeyinə təsir edə bilər, yanılır. Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin mövqeyi prinsipial və qətiyyətlidir. Belə qətnamələrin qəbulundan ən çox əziyyət çəkən yenə Ermənistan və erməni xalqı olacaq".

Millət vəkili Sahib Alıyev bildirib ki, Fransa Milli Assambleyasının, yəni parlamentin aşağı palatasının Azərbaycan əleyhinə  qətnaməsi o deməkdir ki, sözügedən sərsəmləməni dəstəkləyənlər ya Makron kimi hay diasporunun təsiri altındadır, siyasi korrupsiyaya qurşanmışlardır,  ya islamafob və türk düşmənidirlər, ya başqa qərəzləri, ola da bilsin mərəzləri var, ya da bizim regionda gedən proseslərdən tam xəbərsizdirlər: "Mümkündür ki, çoxu burada sadalanan keyfiyyətsizliklərin hamısını, yaxud da bir neçəsini özündə daşıyır. Assambleyanın 557 üzvündən 256-nin qatıldığı dinləmədə onların  hamısının bir nəfər kimi lehinə səs verdikləri bu qətnamə bizim üçün heç kağız parçası da, deyil, çünki belədə kağızı qiymətdən salmış oluruq. Amma o 256 nəfər bununla bir daha təsdiqlədilər ki, rəsmi Bakı   Ermənistanla  danışıqlarda Fransanın vasitəçiliyini çox düzgün olaraq qətiyyətlə rədd edir. Bununla yanaşı əminəm ki, Fransa belə dayaz olduğu qədər də  düşməncəsinə davranışların qarşılığında başqa "sürprizlər"lə də üzləşəcək. Gözləsinlər".

Deputat Vüqar Bayramov hesab edir ki, Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi Cənubi Qafqazda sülhün əldə edilməsinə qarşı olan ciddi bir addımdır: "Ərazisinin 20 faizi işğal nəticəsində Ermənistan tərəfindən barbarcasına talan edilən ölkəni "təcavüz"də ittiham etmək yalnız beynəlxalq hüquqa hörmətsizlik deyil, eyni zamanda mənəvi məsələdir. Fransa Qafqaz imtahanından keçə bilmədi".

Xarici İşlər Nazirliyindən bildirilib ki, noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır. Məlumatda bildirilib ki, qeyd edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır: "Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir. Xüsusilə qeyd edək ki, qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin faktiki olaraq qətnaməni dəstəkləməsi, bu qətnamənin də arxasında son vaxtlar açıq şəkildə müxtəlif platformalarda anti-Azərbaycan təşəbbüslərlə çıxış edən Fransa hökumətinin dayandığını növbəti dəfə göstərir. Fransa, 25 ilə yaxın müddətdə ona həvalə edilmiş vasitəçilik rolunu bəhanə gətirərək, Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyib, beləliklə də münaqişənin həllinə çalışmayıb. Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı açıq şəkildə qarayaxma kampaniyası aparması və ittihamlar səsləndirməsi Fransanın qərəzli niyyətinin təzahürüdür".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31