"Ermənilərin türk düşmənliyi siyasəti fonunda sığınacağı əsas qapılardan biri Fransadır" - ÖZƏL
1 Dekabr 2022 10:00 Siyasət"Fransa - Ermənistan əlaqələri hələ iki dövlət arasındakı münasibətlərdən daha qədim keçmişə malikdir. Belə ki, Osmanlı imperiyasını parçalamaq niyyəti olan ölkələrdən biri Fransa 19-cu əsrdən artan erməni şovinizmi və terroruna dəstək verməyə başlayıb. Daha sonra Azərbaycan torpaqlarına yayılan erməni terroru yenə də Fransadan dəstək ala bilib. Təsəvvür edin ki, ermənilərin hələ dövləti olmadığı zamanlardan, təxminən 200 illik bir zaman ərzində Fransa onlara havadarlıq edib və hər şəkildə dəstək verib".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
"Bu gün də Cənubi Qafqazda öz maraqları olan Fransa ermənilərin və Ermənistan dövlətinin əli ilə bölgəyə müdaxilə etməyə çalışır. Müəyyən mənada buna nail olur. Çünki, öz şovinist maraqlarına qurban olan ermənilər sırf antitürk addımlarına görə dünyanın digər bütün xalqlarının köləsi olmağı gözə alıb. Bəlkə də fərqində deyillər, ancaq həqiqət bundan ibarətdir.
Ermənistan və Fransa münasibətləri isə heç bir halda səmimi dostluq və müttəfiqlik əlaqələri olaraq qəbul edilməməlidir. Minillik tarixi olan Fransa dövlətçiliyi fərqindədir ki, ermənilər kifayət qədər etibarlı tərəfdaş deyillər. Onlar yüzlərlə il tərkibində yaşadığı və onların milli varlığını qoruyan bir dövlətə - Osmanlıya xəyanət etdilər. Daha sonra ermənilərə qapılarını açmış Azərbaycan dövlətinə də düşünmədən xəyanət etdilər.
Bu son deyil, rəsmi Paris bilir ki, ermənilər 200 ildir onun əsas dəstəkçisi olan rusları belə, ən zəif anında arxadan vurdu. Bu satqınlıq Fransa üçün də realdır və bir gün mütləq qarşılaşacaqlar. Bunları nəzərə alan Fransa sadəcə öz məqsədləri üçün "erməni kartı"nı istifadə edir.
Ermənilər də, Rusiyanın zəifləməsi, ümumi-türk düşmənliyi siyasəti fonunda fərqindədir ki, indi onların sığınacağı əsas qapılardan biri Fransadır. Ona görə də, hazırki geosiyasi vəziyyətdə bu ölkələr bir-birinə ehtiyac duyur və xüsusilə Qafqaz siyasətində ortaq nöqtədə dayanırlar. Ancaq bu çox uzun çəkə bilməz. Türkiyənin sürətlə dünya dövlətinə çevrilməsi, Rusiyada erməni xainliyinə qarşı neqativ fikirlərin artması, eyni zamanda regiondan uzaq ölkələrin ermənilərin sayəsində Qafqaza müdaxilələrinin artması yaxın zamanda Ermənistana ciddi qulaqburmaların veriləcəyini deməyə əsas verir.
Ermənistan ciddi səhvlərə yol verir və hələlik bunun fərqində deyillər".