QHT-lərə xaricdə layihələr keçirmək üçün daha çox vəsait ayrılmalıdır - ÖZƏL

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına xaricdə ölkəmizin təbliği, Azərbaycanın apardığı haqq işi uğrunda mübarizənin  dünyaya çatdırılması üçün daha çox vəsait ayrılmalıdır. "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayilbəyli çıxış edib. İctimai Birlik sədri əmin olduğunu bildirib ki, növbəti ildən QHT-lərə Dəstək üzrə Dövlət Agentliyi bu istiqamətə daha çox diqqət və vəsait ayıracaq: "Düzdür, daxildə də müəyyən sosial layihələrin keçirilməsinə ehtiyac var. Ancaq düşünürük ki, indiki məqamda, ümumiyyətlə hər zaman Azərbaycanın xarici ölkələrdə daha geniş şəkildə təbliğinə ehtiyac var və bu prosesə daha çox diqqət ayırmaq lazımdır. Hansısa bir neçə ictimai təşkilata daxili auditoriyaya hesablanmış və erməni vəhşiliklərini cəmiyyətə çatdırmaq üçün vəsait ayırmaq əvəzinə, bir təşkilata xarici ölkədə daha səmərəli tədbir təşkil etmək üçün vəsait ayırmaq daha yaxşı olar. Onsuz da daxili auditoriya üçün həmin işi müvafiq qurumlar həyata keçirir. Bizə indiki zamanda daha çox xariclə, xüsusilə də erməni diasporunun daha güclü olduğu ölkələrlə işləmək zəruridir".
Süleyman İsmayilbəyli deyib ki, ancaq xaricdə tədbir keçirmək üçün vəsait ayrılan QHT-lərə, onların həmin vəsait qarşılığında keçirdiyi tədbirlərə də ciddi nəzarət etmək lazımdır: "Daha kimsə tədbir adıyla qohum-əqrəbasını xaricə aparıb pul silməsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31