Ombudsmanın səlahiyyəti artırılır

Milli Məclis "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb. "Olaylar" xəbər verir ki, qanun layihəsi haqqında məlumatı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Komitə sədri layihənin birinci oxunuşu zamanı çıxış edən həmkarlarına təşəkkür edib: "Sədri olduğum komitənin müavini və digər üzvləri bəzi məsələlər qaldırıb və təkliflər irəli sürüblər. Bunlar əsasən qanun layihəsinin Konstitusiyaya uyğunlaşdırılması ilə bağlı olub və onlar nəzərə alınıb".

Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, bir neçə təklif verib və onların bəzisi nəzərə alınıb: "Mən layihədəki 5.3 maddə ilə bağlı fikrimi bildirmək istərdim. Qanun layihələri hazırlananda İşçi Qrupunun üzvləri Konstitusiyanın əsas prinsiplərinə diqqət etməlidirlər. Konstitusiyanın 71.3-cü hissəsində 4 halda insan hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılması mümkündür. Bunlar fövqəladə hallar, müharibə, hərbi vəziyyət və səfərbərlik hallarıdır. Epidemiya olduğu təqdirdə mütləq fövqəlaədə vəziyyət elan edilməlidir. Bu da konstitusiyanın tələbidir. Bizdə epidemiya oldu, operativ qərargah yaradıldı. Amma bilinmədi ki, kim yaratdı, necə quruldu". Deputat Fazil Mustafa bildirib ki, onun da bəzi iradları nəzərə alınıb: "Ancaq qanun layihəsinin 12.2.9-cu maddəsində mücərrədləşməni götürməyi təklif edirəm. Burada insan hüquqlarının pozulması ilə bağlı ombudsman dövlət orqanları, bələdiyyədə çalışanları dəvət edərək tədbirlər görə biləcəyi qeyd olunur. Belə mücərrəd funksiyaları səlahiyyəti geniş olmayan ombudsmanın üzərinə qoyulması düzgün deyil".

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31