“Məhəmməd Mursi “saqqallı” Hüsnü Mübarəkdir” - FİKİR

“Çörəyə görə kartoçka sistemi tətbiq olunmağa başladı, korrupsiya “çiçəkləndi”...”

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov Misirdə baş verən hadisələrlə bağlı mövqeyini "Olaylar"a bildirərkən qeyd edib ki, 2011-ci il yanvar ayının 25-i Misir prezidenti Hüsnü Mübarəkin devrilməsi elə bir dövrə təsadüf edirdi ki, artıq onun diktaturası formalaşmışdı və xalqın vəziyyəti kritik həddə gəlib çatmışdı. Günahkar kimdir? Günahkar Hüsnü Mübarək idi və buna görə də onu devirdilər. Sonra 2012-ci ilin iyul ayında hakimiyyətə demokratik seçki yolu ilə Məhəmməd Mursi gəldi. Mursi seçkinin ikinci turunda 51.7% səs topladı, başqa sözlə seçicilərin 13.2 milyon nəfəri ona səs verdi. Nəticədə Misirin prezidenti seçildi. Politoloq hesab edir ki, Mursi 1 il müddətində xalqın ümidlərini doğrultmayıb: "Beləki ölkədəki iqtisadi böhran daha kritik vəziyyətə gəlib çatıb, xüsusilə də gənclər arasında işsizlik görünməmiş həddə qalxıb, iş o yerə gəlib çatıb ki, hətta ölkənin bəzi əyalətlərində çörəyə görə kartoçka sistemi tətbiq olunmağa başlayıb, bu ilin aprel ayından başlayaraq benzinə görə də kartoçka sistemi tətbiq olunub, korrupsiya daha da "çiçəklənib", ölkənin valyuta ehtiyatları iki dəfə azalıb, turizm sahəsinə də ciddi zərbə dəyib. Elə bu səbəblərə görə, Hüsnü Mübarəki hakimiyyətdən devirən xalq yeni prezidentin dövründə bu problemlərin daha da artdığının şahidi oldu".

Misir xalqının keçmiş prezident Hüsnü Mübarəki dünyəvi diktator adlandırdığını deyən politoloqun sözlərinə görə, Məhəmməd Mursinin atdığı bir sıra addımlar- onun 2012-ci ildə Konstitusiya bəyanatı ilə çıxış etməsi, Konstitusiyaya dəyişikliklər etməsi, öz səlahiyyətlərini xeyli genişləndirməsi, öz toxunulmazlığını təmin etməsi, məhkəmələrlə bağlı qanuna dəyişikliklər etməsi nəticəsində xalq Mursini dini diktator adlandırmağa başladı. Hətta onun haqqında belə bir fikir də söylədilər: "Məhəmməd Mursi saqqallı Hüsnü Mübarəkdir".

Mursinin ən böyük səhvi onda oldu ki, o bütün misirlilərin deyil, yalnız "Müsəlman Qardaşları" və ona yaxın qruplaşmaların prezidenti ola bildi

Elman Nəsirovun sözlərinə görə, Mursi yalnız onların "Müsəlman Qardaşları"nın mənafeyini qorudu. Ölkədə həddindən artıq islamlaşma prosesləri getdi. Bu vəziyyətdə də digər təbəqədən olan insanlar proseslərdən kənarda qaldılar və əsas təqib elementinə çevrildilər. Bu da Mursinin hakimiyyətini laxlatdı və iyun ayının 30-dan başlayaraq xalq etirazları kəskinləşməyə başladı.  Bu vəziyyətdə ordunun etirazlara müdaxilə etməsi labüdləşdi.

Elman Nəsirov hesab edir ki, ordu hadisələrə müdaxilə etməsəydi Misirdə vətəndaş müharibəsu başalya bilərdi:"Əks halda ölkədə vətəndaş müharibəsi reallaşa bilərdi. 22 milyon insan Məhəmməd Mursinin əleyhinə, 10 milyon insan isə onun lehinə imza toplayıb. Real vəziyyətdə 22 milyonla 10 milyon üz-üzə gələ bilərdi və fəlakət daha geniş miqyas ala bilərdi. Bu vəziyyətdə ordu prosesə müdaxilə etdi və hakimiyyətə gəldi. Onlar müvəqqəti olaraq konstitusiya məhkəməsinin sədrinə prezident səlahiyyətləri veriblər. Bir müdət sonra ölkədə yeni konstitusiyanın hazırlanması və prezident seçkilərinin keçirilməsi gözlənilir".

Politoloq Misirdə baş verən hadisələrin regiona təsrindən danışıb:"Mən hesab edirəm ki, Misirdə baş verən hadisələrin region üçün çox ciddi təsirləri ola bilər. Misirdəki hadisələr onu göstərdi ki, Misirdə islamçılar hakimiyyətə gəldi, ancaq onları liberallar, qeyri-islamçılar devirə bildilər. Baş verən hadisələr digər ərəb ölkələrində əks təsirə malik ola bilər. Digər ərəb ölkələrində də islamçılar devrilə bilər. Həmin ölkələrdə də "dinsizlər"in (İslamçılar islamı qəbul etməyəniləri "dinsizlər" adlandırırlar) mübarizəsinin yeni dalğaları başlaya bilər".

 

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00