“Qarabağı azad etmək və azad yaşamaq istəyiriksə...” - Əli Məsimli
“Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpasına dair xüsusi proqram hazırlanmalı və həyata keçirilməlidir”
8 İyul 2013 15:01 SiyasətATƏT-in Minsk Qrupunun uzun illər göstərdiyi fəaliyyətə baxmayaraq hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli qeyri-mümkün olaraq qalır. Elə bu səbəbdəndir ki, zaman-zaman bu missiyanın Minsk Qrupundan alınıb digər beynəlxalq təşkilata verilməsi, yaxud hərb yolu ilə işğal altında olan torpaqların geri qaytarılması kimi fikirlər səsləndirilir. Xüsusilə, keçən ay Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi ilə əlaqədar keçirilən hərbi paraddan sonra belə fikirlər daha da aktuallaşıb. İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin iqtisadi siyasət daimi komitəsinin üzvü, millət vəkili Əli Məsiminin sözlərinə görə, 20 ildən artıqdır ki, Rusiya və digər ölkələrin geosiyasi oyunları və beynəlxalq qurumların yarıtmaz fəaliyyəti ucbatından Azərbaycan XX əsrin sonu XXI əsrin əvvəllərinin ən böyük işğal faciəsini yaşamaqdadır: "Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər Azərbaycan üçün hər şeydən əvvəl böyük insan itkiləri və iztirabları ilə müşayiət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaradıb. Ermənistanın təcavüzünün nəticələrindən biri kimi Azərbaycan əhalisinin demoqrafik strukturunda ciddi problemlər yaranıb. İşğal nəticəsində Azərbaycana ciddi maddi ziyan da dəyib. Ermənistanın işğal etdiyi ərazilərdə 900-ə yaxın yaşayış məntəqəsi, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 131 minə yaxın ev, 1025 məktəb, 798 səhiyyə obyekti təcavüzün qurbanı olub. Bundan əlavə 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, 1200 km irriqasiya sistemi işğalçıların əlinə keçib". Əli Məsimli qeyd edir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində mədəni irsimizin dağıdılması xüsusi yer tutur: " Bunun nəticəsidir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni sərvətlərinə də böyük ziyan dəyib. Hesablamalara görə 927 kitabxana, 100-dən artıq arxeoloji abidə, həmçinin 454 tarixi abidə və muzey, 40 mindən artıq muzey eksponatı erməni təcavüzünün qurbanı olub. Ermənilər işğal etdiyi ərazilərdə bu qiymətli sərvətləri amansızcasına dağıdır, Ermənistana daşıyir, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vururlar. Artıq beynəlxalq səviyyəli mötəbər sənədlərdə və hesabatlarda acıqca göstərilir ki, ermənilər işğal edilmiş Azərbaycan ərazilərindən narkotik maddələrin yetişdirilməsi və tranziti üçün istifadə edir. Bu o deməkdir ki, narkotik maddələrin dövriyyəsindən əldə edilən pullar Azərbaycana qarşı yönəldilmiş təcavüzkar separatizmin maliyyələşdirilməsində mühüm rol oynayır. Ona görə də beynəlxalq təşkilatların bu məsələyə ciddi yanaşması tələb edilməlidir". Millət vəkili deyib ki, ilkin hesablamalara görə işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının 16 faizini itirib və ölkəyə 60 milyard dollardan artıq ziyan dəyib". Əli Məsimlinin sözlərinə görə, hazırda da işğal altındakı yaşayış məntəqələrindəki tikililərin xeyli hissəsi dağıdılır və tikinti materialı kimi Ermənistana daşınır: "İşğal zonasında qalmış faydalı qazıntıların istismarı ildən-ilə genişləndirilir. Bir sıra ölkələrin şirkətləri beynəlxalq konvensiyaların hamı tərəfindən gözlənilməli olan təməl prinsiplərini pozaraq bu talançılıqda iştirak edirlər. Kanadanın First Dynasty Mines (FDM) şirkəti işğal olunmuş Azərbaycan ərazisində Kəlbəcərin "Söyüdlü" qızıl yatağının istismarı ilə məşğuldur. Həmin yatağın qızıl ehtiyatları 40 tona qədər qiymətləndirilir. Yatağın 73 faizi, yəni orada olan qızılın 29,2 tonu işğal olunmuş Kəlbəcər ərazisinə düşür. Bir sıra mənbələrin verdiyi məlumatlara görə First Dynasty Mines (FDM) şirkəti "Söyüdlü" yatağından 2003-cü ildə 2 ton, 2004-cü ildə 2,5 ton, 2005-ci ildə 3 tondan, 2006-cı ildə isə 5 tondan artıq qızıl çıxarıb və sonrakı illərdə də həmin talançılıq davam etdirilib". Millət vəkili son illər Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti və silah təhcizatının artdığını və bunun da Azərbaycan cəmiyyətində işğal altında olan torpaqların azad ediləcəyi ümidi yaratdığını vurğulayıb: "Bir sıra təhlillər göstərir ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Azərbaycan gəncliyi də öz torpaqlarını işğaladan azad etməyə, digər bütün parametrlərinə görə hazırdır və Rusiya amili olmasa,qısa vaxt kəsiyində bunu həyata keçirə blər. Ona görə də bütün qüvvələr səfərbər olunmalı və ondan səmərəli istifadə olunması istiqamətində sistemli iş aparılmalıdır. Həmçinin son illər müdafiə xərclərinin artırılması istiqamətində görülən işlər davam etdirilməli, həmin vəsaitdən dünya standartları səviyyəsində səmərəli və məqsədyönlü istifadənin etibarlı mexanizmi yaradılmalı, ordunun maddi-texniki və maliyyə təminatı müasir tələblər səviyyəsinə çatdırılması işi sürətləndirilməlidir. Hərbi-sənaye kompleksinin inkişafını sürətləndirməkdən ötrü maddi-texniki, maliyyə, elmi-texniki, intellektual, təşkilati və stimullaşdırıcı tədbirlər,eləcə də hərbi qulluqçuların sosial müdafiəsi sahələrində həyata keçirilən tədbirlər gücləndirilməli və genişləndirilməlidir". Millət vəkili hesab edir ki, bununla paralel olaraq bir sıra mühüm tədbirlər də həyata keçirilməlidir: "Qarabağı azad etmək və azad yaşamaq istəyiriksə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpasına dair xüsusi proqram hazırlanmalı və həyata keçirilməlidir. Eyni zamanda bütün vasitələrdən istifadə edərək beynəlxalq ictimaiyyətə daha təsirli şəkildə çatdırılmalıdır ki, Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqazın Avropaya inteqrasiyasına mane olur, təkcə region üçün yox, bütün dünya üçün sülh və sabitliyə təhlükə yaradır. Diplomatik fəaliyyətin müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də məqsədyönlü iş aparılmalı və Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq müstəvisində haqlı olaraq öz xeyrimizə dəyişdirilməsinə və Ermənistanın Azərbaycana qarşı törətdiklərinin terror kimi qiymətləndirilməsinə nail olunmalıdır. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi məsələsində dünya azərbaycanlılarının aktiv mövqeyi ortaya qoyulmalıdır. Azərbaycanın dünyada sayı 450-yə çatan diaspor təşkilatlarının işi və qardaş Türkiyə diasporu ilə birgə fəaliyyəti gücləndirilməlidir. "Azərbaycan torpaqlarının işğalına son qoyulsun!" şüarı beynəlxalq tədbirlərdə və beynəlxalq təşkilatalarda səsləmdirilən əsas şüara şevrilməlidir".