Misirdə vətəndaş müharibəsi başlana bilər
Ərəstun Oruclu: ““Müsəlman Qardaşları”nın cəhdlərinə baxmayaraq Məhəmməd Mursini hakimiyyətə qaytarmaq mümkün olmayacaq”
8 İyul 2013 14:01 SiyasətMisirdə "Müsəlman Qardaşları" hərəkatı ötən gün davam edən iğtişaşlarda 34 tərəfdarının öldüyünü bildirib. Qeyd edək ki, təşkilat devrilmiş prezident Məhəmməd Mursi hakimiyyətə qayıdanadək müqavimət göstərməyə davam edəcəyini bəyan edib. Politoloq Ərəstun Oruclu hesab edir ki, "Müsəlman Qardaşları"nın cəhdlərinə baxmayaraq Məhəmməd Mursini hakimiyyətə qaytarmaq mümkün olmayacaq: "Misir ordusu ölkədə elə bir addım atıb ki, "Müsəlman Qardaşları"na geriyə yol qoymayıb. Bu mənada Mursinin yenidən prezident postuna qayıtması sıfra bərabərdir. Artıq qanuni yolla seçilmiş prezident ordu tərəfindən devrilib. Ən dəhşətlisi də odur ki, artıq ortaya qan düşüb. "Müsəlman Qardaşları" belə bir müqavimət təşkil etməklə qan tökülməsinə məqsədli şəkildə nail olmaq istəyirdi. Təşkilatın əldə etmək istədiyi nəticə bu yolla geriyə çəkilmək istəyinin olmamasını sübut etmək idi. Çünki, "Müsəlman Qardaşları" geriyə çəkilsə, cəmiyyət baş verənlərə görə onları mühakimə edə bilərdi. Ordu da geriyə çəkilsə eyni ittihamlarla üzləşəcək. Ortaya düşmüş qan məğlub üçün başının üzərində asılmış qılıncıdır. Bu mənada Misirdə vətəndaş qarşıdurması, hətta vətəndaş müharibəsi baş verə bilər. Amma böyük miqyasda olacağı inandırıcı deyil. Çünki, "Müsəlman Qardaşları"nın silah-sursatı və o qədər də maddi təchizatı yoxdur. Ordu Misirdə dövlət yaranan gündən daxili situasiyaya nəzarət edir. Yəqin ki, bundan sonra da həmin nəzarəti həyata keçirə biləcək". ("OLAYLAR" İA)