Prezident İlham Əliyev Azərbaycanın qərb bölgəsində səfərdədir - YENİLƏNİB - FOTO
6 İyul 2013 16:09 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşdü.
Rayon sakini Qalib Cəfərov Ağstafanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını çatdırdı.
Sonra xatirə şəkli çəkdirildi.
Qeyd edildi ki, Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2010-cu ilin dekabrında başlanılmışdır. Layihənin potensialı Ağstafa şəhəri, Xətai qəsəbəsi, Qaçaq Kərəm, Yenigün, Aşağı Kəsəmən və Aşağı Göycəli kəndlərini əhatə edir. Hazırda tikintisi başa çatdırılmış su mənbəyinin potensialı 18 min şəhər və 22 min kənd əhalisinin suya olan tələbatını tam ödəyəcəkdir. Bu da əlavə yaşayış məntəqələrinin sistemə qoşulmasına imkan verir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq etmişdir.
Prezident İlham Əliyev Ağstafa şəhər çirkab suların təmizlənmə qurğusunun maketinə baxdı.
Sonra dövlətimizin başçısı Ağstafaya suyun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Ağstafa Peyntbol və Atıcılıq Mərkəzində yaradılmış şəraitlə tanış olmuşdur.
Bildirildi ki, Ağstafa rayonunun Həsənsu çayı sahilində inşa olunan Peyntbol və Atıcılıq Mərkəzində inzibati bina, atıcılıq tirləri, atəş zonaları, təlim mərkəzləri inşa olunmuşdur. Ərazi abadlaşdırılmış, yaşıllıq salınmışdır. Burada müasir işıqlandırma sistemi qurulmuş, istirahət üçün hər cür şərait yaradılmışdır.
Qeyd edildi ki, mərkəzin yaradılmasına bu il başlanılmışdır. Binada silah və ov ləvazimatları mağazası, həkim məntəqəsi, silah seçimi və silah, təlimatçılar, paltar seçimi, xüsusi geyim otaqları və kafe vardır. Xüsusi memarlıq üslubunda inşa olunmuş binada havalandırma sistemi quraşdırılmışdır. Mərkəzdə müşahidə məntəqəsi, rayonda Olimpiya hərəkatının genişləndirilməsi və idmanın kütləviliyinin təmin edilməsi məqsədilə olimpiya idman növü olan stend atıcılığı və idman ovçuluq atıcılığı meydançası da tikilir. Peyntbol meydançasında süni maneə və taxta evlərin quraşdırılması başa çatmışdır.
Dövlətimizin başçısı iki komandanın döyüş təlimini, stend atıcılığı və idman ovçuluq atıcılığı məşqlərini izlədi.
Bildirildi ki, mərkəz həm də istirahət və əyləncə məkanı kimi fəaliyyət göstərəcəkdir. Burada idman silahlarından istifadə etməyin xüsusi qaydaları müəyyən edilmişdir. Mərkəz yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində və hərbi xidmətə hazırlıqlarında mühüm rol oynayacaqdır.
Məlumat verildi ki, atıcılıq idman növünün daha çox yayılmış olan və Olimpiya oyunlarına daxil edilən stend atıcılığının öyrədilməsinə də xüsusi yer ayrılmışdır. Mərkəzin ərazisində Olimpiya yarışlarında tətbiq olunan və bütün texniki inventarlarla təchiz edilmiş sahə də yaradılmışdır.
Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Ağstafada açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkı ilə tanış olmuşdur.
Məlumat verildi ki, Tarixi və Müasir Abidələr Parkında bu gün öz inkişaf dövrünü yaşayan Azərbaycanın coğrafi mövqeyi, tarixi abidələri sərgilənir. Məqsəd mədəniyyətimizi və tarixi abidələrimizi təbliğ etməklə yanaşı, Ağstafa şəhərinin simasına yeni memarlıq elementlərini daxil etməkdir.
Bildirildi ki, parkın tikintisinə 2012-ci ilin noyabrında başlanılmışdır. İnşaat işləri rayonun imkanları hesabına aparılmışdır. Ağstafa şəhərinin mərkəzində yerləşən parkın ərazisi 2,5 hektardır. Bu miniatür parkı Azərbaycanı əhatə edən dağ silsilələrini, çay və gölləri, təbiət mənzərələrini xəritə üzərində əks etdirir. Azərbaycanın ayrı-ayrı bölgələrində olan və xalqımızın tarixi keçmişini yaşadan tikililər, abidələr, saray və qala divarları, müqəddəs ziyarətgahlara aid türbə və məscidlər, müasir dövrə aid arxitektura nümunələri yüksək peşəkarlıqla yaradılmışdır. Parkın ərazisində Azərbaycanın məşhur tarixi şəxsiyyətlərinin xatirəsini əbədiləşdirən məqbərə və türbələr, dini-tarixi memarlıq abidələri, məscid və sarayların maketləri quraşdırılmışdır.
Böyük və Kiçik Qafqaz sıra dağları, Naxçıvanın məşhur dağ, qala və ziyarətgahları və digər infrastruktur obyektlərinin maketləri də onların sırasındadır. Burada, həmçinin Kür və Araz çayları, Göygöl və Batabat gölləri, əsas avtomobil və dəmir yolları, yol qovşağı və körpüləri də əksini tapmışdır. Müasir dövrdə Azərbaycanda inşa olunan və memarlıq üslubu ilə seçilən arxitektura nümunələrinin də parkın ərazisində təsvirləri yer almışdır. Parkın ətrafında uzunluğu 160 metr, eni 10 metr olmaqla Xəzər dənizinin təsviri yaradılmışdır. Ərazidə piyada keçidlərinə qranit döşənmiş, 5 min kvadratmetr yaşıllıq sahəsi salınmış, müasir işıqlandırma və suvarma sistemləri quraşdırılmışdır. Gecələr hər bir eksponatın ayrıca işıqlandırılması təmin edilmişdir. Məlumat lövhəsində hər bir eksponat haqqında Azərbaycan və ingilis dillərində informasiyalar yazılmışdır.
Prezident İlham Əliyev parkda yaradılmış şəraiti yüksək qiymətləndirdi.
-------
22:49
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində iyulun 5-də Ağstafa rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Ağstafa şəhərinin mərkəzindəki Heydər Parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoydu.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Prezidentinə Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq işləri barədə məlumat verdi. Bildirildi ki, parkda rayon sakinlərinin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır.
-------
22:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Qazaxda Ədəbiyyat Muzeyinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı Muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Azərbaycanda muzey işinin yaxşılaşdırılması xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli Sərəncamı milli mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılmasında mühüm keyfiyyət dəyişikliyinə təkan vermişdir. Respublikamızda muzey şəbəkəsinin inkişafı və muzey işinin hərtərəfli yaxşılaşdırılmasına Heydər Əliyev Fondu da əvəzsiz töhfələr bəxş edir.
Qazax şəhərinin Heydər Əliyev prospektindəki muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır. Bu muzey Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 iyun tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılmış 5 milyon manat vəsait hesabına tikilmişdir.
---------
21:07
AzərTAc xəbər verir ki, iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ümumi amallar naminə göstərdiyi uğurlu fəaliyyətində rayon təşkilatlarının rolu danılmazdır. Partiyanın rayon təşkilatlarının yeni inşa olunmuş inzibati binaları da müasirliyi ilə seçilir. Həmin binalarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır.
Bildirildi ki, son illər Qazax rayonunda çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binası da memarlıq üslubu və əməkdaşların səmərəli fəaliyyəti üçün yaradılmış şəraiti ilə seçilir.
Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Liderin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin partiya quruculuğu ilə bağlı fəaliyyətini əks etdirən fotostendlər quraşdırılmışdır.
Birinci mərtəbə ilə tanış olan Prezident İlham Əliyevə bildirildi ki, inzibati binanın inşasına 2013-cü ilin yanvarında başlanmışdır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 65 yerlik akt zalı, iş otaqları vardır. Binanın ikinci mərtəbəsində isə məşvərət otağı, 20 yerlik konfrans zalı, istirahət və kompyuter otaqları, arxiv yerləşir. Daxili sahəsi 378 kvadratmetr olan ikimərtəbəli binanın həyəti abadlasdırılmışdır.
Dövlətimizin başçısı binada yaradılmış şəraitdən razılığını bildirdi.
---------
20:59
AzərTAc xəbər verir ki, iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxda Uşaq Əyləncə Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətin uşaq siyasətinə hər zaman dəstək verən Heydər Əliyev Fondu da bu istiqamətdə vacib layihələr həyata keçirir. Bu sahə ilə bağlı müvafiq dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi davamlı xarakter almışdır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı şəkildə yenidən qurulur.
Azərbaycan Prezidenti Uşaq Əyləncə Mərkəzində yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, ətraf ərazidə abadlıq-quruculuq işləri aparılmış, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmışdır. Mərkəzin ərazisi 1,2 hektardır. Mərkəzin qarşısında sahəsi 1080 kvadratmetr olan süni göl yaradılmışdır ki, bu da binanın görünüşünə daha da gözəllik qatır. Mərkəzin tikinti sahəsi 400 kvadratmetrdir.
Bildirildi ki, Uşaq Əyləncə Mərkəzinin tikintisinə 2013-cü ilin yanvarında başlanmışdır. Burada istirahət edən uşaqlara 8 nəfərlik işçi heyət nəzarət edəcəkdir. Mərkəzdə uşaqların əylənmələri üçün bütün şərait yaradılmışdır. Mərkəzdə kompyuter zalı, inzibatçı otağı, oyun zalı, bufet-kafe, mətbəx və xidmət heyəti üçün otaqlar vardır.
Dövlətimizin başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi.
---------
20:57
AzərTAc xəbər verir ki, iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax-Quşçu Ayrım avtomobil yolunun inşası başa çatmış 15 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendə baxdı.
Məlumat verildi ki, Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayırıcıların tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması vüsət almışdır. Ölkəmizdə beynəlxalq və respublika səviyyəli yolların salınması ilə bağlı silsilə layihələr reallaşdırıldığından indi kənd yollarının çəkilişi ön plandadır. Qazaxda da kənd yollarının inşası və yenidən qurulması ilə bağlı silsilə tədbirlər reallaşdırılır.
Bildirildi ki, ümumi uzunluğu 27 kilometr olacaq bu yol öz başlanğıcını Bakı-Gürcüstan dövlət sərhədi magistralının 469-cu kilometrliyindən götürür. Yol rayonun 26 min əhalisinin yaşadığı 15 kəndini - Çaylı, Kommuna, Ürkməzli, Dəmirçilər, Daş Salahlı, Alpout, Aşağı Əskipara, Bağanis Ayrım, Yuxarı Əskipara və digər yaşayış məntəqələrindən keçir. İnşasına bu ilin mayında başlanmış və Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 6,9 milyon manat vəsait hesabına tikilmiş yolun 15 kilometri istismara hazırdır. Yolun qalan 12 kilometrlik hissəsi isə bu ilin sentyabrında istifadəyə veriləcəkdir.
Qeyd edildi ki, ikizolaqlı yolun torpaq yatağının eni 10-12, hərəkət zolağının hər birinin eni 3,5 metrdir. Qazaxda kənd yollarının inşası ilə bağlı digər tədbirlər də həyata keçirilir.
Yeni yolla tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
--------
19:21
AzərTAc xəbər verir ki, iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Akkord sement zavodunun tikintisi üzrə investisiya layihəsi uğurla reallaşdırılır. Bu müəssisənin inşasına 2010-cu ildə başlanmışdır.
Bildirildi ki, Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol çəkilmişdir. Bu yolun başlanğıcında quraşdırılan monitorlarda Ulu Öndərin həyat və fəaliyyəti, ölkənin iqtisadiyyatı və regionların inkişafı üçün həyata keçirdiyi ardıcıl tədbirləri əks etdirən videoçarxlar nümayiş etdirilir. Asfalt yolun kənarı ilə zavoda dəmir yolu və 110 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Bundan başqa su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunmuşdur.
Müəssisənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Burada orijinal layihə əsasında park salınmışdır. Bu istirahət məkanı müasirliyi ilə diqqəti çəkir. Zavodun ərazisində ümumi sahəsi 4 min kvadratmetrdən çox olan altımərtəbəli, 56 otaqlı, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz edilən 250 yerlik üçmərtəbəli yeməkxana inşa olunmuşdur. Ümumi sahəsi 3400 kvadratmetr olan 69 otaqlı, beşmərtəbəli inzibati binanın tikintisi də tamamlanmışdır. Hazırda ərazidə silsilə qurğular inşa edilir.
Sonra Prezident İlham Əliyev inzibati binada yaradılan şəraitlə tanış oldu. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi, o cümlədən regionların inkişafı ilə bağlı həyata keçirdikləri tədbirləri əks etdirən fotoguşə yaradılmışdır. İnzibati binada işçilərin normal fəaliyyəti üçün hər cür şərait vardır. Burada informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer verilmişdir. Dəhlizlərdə Azərbaycanın qədim tarixi, maddi-mədəniyyət abidələri barədə dolğun təəssürat yaradan incəsənət nümunələri də xoş ovqat doğurur.
Dövlətimizin başçısına mərkəzi nəzarət otağında müəssisə barədə ətraflı məlumat verildi. Buradakı stendlərdə zavodun texnoloji sxemi, tikinti üzrə investisiya layihəsi, baş plan və layihəyə aid digər məsələlər konkret əksini tapmışdır.
Müəssisənin maketi əsasında Prezident İlham Əliyevə bildirildi ki, gündəlik layihə gücü 2500 ton klinker və 1 milyon ton sement olan zavodun inşası iki mərhələdə aparılır. Birinci mərhələdə sement istehsalı xətti istifadəyə verilir. İkinci mərhələdə isə klinker istehsalı xəttinin tikinti-quraşdırma işlərinin başa çatdırılması nəzərdə tutulmuşdur. Bu ilin martında sement istehsalı xəttinin inşaat və quraşdırma işləri tamamlanmış, avadanlıq üzrə soyuq və isti sınaqlara başlanmışdır. Sınaqlar uğurla yekunlaşmışdır. Müəssisədə bir neçə markada sement istehsal olunacaqdır. Bununla əlaqədar uyğunluq sertifikatları alınmışdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılmışdır. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir.
Dövlətimizin başçına bildirildi ki, zavodun avtomatik idarəetmə sistemi "SİEMENS" firmasının mütəxəssisləri tərəfindən proqramlaşdırılmış və ən müasir avadanlıqla təchiz edilmişdir. Zavodun idarə edilməsi mərkəzi nəzarət otağından həyata keçirilir.
Prezident İlham Əliyev buradan istehsal xəttini işə saldı.
Qeyd olundu ki, zavodun klinker istehsalı bölməsində quraşdırma işləri proqram üzrə davam etdirilir. Bu il həmin istehsal xəttinin işə salınması nəzərdə tutulmuşdur. Müəssisənin ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılmışdır. Bu layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Gündəlik istehsal gücü 2500 ton klinker təşkil edəcək istehsal xətti üçün dağ-mədən, nəqliyyat və digər infrastrukturlarda çalışacaq 700 işçinin cəlb olunması nəzərdə tutulmuşdur. İşçilərin əksəriyyətini Qazax rayonunun və yaxın bölgələrin sakinləri təşkil edir.
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev zavodun kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı çıxış etdi.
Sonra AKKORD şirkətinin Direktorlar Şurasının sədri Xaqani Quluzadə və rayon sakini Məmməd Yusifov çıxış etdi.
Sonda xatirə şəkilləri çəkdirildi.
--------
18:21
AzərTAc xəbər verir ki, iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuza səfərini başa çatdıraraq Qazax rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov Prezident İlham Əliyevə məlumat verdi ki, abidənin yerləşdiyi 4 hektarlıq parkın yenidən qurulmasına 2012-ci ildə başlanmış, ərazinin yarısında bərpa işləri həmin il başa çatdırılmışdır. Qalan iki hektar sahə isə bu il abadlaşdırılmışdır. Burada sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılmışdır.
---------
16:55
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 14-də imzaladığı Sərəncama əsasən? Azərbaycan regionlarının, o cümlədən Şirvan şəhəri, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq Tovuz şəhərinə də içməli su xəttinin çəkilişi nəzərdə tutulurdu. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Ağstafa və Tovuz şəhərlərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihələrinin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə tapşırılmış və layihə-smeta sənədləri hazırlanaraq həmin ilin noyabr ayında "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən işlərin yerinə yetirilməsinə başlanmışdır. Layihələrin icrasına 2010-cu ilin dekabr ayında start verilmişdir. Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi rayon mərkəzi, Abulbəyli, Bozalqanlı, Aşağı Öysüzlü, Düz Cırdaxan, Cəlilli və Qazqulu kəndlərinin su tələbatını ödəyəcəkdir. Layihənin tələblərinə əsasən 16 min şəhər və 28 min kənd əhalisinin sutka ərzində su tələbatı tam ödənilməlidir. Bütövlükdə tikintinin başa çatdırılması ilə 20 min şəhər və 30 min kənd əhalisinin suya olan tələbatı tam ödəniləcəkdir. Mənbədən alınan suyun keyfiyyəti mövcud içməli su standartlarına tam uyğundur. Gələcəkdə Tovuzçay dəryaçasının tikintisinin başa çatdırılması ilə əlaqədar quyuların məhsuldarlığının artması da gözlənilir.
Dövlətimizin başçısına məlumat verildi ki, Tovuz şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işləri 3 mərhələdə aparılmışdır.
Birinci mərhələdə magistral boru xətti, su anbarları, xlorlama və digər struktur obyektlərinin tikintisi başa çatmışdır. Bu mərhələdə subartezian quyularından nasos stansiyasına qədər 1588 metr uzunluqda polietilen borulardan xətt, nasos stansiyasından su anbarları meydançasına qədər magistral su kəməri və su anbarlarından şəhər şəbəkəsinə qədər uzunluğu 3434 metr olan magistral su xətləri çəkilmişdir. Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, suya xlor vurma və laboratoriya binaları, hər birinin həcmi 2500 kubmetr olan yeni su anbarları tikilmişdir.
Azərbaycan Prezidentinə icra işlərinin ikinci mərhələsi barədə məlumat verildi. Bildirildi ki, bu mərhələdə hidrogeoloji və mühəndis-axtarış işlərinin nəticəsinə əsasən su mənbəyi olaraq Tovuzçayın məcrası boyunca Qazqulu kəndi zonasında 5 subartezian quyusu qazılmış, şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli "Su-kanal" İdarəsi üçün xidməti bina və istehsalat bazası tikilmişdir.
Layihənin icrasının üçüncü mərhələsində çirkab su təmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya şəbəkələri sisteminin potensialı Tovuz şəhərinin Əlimərdanlı, Abulbəyli və Bozalqanlı kəndlərini əhatə edir. Məhsuldarlığı gün ərzində 7 min kubmetr olan çirkabtəmizləyici qurğuya gələcəkdə əlavə yaşayış məntəqələrinin də qoşulması mümkün olacaqdır.
Prezident İlham Əliyev şəhərə çəkilmiş yeni su xəttinin açılışını bildirən düyməni basdı.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Qazax və Ağstafa rayonlarında da səfərdə olmuş, bir sıra istehsal və sosial obyektlərin açılışlarında da iştirak etmişdir.
--------
16:32
AzərTAc xəbər verir ki, iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial yönümlü siyasətin tərkib hissəsi olan insanların sağlamlığının qorunması dövlətimizin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Həyata keçirilən sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaхşılaşdırılmasına, ümumilikdə tibbi хidmətin beynəlxalq səviyyəyə çatmasına zəmin yaratmışdır. Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyev Fondu və qurumun prezidenti Mehriban Əliyevanın da fəaliyyətinin əsas istiqamətlərindəndir. Ötən illər ərzində Azərbaycan səhiyyəsinin uğurlarından biri də regionlarda vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində atılan addımlardır. Xüsusilə də müalicə diaqnostika mərkəzlərinin və digər səhiyyə obyektlərinin tikilib istifadəyə verilməsi regionlarda əhalinin müayinə və müalicəsinin lazımi səviyyədə təşkilinə əlverişli şərait yaradır. Böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə son illər dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Tovuzda Hemodializ Mərkəzinin tikilməsi bunu bir daha sübut edir.
Mərkəzlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, bu üçmərtəbəli səhiyyə ocağının tikintisinə 2008-ci il sentyabrın 24-də başlanmışdır. Mərkəzin təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Hemodializ Mərkəzinin inşaat işləri müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilmişdir.
Tibb ocağının foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə səhiyyə sisteminin inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət stend yaradılmışdır. Hemodializ Mərkəzində qəbul, hemodializ və diaqnostika şöbələri fəaliyyət göstərir.
Prezident İlham Əliyev hemodializ şöbəsi ilə tanış oldu.
Bildirildi ki, burada müasir tipli 20 hemodializ aparatı quraşdırılmışdır.
Diqqətə çatdırıldı ki, hazırda Azərbaycanda 2208 nəfər böyrək çatışmazlığından əziyyət çəkir. Onların hamısı dövlət vəsaiti hesabına müalicə alır, müvafiq dərman vasitələri ilə tam təmin olunurlar. Qərb bölgəsində böyrək çatışmazlığından əziyyət çəkən xəstələr Hemodializ Mərkəzinin xidmətindən istifadə edə biləcəklər. Ümumilikdə qərb bölgəsi üzrə 308 hemodializ xəstəsi vardır. Bu günədək Tovuz və Qazax rayonlarından olan xəstələr Gəncədəki Hemodializ Mərkəzinin xidmətindən istifadə edirdilər. Yeni Mərkəzin fəaliyyətə başlamasından sonra artıq bu bölgədən olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin hemodializ seansları qəbul etmək üçün respublikanın digər regionlarına və Bakıya getmələrinə ehtiyac olmayacaqdır.
Məlumat verildi ki, Tovuz Hemodializ Mərkəzində iki növbədə təqribən 160 xəstə dializ olunacaqdır. Mərkəzin müasir şəraitlə təmin edilməsi, ilk növbədə, burada tibbi müayinə və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkan yaradır. Bu tibb ocağının istifadəyə verilməsi həm də ölkəmizdə səhiyyə sisteminin ən müasir səviyyəyə çatdırılması istiqamətində dövlət tərəfindən görülən tədbirlərin növbəti uğurudur. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycanda səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır.
Mərkəzlə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:
- Bu gün yenə Tovuzdayam, çox şadam, sizinlə bərabər olmağımdan çox məmnunam. Keçən il də görüşmüşdük. Son illər ərzində bir neçə dəfə Tovuza gəlmişəm və bu gün də gözəl açılışlar, gözəl tədbirlər keçirilir. Əlbəttə, onların içində bu Diaqnostika və Hemodializ Mərkəzi xüsusi yer tutur.
Yadımdadır, bu mərkəzin təməl daşını bərabər qoymuşduq və şadam ki, indi gözəl bir tibb ocağı yaradılıbdır. Bütün şərait vardır. Bunun adı Hemodializ Mərkəzidir, amma əslində burada həm diaqnostika, həm müalicə, eyni zamanda, cərrahiyyə üçün imkanlar vardır. Böyük bir tibb mərkəzidir və hesab edirəm ki, vətəndaşlar bu mərkəzdən səmərəli şəkildə istifadə etməlidirlər. Əlbəttə ki, ilk növbədə, profilaktik tədbirlər görülməlidir. Diaqnostika müalicənin aparılması üçün başlıca şərtdir. Mən bütün tibb ocaqlarının açılışlarında qeyd edirəm və bir daha deyirəm, gərək vətəndaşlar vaxtlı-vaxtında müayinədən keçsinlər ki, öz sağlamlıqlarını qoruya bilsinlər.
İnsan amili bizim siyasətimizin prioritetidir. Bu mərkəzlərin açılması da onu göstərir ki, çox güclü sosial siyasət aparılır. Bu diaqnostika və müalicə mərkəzlərinin tikintisi indi geniş vüsət almışdır. Son 10 il ərzində Azərbaycanda 500-dən çox tibb mərkəzi tikilmişdir və demək olar ki, bütün bölgələrdə keyfiyyətli tibbi xidmət almaq üçün indi imkan vardır. Avadanlıq ən müasir standartlara cavab verir, memarlıq baxımından bütün xəstəxanalar çox gözəldir, çox genişdir, rahatdır və demək olar ki, indi elə bölgə yoxdur ki, orada müasir tibb ocağı olmasın. Məhz qarşıya belə məqsəd qoyulmuşdur ki, hər bir yaşayış məntəqəsində, böyük şəhərlərdə, rayon mərkəzlərində keyfiyyətli tibbi xidmət olmalıdır. Mən şadam ki, artıq Tovuzda da bu mərkəz yaradılır və insanların sərəncamına verilir.
Deyə bilərəm ki, son illər bütövlükdə səhiyyə sahəsində nəticələr yaxşıdır. Bunu həm biz deyirik, həm də beynəlxalq qurumlar və onların arasında dünya miqyasında bu məsələlərlə məşğul olan Dünya Səhiyyə Təşkilatı bunu qeyd edir. Keçən il Bakıda keçirilmiş Avropa Konfransında qeyd olundu ki, Azərbaycanda səhiyyə sahəsində böyük irəliləyiş əldə edilmişdir. Bunu statistik göstəricilər də təsdiqləyir. Səhiyyə sisteminin səmərəliliyini göstərən bir neçə meyar vardır. Onların arasında insanların ömrünün uzunluğu, - Azərbaycanda bu istiqamətdə irəliləyiş vardır, - artır, uşaq ölümü isə azalır. Uşaq ölümü bizdə bütün dövrlərdə böyük problem idi. Bu gün də o problem hələ ki, lazımi səviyyədə həll olunmur. Hələ ki, biz inkişaf etmiş ölkələrdən bir az geridəyik. Ancaq hesab edirəm ki, belə mərkəzlərin yaradılması və digər tədbirlərin görülməsi nəticəsində biz bu sahədə də dünyanın aparıcı ölkələrinin səviyyəsinə qalxmalıyıq və digər göstəricilər deməyə əsas verir ki, səhiyyə sisteminin təkmilləşməsində yaxşı nəticələr vardır.
Amma hələ ki, bu sahə bizi tam qane edə bilməz. Əlbəttə ki, biz çalışırıq müasir mərkəzlər tikilsin, avadanlıq alınır, böyük vəsait xərclənir. Ancaq bəzi hallarda xidmətlərin keyfiyyəti bizi qane etmir və bu məsələlər üzərində daha da çox işləməliyik.
Burada göstəriləcək xidmət əminəm ki, yüksək səviyyədə olmalıdır. Yaxın zamanlarda bu mərkəz fəaliyyətə başlayacaqdır. İndi fəaliyyətə başlamaq üçün bütün imkanlar vardır. Burada yaxşı həkim heyəti formalaşmalıdır ki, Tovuz rayonunun sakinlərinə yaxşı xidmətlər göstərilsin. İnsanın sağlamlığı üçün lazım olan amillər bəllidir. İlk növbədə, diaqnostika və müalicə vaxtında aparılmalıdır, eyni zamanda, əlbəttə ki, ətraf mühit yaxşı vəziyyətdə olmalıdır. Bu baxımdan Tovuzda heç bir problem yoxdur, ekoloji vəziyyət burada yaxşıdır. İçməli su mütləq təmiz olmalıdır və bu gün biz Tovuzda içməli su layihəsinin istismara verilməsini qeyd edəcəyik. Bu da hesab edirəm ki, böyük hadisədir. Ondan sonra əlbəttə ki, keyfiyyətli qida olmalıdır. Biz bu məsələyə də diqqət yetiririk. Müvafiq orqanlar istehlak bazarındakı vəziyyəti müşahidə edir, nəzarət edirlər. Hesab edirəm ki, bu istiqamətdə də irəliləyiş vardır. Digər amillər də öz rolunu oynayır. Onların arasında idman da çox vacib məsələdir. Tovuzda artıq neçə ildir ki, idman mərkəzi vardır. Yəni bütün bu amillər insanların sağlamlığını təmin edir və eyni zamanda, maddi rifah məsələləri. Son illər ərzində biz Azərbaycanda bütün bu istiqamətlər üzrə yaxşı dinamikanı görürük. Nəinki Tovuzda, istənilən bölgədə, bütün bu istiqamətlər üzrə bizim siyasətimiz aparılır. Bu ilin sonunda regionların sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramı başa çatır və proqramda nəzərdə tutulmuş bütün məsələlər artıqlaması ilə öz həllini tapır.
Gələcək planlarımızla bağlı da bizim kifayət qədər dəqiq fikirlərimiz vardır. Gələcək illərdə Azərbaycan əlbəttə ki, bundan da sürətlə inkişaf etməlidir və edəcəkdir. Bütün infrastruktur layihələri yaxın gələcəkdə başa çatmalıdır. Deyə bilərəm ki, Tovuzda da bu istiqamət üzrə işlər yaxşı gedir. Bu gün buraya gəlməzdən əvvəl biz yeni kəndləri birləşdirən yolun açılışında da iştirak etdik. Bu, Tovuz rayonunda icra edilən ikinci böyük layihədir. Birinci layihəni biz keçən il başa vurduq. İndi ikinci layihə. Beləliklə, 80-ə yaxın kəndi birləşdirən bu yollar artıq istismara verilir. Yol inkişaf, həyat və rahatlıq deməkdir. Onu da qeyd etmək istəyirəm ki, bütün bu layihələr sırf sosial xarakter daşıyır. Bu layihələrin heç biri kommersiya xarakteri daşımır. Bu layihələrə qoyulan investisiyalar insan kapitalına qoyulan investisiyalardır. Bax, bu mərkəz, içməli su layihəsi, kənd yollarının inşası, Olimpiya Kompleksi, məktəb tikintisi Tovuzda geniş vüsət almışdır. Bütün bu layihələr insanlar üçündür, ölkəmiz üçündür, sizin üçündür və dövlətin borcudur ki, bu siyasəti aparsın. Azərbaycanda bu istiqamət üzrə çox ciddi siyasət aparılır. Dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bu, sadəcə xoş sözlər deyil, bizim bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığı, təhlükəsizliyi, rifahı və rahatlığı dayanır.
Mən hər dəfə belə açılışlarda olarkən çox sevinirəm və eyni zamanda, düşünürəm ki, biz daha nə etməliyik, əlavə nə etməliyik. Keçən dəfə Tovuzda olarkən mən icra başçısından, sonra deputatlardan soruşdum əlavə nə etməliyik?! Onlar kənd yolu layihəsini verdilər, indi onu da icra edirik. İndi sizdən soruşmaq istəyirəm ki, biz əlavə nə etməliyik ki, burada işlər daha da yaxşı getsin. İndi yəqin ki bu məsələlərlə bağlı sizin fikirləriniz vardır.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq ZEYNALOV: Daha yaxşı işləməliyik, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Əlbəttə, hər kəs yaxşı işləməlidir, hər kəs öz vəzifə borcunu yerinə yetirməlidir - vətəndaşlar, icra nümayəndələri, digər fəallar. Çünki bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan daha da güclü dövlətə çevrilsin və bütün işlər Azərbaycanda yüksək səviyyədə aparılsın.
X X X
Azərbaycanın tərəqqisinə, xalqın firavanlığına, həmçinin Tovuzun inkişafına göstərdiyi diqqət və qayğıya görə tovuzluların ən xoş arzularını Prezident İlham Əliyevə çatdıran rayon ictimaiyyətinin nümayəndəsi Aybəniz DƏMİROVA dedi:
- Möhtərəm cənab Prezident,
İcazə verin, sizi rayonumuzun ictimaiyyəti adından, o cümlədən səhiyyə işçiləri adından salamlayım, rayonumuza "Xoş gəlmisiniz" deyim. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, bu gün açılışına yığışdığımız bu müəssisə Sizin Tovuz rayonuna növbəti böyük töhfənizdir. Bütün bunlara görə biz Sizə səmimi minnətdarlığımızı bildirmək istəyirik. Sizin doğma Azərbaycanımıza rəhbərlik etdiyiniz bu 10 ildə ölkəmizin siması köklü surətdə dəyişmişdir. Kəndlərimiz, şəhərlərimiz tanınmaz dərəcədə gözəlləşib. Bununla bərabər, insanlarımızın da həyat səviyyəsi, həyat şəraiti, onların ictimai-siyasi həyata baxışları da tamamilə dəyişmişdir.
Bu gün ölkəmizin bütün bölgələri kimi, Tovuz rayonu da gündən-günə inkişaf edir. Bu qısa müddət ərzində Tovuz rayonunda çoxsaylı təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilmiş, parklar salınmış, geniş yollar çəkilmişdir. Bütün bunların hamısı Azərbaycanın çiçəklənməsini göstərir. Bu gün açılışına yığışdığımız bu mərkəz öz gözəlliyi ilə şəhərimizə xüsusi yaraşıq verməklə yanaşı, əhalimizin sağlamlığına xidmət göstərəcəkdir. Bu mərkəz ən müasir avadanlıqla təchiz olunmuşdur. Bu mərkəzdə tibbi heyətin fəaliyyəti üçün bütün şərait yaradılmışdır. Mərkəz hemodializ və perinatal şöbələrindən, laboratoriyalardan, rentgen-diaqnostika kabinetlərindən və digər otaqlardan ibarətdir. İki il əvvəl istifadəyə verilmiş 80 çarpayılıq Tovuz Rayon Mərkəzi Xəstəxanası və bugünkü istifadəyə verilən bu mərkəz bizə imkan yaradacaqdır ki, Sizin göstərişlərinizi həyata keçirək, insanlara daha yaxşı, yüksək keyfiyyətli tibbi xidmət göstərək.
Cənab Prezident, 2008-ci il sentyabrın 14-də Siz Tovuz ictimaiyyətinin nümayəndələri ilə görüşünüzdə demişdiniz ki, rayondakı infrastruktur obyektlərinin, xidmətin səhiyyə və təhsil ocaqlarının səviyyəsi dünya ölkələrinin səviyyəsində olmalıdır, Azərbaycan vətəndaşları gözəl şəraitdə yaşamalıdırlar, yaxşı iş yerlərində işləməlidirlər, onlar üçün yaxşı iş yerləri olmalıdır, uşaqlarımız yaxşı məktəblərdə oxumalıdır, əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilməlidir. Artıq Sizin dedikləriniz bu gün öz təsdiqini tapmışdır. Biz bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Bir həkim kimi bildirmək istəyirəm ki, Siz həmişə əhalinin sağlamlığı ilə bağlı sahələrin inkişafına xüsusi diqqət yetirirsiniz. Bu gün Tovuz rayonunda su-kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına Sizin xeyir-duanızla başlanması rayonumuz üçün xüsusi əhəmiyyətə malik tarixi hadisədir. Buna görə biz Sizə minnətdarlığımızı bildiririk.
Bu layihənin həyata keçirilməsi nəticəsində insanlarımız ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqlar və rayonumuzda antisanitariya hallarının, infeksion xəstəliklərin yayılmasının qarşısı alınacaqdır. Biz bunları görürük, bunları yüksək qiymətləndiririk. Buna görə Sizə yenə də öz dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Bu gün əhalinin sağlamlığı naminə görülən işlər gələcək nəslin sağlamlığına göstərilən qayğıdır.
Möhtərəm Prezident, biz canlı şahidik ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Siz son 10 ildə Azərbaycanı, xalqımızı yorulmaz fəaliyyətiniz, mətin iradənizlə daim xoşbəxt gələcəyə doğru aparırsınız və bunu hər bir azərbaycanlı öz həyatında hiss edir. Onlar əmindirlər ki, bütün arzularını Siz reallaşdıracaqsınız, Siz gerçəkləşdirəcəksiniz. Biz həmişə Sizinləyik, Sizin siyasətinizi dəstəkləyirik. Azərbaycanın bu günü, gələcəyi Sizinlədir. Həmişə Sizin yanınızdayıq. Allah Sizi qorusun.
X X X
Prezident İlham ƏLİYEV: Siz 2008-ci ili yada saldınız. Doğrudan da o vaxt mən belə ifadələr işlədirdim ki, hər şey dünya səviyyəsində olmalıdır. Amma iş burasındadır ki, son beş il ərzində dünya standartları bir qədər aşağı düşdü, Azərbaycan standartları qalxdı.
Belə mərkəzlər deyə bilərəm ki, hər bir inkişaf etmiş ölkə üçün bir nümunə olmalıdır. Hesab edirəm ki, belə də vardır. Çünki mən dünyanın müxtəlif yerlərində olmuşam. Əlbəttə ki, vəziyyətlə tanış olmuşam. Deyə bilərəm ki, belə yaraşıqlı, gözəl, o cümlədən memarlıq baxımından gözəl tibb mərkəzləri heç də hər bir ölkədə tikilmir. Azərbaycanda dövlət nəzarətində olan bütün obyektlər böyük zövqlə, ustalıqla tikilir. Eyni zamanda, bu obyektlər şəhərləri gözəlləşdirir. Bax bu mərkəz də öz memarlığı ilə seçilir. Burada və bütünlükdə bizim tibb ocaqlarında yaradılan şərait, alınan avadanlıqlar ən müasir standartlara cavab verir. Çünki mən həmişə deyirəm ki, ən yaxşı şərait bizdə olmalıdır. Azərbaycan vətəndaşı yaşadığı bölgədən asılı olmayaraq ən gözəl xidmətə malik olmalıdır. Ona görə bizdə tikilən məktəblər elə bil ki, saraydır. Bizdə tikilən xəstəxanalar da, həmçinin çəkilən yollar, digər obyektlər də yüksək səviyyədədir. Son bir neçə il ərzində mən daha çox Azərbaycan standartları haqqında danışıram. Əgər biz dünyada gedən proseslərə siyasi, iqtisadi hadisələrə nəzər salsaq, görərik ki, doğrudan da Azərbaycan standartları bu gün bir çox ölkələr üçün nümunə olmalıdır. Bizdə olan sabitlik, inkişaf, hətta böhranlı illərdə yaşanan tərəqqi deyə bilərəm ki, heç bir yerdə yoxdur. Azərbaycanda mövcud olan sabitlik, ictimai asayiş - bütün bunlar reallıqlardır. Biz Azərbaycan vətəndaşları bu reallıqlara öyrəşmişik. Ancaq heç də hər yerdə belə deyildir. İndi biz televizordan, başqa informasiya mənbələrindən görürük ki, nə qədər böyük problemlər yaşanır dünyanın istənilən yerində. Bütün qitələrdə çox ağır hadisələr baş verir. Azərbaycan elə bil ki, bir inkişaf, sabitlik, həmrəylik adasıdır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda aparılan işlər xalq tərəfindən nəinki dəstəklənir, eyni zamanda, xalq bilavasitə bu işlərin iştirakçısıdır. Görülən bütün işlər bir məqsədi güdür ki, Azərbaycanın maraqları müdafiə olunsun, qorunsun, daha da yaxşı şərait yaradılsın, maddi rifah artsın, ölkəmiz dövlət müstəqilliyini qorusun, möhkəmləndirsin və bölgədəki mövqelərini daha da gücləndirsin.
Hesab edirəm ki, son illər ərzində biz böyük dərəcədə bu hədəflərə çata bilmişik. Bu hədəflər hələ 2003-cü ildə qarşıya qoyulmuşdur. Son 10 il ərzindəki işlər hesab edirəm ki, təqdirə layiqdir. Ancaq bunu əlbəttə ki, siz qiymətləndirməlisiniz. Mən sadəcə olaraq çalışıram və çalışacağam ki, sizə - yəni Azərbaycan vətəndaşlarına xidmət edim. Görəndə ki, hansısa gözəl bir nəticə əldə olunur, əlbəttə, mən də sizin qədər buna sevinirəm. Sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
---------
16:17
AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Tovuz rayonuna səfəri çərçivəsində Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Prezident İlham Əliyevin 2012-ci il 9 aprel tarixli sərəncamına uyğun olaraq Qovlar qəsəbəsinə şəhər statusu verilmilşdir. Şəhərin Azadlıq prospekti və Vağzal küçəsi asfalt-betonla örtülmüş, ayırıcı zolaq salınmış, yeni müasir işıqlandırma sistemi quraşdırılmışdır. Prospektin kənarında təbii qaya daşlarından və üzlük tavalardan istifadə olunmaqla dekorativ hasar inşa edilmişdir. Qovlar şəhərinin Vağzal və Şəhriyar küçələrində ictimai binaların, ticarət və xidmət obyektlərinin fasadları müasirləşdirilmiş və yeni layihələr əsasında obyektlər tikilmişdir.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, sahəsi 5 hektar olan Qovlar şəhər mədəniyyət və istirahət parkında istinad divarları tikilmiş və bəzədilmişdir. Səkilərə 1000 kvadratmetrdən artıq tamet və 620 kvadratmetr qranit döşənmişdir. Parkda yeni layihə əsasında inşa edilmiş fəvvarə istirahət məkanına əlavə gözəllik verir. Burada Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsini əbədiləşdirən memorial kompleks daha uyğun yerdə bərpa edilərək ətrafı abadlaşdırılmışdır. İşıqlandırma və suvarma sistemlərinin yenidən qurulduğu parkda qazonlar salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Uşaqların istirahətinin səmərəli təşkili məqsədi ilə attraksionlar və digər əyləncə qurğuları quraşdırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev parkda görülmüş işləri yüksək qiymətləndirdi.
X X X
AzərTAc xəbər verir ki, iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı yolun texniki göstəricilərini, əvvəlki və hazırkı vəziyyətini, eləcə də rayonda görülmüş tikinti-quruculuq işlərini, həmçinin Gənclər Evinin layihəsini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, Prezident İlham Əliyevin "Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2012-ci il 1 may tarixli sərəncamına əsasən, 40 min nəfərin yaşadığı 35 məntəqəni birləşdirən Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisi məqsədilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılmışdır.
Bildirildi ki, ümumi uzunluğu 51 kilometr olan Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisinə 2012-ci ilin oktyabrında başlanmışdır. Sonrakı dövrdə həmin yolun tikintisi davam etdirilərək başa çatdırılması üçün daha 11,5 milyon manat vəsait ayrılmışdır. Yenidənqurma işləri zamanı yol yatağına on minlərlə kubmetr torpaq, qum-çınqıl qarışığı yayılmış, 330 min kvadratmetr asfalt-beton örtük salınmışdır.
Qeyd olundu ki, layihə çərçivəsində Əhmədabad kəndi ərazisində Zəyəm çayı üzərində uzunluğu 62 metr olan üçaşırımlı körpü də tikilmişdir. Bundan başqa, yol boyunca xeyli sayda su keçidləri tikilmiş və təmir olunmuşdur.
Rayonun sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolundan qonşu Gədəbəy rayonunun sakinləri də istifadə edirlər. Yeni yolun turizmin və bütövlükdə rayonun iqtisadiyyatının inkişafı baxımından müstəsna əhəmiyyəti vardır. Belə ki, əlverişli iqlim şəraitinə, təbii meşə örtüyünə və sərin bulaqlarına görə yay mövsümündə əraziyə gələn turistlərin sayı yolun yenidən qurulmasından sonra bir neçə dəfə artmışdır. Gələcəkdə turistlərə yeni xidmətlərin göstərilməsi üçün müvafiq işlər görülür.
Yolun yenidən qurulması layihəsi çərçivəsində yolboyu yaşayış məntəqələrinin girişi və daxili yollarında da xeyli işlər aparılmışdır.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirdi.
----------
15:55
AzərTAc xəbər verir ki, iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi Heydər Əliyev parkında görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır.