“Seçkiöncəsi vəziyyəti stabil qiymətləndirə bilərik”
Rufiz Qonaqov: “Azərbaycanın rəsmi dövlət strukturları da bəyan edirlər ki, prezident seçkilərinin demokratik qaydada keçirilməsi üçün tam şərait yaradılacaq və bundan heç kim narahat olmasın”
6 İyul 2013 14:03 SiyasətQeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqovun "OLAYLAR"-a müsahibəsi
-Rufiz bəy, Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının prezident seçkiləri ilə bağlı qarşıdakı yeni fəaliyyət istiqamətləri nədən ibarətdir?
-Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansı olaraq prezident seçkilərinə az bir vaxt qalması ilə əlaqədar növbəti seçki monitorinqinə hazırlaşırıq. Bu monitorinq bölgələrdə siyasi partiyaların rayon-şəhər təşkilatlarının gücünü müəyyənləşdirmək, eyni zamanda prezidentliyə namizədlərlə bağlı mərhələ olacaq. Bu mərhələdə prezidentliyə namizədlər və partiyaların rayon-şəhər təşkilatlarındakı vəziyyət, onların fəaliyyəti monitorinq ediləcək. Artıq bu istiqamətdə işlər yekunlaşıb və yəqin ki, yaxın günlərdə QHT Əməkdaşlıq Alyansının həmsədrləri olaraq kütləvi informasiya vasitələri üçün brifinq keçirəcəyik.
-Monitorinq konkret hansı dövrü əhatə edəcək?
-Monitorinq seçkiqabağı dövrü əhatə edəcək. Yəni, prezident seçkiləri kampaniyasına rəsmən start verildiyi tarixə, avqustun 17-dək davam edəcək. Monitorinqimiz məhz bu dövrə qədərki mərhələni nəzərdə tutur. Sonra isə konkret seçki günü də daxil olmaqla seçki marafonu ilə bağlı monitorinq başlanacaq.
-Bəs Alyans olaraq hazırkı seçkiqabağı durumu necə qiymətləndirirsiniz?
-Biz prezident seçkiləri ilə bağlı hazırkı situasiyanı normal qiymətləndiririk. Artıq həm müxalifət partiyalarının, həm də iqtidar partiyasının konkret namizədlərinin adları açıqlanıb. Eyni zamanda müxtəlif ictimai təşkilatların da prezidentliyə namizədləri var. Ona görə də hesab edirəm ki, hələlik hər şey qaydasındadır və proseslər normal şəkildə gedir. Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansı olaraq hələlik biz hansısa gərginlik hiss etmirik. Buna rəğmən müxalifətin bir neçə partiyasının birləşməsi və vahid namizəd irəli sürməsi, eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının namizədinin müəyyən edilməsi artıq onu göstərir ki, prezident seçkiləri həqiqətən də gərgin bir şəraitdə keçəcək.
-Alyans olaraq seçki günü müşahidə aparmağı da düşünürsünüz? Bu məqsədlə müşahidəçilərin seçilməsi prosesinə başlanılıbmı?
-Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Alyansı olaraq seçki günü də seçki prosesini monitorinq etmək niyyətindəyik. Biz bütün gücümüzlə çalışacağıq ki, bölgələrdə də daxil olmaqla həmin gün seçki dairələri və seçki məntəqələrində exit-poll keçirək. Dərhal da seçki qutuları bağlanan kimi biz ilkin nəticələri elan etmək niyyətindəyik. Əgər Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansı səviyyəsində exit-poll keçiriləcəksə əminliklə deyirəm ki, tam obyektiv olacaq. Hətta monitorinqin, exit-polun necə keçirilməsini bütün jurnalistlər izləyə biləcək.
-QHT Əməkdaşlıq Alyansı müvafiq strukturlarla razılaşdırılmış şəkildə xarici ölkələrdən səsvermə prosesini izləmək üçün müşahidəçi dəvət edə bilərmi?
-Bəli, belə bir niyyətimiz var. Alyans olaraq bu barədə müəyyən beynəlxalq qurum və təşkilatlarla məsləhətləşmə aparırıq. Yəqin ki, yaxın vaxtlarda bununla bağlı açıqlama verəcəyik ki, hansı təşkilatlardan müşahidəçi dəvət etmək istəyirik. Hazırda bununla bağlı müvafiq yazışmalarımız gedir.
-İlin əvvəlində seçkiyə hazırlıq istiqamətində bir gərginlik müşahidə edilsə də, hazırda sabit vəziyyət hökm sürür və həmin gərginlik bir qədər azalıb. Sizcə bu nə ilə əlaqədardı?
-Həqiqətən də seçkiyə bir xeyli müddət qalmış ölkədə müəyyən proseslər, hadisələr baş verirdi. Bu gün isə seçki prosesləri çox normal qaydada, öz axarı ilə gedir. Hər halda cəmiyyətin, siyasi partiyaların özündə bir aydınlaşma yaranıb. Artıq müxalifət düşərgəsinin bir hissəsi öz vahid namizədini irəli sürüb. Eyni zamanda Yeni Azərbaycan Partiyası öz namizədini müəyyən edib. Həmçinin digər qurumlar da seçkidə iştirak və namizədini müəyyən etməyə çalışır. Bütün bunlar onu deməyə əsas verir ki, artıq vəziyyət normallaşdıqca qeyd etdiyimiz gərginliklər də aradan qalxır. Digər tərəfdən əhalini narahat edən müəyyən problemlərlə bağlı da dövlətin müəyyən addımları oldu. Belə ki, müvafiq dövlət qurumlarının rəhbərləri bölgələrə ezam olunaraq vətəndaşlarla görüşür, onları narahat edən problemləri yerindəcə həll edirlər. Həmçinin Azərbaycandakı vəziyyətə təsir edə biləcək xarici qüvvələrin də bu məsələlərə təsiri vardı. Ola bilsin ki, bu təsir də müəyyən qədər azaldı. Bu baxımdan hesab edirəm ki, hazırda ölkədəkiseçkiöncəsi vəziyyəti stabil qiymətləndirə bilərik. Azərbaycanın rəsmi dövlət strukturları da bəyan edirlər ki, prezident seçkilərinin demokratik qaydada keçirilməsi üçün tam şərait yaradılacaq və bundan heç kim narahat olmasın. Düşünürəm ki, qeyd etdiyim bu amillər vəziyyətin bir qədər stabilləşməsinə təsir göstərib. Hesab edirəm ki, bu proses davam edəcək.
-Seçicilərin maarifləndirilməsi də Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının fəaliyyət istiqamətlərinə daxildir?
-Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının işi daha çox monitorinqlə bağlıdır. Eyni zamanda yəqin ki, biz seçicilərə seçki günü məntəqələr gəlib səs vermələrinin vacib olduğunu çatdıracağıq. Ancaq Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Alyansı daha çox monitorinqlə məşğul olacaq. Paralel olaraq fürsət yarandıqca keçirdiyimiz görüşlərdə Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansı maarifləndirmə istiqamətində də işlər aparacaq.
Süleyman İsmayılbəyli.