“Mursinin devrilməsi İsrail və ABŞ-ın layihəsidir” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Misir prezidenti İsrailə problemlər yaradırdı”
4 İyul 2013 18:34 Siyasət"Mursinin devrilməsi birmənalı şəkildə İsrail və ABŞ-ın layihəsidir. Türkiyədə heç nə əldə edə bilməyən ABŞ ərəb dünyasının yeganə lideri olan Misiri itirmək istəmirdi. Mursi hakimiyyətə gələndən sonra daha çox Fələstin Azadlıq Təşkilatını dəstəklədi. Eyni zamanda Misir İsrailə müəyyən problemlər yaratmağa başladı". Misirdə baş verən son hadisələrə münasibət bildirən politoloq Cümşüd Nuriyev belə deyib. C.Nuriyev hesab edir ki, Mursinin hakimiyyətdə olması İsrailin maraqlarına uyğun gəlmirdi: "Diqqət etsək görərik ki, Mursini də əvəz edən müsəlman deyil, xristian əsillidir. Müsəlaman Qardaşları hakimiyyətə gələndən sonra ABŞ səhv etdiyini başa düşdü. Baxmayaraq ki, Mursini MOSSAD və FTB-də dəstəkləmişdi. Amma Misir prezidenti bütün bu qüvvələri aldada bildi. Mursi ABŞ və İsraildən çox Türkiyə modelinə üstünlük verdi. Türkiyəyə üstünlüyün verilməsi ərəb dünyasında yeni inqilab dalğasının başlanması demək idi. Ona görə də ABŞ Baradeyini ortaya saldı. Baradeyi də uzun müddət MAQATE-nin sədri olub, eyni zamanda o, xristian əsillidir. Bu dəfə ABŞ məqsədyönlü şəkildə xristianların əli ilə Mursini devirdi. Amma Misirdə seçiləcək prezident yenə də müsəlman olacaq. Bu dəfəki dövlət başına daha loyal, Tunis və Liviyadakı kimi Amerikada təhsil almış namizəd keçəcək. ABŞ və İsrail bu dəfə daha dəqiq və ehtiyatlı olmağa çalışacaq. Yaxın Şərqdə baş verən proseslərdə müsəlmanların kütləvi şəkildə öldürülməsi layihəsini Vatikan hazırlayıb. Müsəlmanların artması katolik kilsəsini narahat edir. Çünki, 2025-ci ildə dünya əhalisinin 35%-ni müsəlmanlar təşkil edəcək. Hal-hazırda bu rəqəm 23%-dir. Bu gözləntilər Vatikan, İsrail və ABŞ-ı narahat edir. Belə olacağı təqdirdə müsəlmanların sayı xristianları 1.5 dəfə ötəcək. Həmin prosesin qarşısını bu cür yollarla alırlar. Tunis, Liviya, Misir, İraq və Suriyada cərəyan edən hadisələrin hamısı müsəlmanların məhv edilməsinə xidmət edir. ABŞ bu yolla İslam, Türk və Ərəb dünyasına nəzarəti ələ keçirməyə çalışır. Misirdə baş verən son hadisələri də ancaq bu şəkildə dəyərləndirmək olar. Mursinin hakimiyyət başına keçdikdən qısa müddət sonra devirləcəy gözlənilən deyildi. Mursi də 1 il ərzində gəldi, getdi, başqa da heç nə edə bilmədi". ("OLAYLAR İA")