Mursi Ərbakanın taleyini yaşadı - KÖŞƏ

Gec-tez Misir cəmiyyəti öz Ərdoğanını ortaya çıxaracaq

Elman Cəfərli



Misirdə baş verən hadisələr qanuni seçilmiş prezident Məhəmməd Mursinin devrilməsi ilə başa çatdı. İslamçı prezidentin islahatları ölkənin dünyəvi, xristian kəsiminin etirazına səbəb oldu. Bu etirazlara ordu da dəstək verdi və nəticədə Mursi hakimiyyətdən uzaqlaşdırıldı. Hətta qanuni prezidentin həbs edildiyi xəbərləri yayılıb. Öncəki yazılarda Məhəmməd Mursinin idarəetmədə xətalar buraxdığını yazmışdıq. Bəli, islamçı prezident (sosial şəbəkələrdə qərəzkarlıqla "Müsəlman Qardaşlar" vəhabi kimi təqdim olunur. Bu, yanlışdı. Mursi və onun təşkilatı ənənəvi sünni məzhəbini təmsil edir) Mursi ölkəni birdən-birə islam qaydaları ilə idarə etməyə qalxmamalı idi. Bu onun əsas yanlışıdır. Məhəmməd Mursinin əsas xətalarından biri də onun zamanı qabaqlaması, zamanı yetişməmiş islahatlara başlaması oldu. Misir prezidenti islamçı Türkiyə hakimiyyətinin yolunu getmək istədi. Əslində doğru yol da bu idi. Amma bir nüans nəzərdən qaçırıldı ki, Ərdoğan 2002-ci ildə hakimiyyətə gəlib. Hələ də Türkiyədə mülki hakimiyyətin normal işləməsinə mane olan hərbi elita ilə savaş vəziyyətindədir. Ərdoğan keçmiş NATO dəstəkçiləri olan hərbçilərin yaratdığı gizli təşkilatları xeyli dərəcədə zərərsizləşdirib. Onların əksəriyyəti həbsə atılıb. Bununla belə Türkiyə Silahlı Qüvvələrinin səlahiyyətlərini məhdudlaşdırmaq tam şəkildə mümkün olmayıb. Gəzi Parkı olayları göstərdi ki, Ərdoğan hökumətinin gediləsi hələ uzun yolu var. Misir prezidenti mənəvi dayağı Ərdoğanın başına gələnlərdən dərs almalı idi. Mursi birinci prezidentlik müddətini generalitetlə barış şəraitində başa vurmalı, ordunun mülki hakimiyyət üçün zərərsizləşdirilməsini tədricən həyata keçirməli idi. Mursi tələsdi və generallar da fürsəti boşa vermədilər.
İstənilən halda Misirdə baş verənlər dövlət çevrilişidir. Azərbaycanın millət vəkili Fazil Mustafa Mursini prezidentliyinin birinci ilində hərbi qiyamla devrilmiş Əbülfəz Elçibəyə bənzədib. Ümumi oxşarlıqlar var. Hər iki prezident apardığı islahatlarının qurbanı oldu. Millətçi Elçibəyi Rusiyaya bağlı hərbçilər, islamçı Mursini ABŞ-a, İsrailə bağlı ateist generallar devirdi. Hər iki prezident siyasi təcrübəsizliyin zərərini gördü. Amma Mursinin bir əsas üstünlüyü var ki, özü məğlub olsa da, mənsub olduğu xətt uduzmadı. Mursi faktiki olaraq qiyamla devrilmiş prezidentdir. O seçkini uduzmayıb. Misirdə islamçı xətt güclüdür və gec-tez qalib gələcək. Bu baxımdan Mursi daha çox Türkiyənin ilk islamçı baş naziri, hərbçilərin təzyiqi ilə istefa vermiş Nəcməddin Ərbakanın aqibətini yaşadı. Ərbakan istefa verdi, amma Türkiyədə siyasi islam mğlub olmadı, daha da gücləndi. Və 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının (AKP) timsalında meydana çıxdı. Parlament seçkilərini böyük səs çoxluğu ilə qazandı, təkbaşına hökumət qurdu. Bu gün AKP lideri Ərdoğan artıq prezident respublikasına keçid layihəsini həyata keçirib dövlət başçısı olmağa hazırlaşır. Misir də bu yolu keçəcək. Hərbçilərin zəfəri müvəqqətidir. Yaxın vaxtlarda siyasi islam yenidən toparlanıb ortaya öz Ərdoğanını çıxaracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00