“Misir xalqı Mursini bağışlamaq istədi, amma bacarmadı” - AÇIQLAMA
Razi Nurullayev: “Əhalinin 97%-i yoxsuldur, Misirdə cəmi 3% zəngin təbəqə var, 40-45% misirli isə gündəlik 2 dollardan da az məbləğə yaşamağa məcburdur”
4 İyul 2013 15:05 Siyasət"Misir uzun müddət diktator rejimi tərəfindən idarə olunan dövlət olub. Ölkənin bütün siyasi, ictimai, iqtisadi və mədəni təchizatlarının hamısı diktatura rejimi dövründə yaradılmış strukturdur. Məhəmməd Mursi 1 ilin ərzində onu dəyişib misirlilərin gözləntilərinə cavab verə bilməzdi". Misir prezidenti Məhəmməd Mursinin devrilməsinə münasibət bildirən AXCP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev belə deyib. R.Nurullayev qeyd etdi ki, Hüsnü Mübarək hakimiyyətdən gedən vaxt - 2011-ci ilin fevral ayında artıq 800 nəfər həlak olub. Təbii ki, nahaq tökülən qan xalq tərəfindən unudulmayıb. Misir cəmiyyəti düşünür ki, o 800 nəfər qurban veribsə, daha yaxşı yaşamağa, yaxşı demokratiyaya haqqı çatır. Sədr müavini hesab edir ki, Məhəmməd Mursi isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədi. Bir sıra məsələlərdə öz səlahiyyətlərini artırmağa çalışdı, müxalifətlə ciddi danışıqlara getmək istəmədi. Bəzən də xalqın tələblərini qulaqardına vurdu, bu da misirlilər tərəfindən bağışlanılmadı: "Bunun nəticəsində Mursini devirdilər. Digər tərəfdən Mursi prezident seçiləndən sonra Türkiyədə olduğu kimi ordunun səlahiyyətini azaltmaq istədi. Silahlı Qüvvələrin strukturlarında dəyişikliklər etdi, hərbi vəzifəli şəxslərin bir çoxunu səbəbsiz yerə istefaya göndərdi, yerdəyişmələr etdi. Bu da ordu tərəfindən isti münasibətlə qarşılanmamışdı. Son olaraq Mursi atdığı səhv addımların cəzasını çəkir. Mursi Misirdə demokratik seçkilərlə seçilən ilk, dövlətin isə 5-ci prezidenti idi. Əlbəttə ki, bu cür hadisələr region üçün yaxşı resident yaratmır. Qeyd etmək lazımdır ki, Mursinin hakimiyyəti dönəmində Misirdə işsziliyin səviyyəsi artdı. Hal-hazırda ölkə iqtisadiyyatı çökmüş vəziyyətdədir. Əhalinin 97%-i yoxsuldur, Misirdə cəmi 3% zəngin təbəqə var. 40-45% misirli isə gündəlik 2 dollardan da az məbləğə yaşamağa məcburdur. Misirin 84 milyondan çox əhalisi var, bunun da 3 milyondan çoxu ekspert kimi müxtəlif ölkələrdə çalışırlar. Təkcə onlar 2011-ci ildə xaricdən Misirə 26 milyard dollar pul köçürüblər. Artıq Misirdə insanların normal yaşaması üçün o qədər də münbit şərait qalmayıb. Turizm sənayesi də çöküb. Mursi hakimiyyətdə olduğu dövr ərzində iqtisadi nailiyyətlərə nail ola bilmədi. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Bunun nəticəsində Mursi demokratik yolla seçilmiş prezident olsa da, onun getməyi o qədər xoş olmasa da Misir xalqı səhvlərini ona bağışlamadı və onu devirməyə məcbur oldu". ("OLAYLAR" İA)