“O papaqdan danışmıram”

- Ahhh, müsyö siz necə də yaraşıqlı, alicənab və səmimisiniz.

- Bağışlayın, madumazel, mən çox təəssüf edirəm ki, sizin üçün bu xoş sözlərdən deyə bilməyəcəyəm.

- Eyib etməz, siz də mənim kimi yalan danışa bilərsiniz. (lətifə)

                                 ***

Başı "uçan boşqab" kimi dəyirmi, üzü beşinci mərtəbədən yıxılandan sonra qulaqlarının yuxarısı banan yarpağı kimi əyilən, danışanda ağzı lavaş kimi yayılan, çölə çıxmış gözləri yarıyadək - oğurluğa gedən adam kimi bərələn təsiri bağışlayan adamların özündən razı danışmağını başa düşmək olmur. Yazıq Rita.

Hər peşədə, xüsusilə də siyasətdə "ütülənmiş sifətlər"ə tez-tez rast gəlmək mümkündür. Müəyyən işləri aşırmaq üçün daxili zibillik üzərində yaradılan "gözəl sima" hər bir insanı göstərən aynadır. Buna görə həmin üz tamam başqa işə alət olanda o əslində onun həqiqətən də "meşin üzlük"dən hazırlandığını görmək o qədər də çətin deyil. Həmin an o qibtəedici yox, nifrətə səbəb olan cədvəl meydana çıxarır. Riya ilə cilalanmış üzlər müəyyən müddət müvəfəqiyyətə imza ata bilirlər. Ancaq elementar bir səbəbə görə pərdə qalxanda səhnədə ət yeməyə həris yırtıcı sima görünür. Akademik mədəni səviyyəsi olmasına baxmayaraq həmin sifət sahibi mənfəət düşüncəsinə görə fahişəliyə belə əl ata bilər. Adətən o çoxüzlü sifətləri ilə özünü adam yerinə qoymağa çalışır. Öz bacarıq və imkanları ilə nəticə əldə edə bilməyəndə, ayaq altı qazıb yüksəlir, başqalarının üzünə açılan qapıları bağlayır. O, yüksəlmək və istədiyini qazanmaq üçün təhqir etdiyi adamın qapısına gedə bilir. Ona görə də çox vaxt belələri xalq tərəfindən yüksək dəyər kimi qəbul edilmirlər. İnsanlar buna köynək kimi üz dəyişmək deyirlər. Şəxsi mənfəəti üçün hamının getdiyi relsdən çıxa bilir. Ətrafını da buna inandırır. İkiüzlülüyü ilə insanları razı saldığına inanır, amma başa düşmür ki, ondan razı olan bir nəfər varsa da, bu onun özüdür. Təhqir etdiyi, sifətləri qırışdıqca "ütülənmiş", firon, tiran kimi qələmə verdiyi insanlarla "dost ünsiyyəti"nə girməyi bacarır, silik şəxsiyyətinə qiymət qazandırmaq üçün firon dediyi şəxslərin qarşısında qul kimi dayana bilir. Lazım olanda səviyyəsiz insan cildini də işə salır. Qeyri-sabit təbiətinə və zəhərli sancmasına görə təhlükəlidir, hər zaman yaxın ətrafından kompliment qəbul etməyi çox sevir. Siyasətdə təcil qazanmaq üçün qarşısındakına yalandan irişə bilir. Yuxarıda sadalanan parametrlərə cavab verən həmin üzü hər gün televiziya ekranında, nə bilim küçədə, hətta yüksək tribunalarda çıxış edərkən görə bilərik. Ümumiyyətlə özünə hörmət etməyən adamın insanlara verəcəyi bir qəpklik xeyri ola bilməz. Yoxsa ki, Ermənistanın dövlət başçısı Serj Sərkisyan deyir ki, qondarma "erməni soyqırımı"nın Türkiyə tərəfindən tanınmasını gələcək nəsillərə buraxmayacaq. Serj həmin parametrlərlə iddia edir ki, Dağlıq Qarabağ "Avropanın və Avropa cəmiyyətinin bir parçası"dır. Sərkisyan Azərbaycanın silahlandığını, öz ölkəsinin isə "sülh üçün çalışdığını" deyir. Bir tərəfdən Qərbə Avropa İttifaqına inteqrasiyaya söz verən Sərkisyan bu dəfə Moskvaya zəng edərək Vladimir Putinə Ermənistanın Gömrük İttifaqına qoşulacağına inandırır. Ay səni, şıltaq!

***

"- Mənə bax, başıva papaq qoyursan?

- Bəli, qoyuram. Hərdən şlyapa da qoyuram. Başımın razmeri də 59-dur.
- 59... Başıvın razmerini demirəm, deyirəm, yəni qeyrətün var sənün? O papaqdan danışıram". ("Yol əhvalatı" filmindən)

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00