Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupunun tam heyətinin toplantısı çağrılmalıdır - MÖVQE
Rasim Musabəyov: “Bu istiqamətdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən razılaşmalar əldə oluna bilər”
3 İyul 2013 15:53 SiyasətAzərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti İstanbul sessiyasında yeni təşəbbüslə çıxış edib. Deputatlar hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün ATƏT-in Minsk konfransı çağırılmalıdır. Söhbət ATƏT-in Minsk qrupunun tam tərkibdə toplaşmasından gedir. Məsələyə münasibət bildirən millət vəkili Rasim Musabəyovun sözlərinə görə ATƏT-in Minsk konfransının çağrılması Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsilə bağlı düzgün qərar hesab edilməlidir: "Qrupun tam təkibdə heyətinin çağrılması mümkündür. Bu isə ATƏT-in tam tərkibdə konfransı demək deyil. Hələ 1992-ci ildə Praqada Azərbaycan prezidentinin müşaviri kimi ATƏT-in Dağlıq Qarabağ münaqişəsilə bağlı ilkin müzakirələrində iştirak etmişəm. Həmin toplantıda nəzərə alındı ki, məsələ ilə əlaqədar Minsk konfransı çağırılsın və Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə bağlı qərar verilsin. Hal-hazırda da Minsk konfransının tərkibi bəllidir. Həmin konfransın tam tərkibdə çağrılması düzgün addım hesab edilməlidir. Hesab edirəm ki, bu istiqamətdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən razılaşmalar əldə oluna bilər". ("OLAYLAR" İA)