“Sovet tipli oliqarxa siyasət ağırlıq etdi, ona görə də gedir” - AÇIQLAMA

Ərəstun Oruclu: “Azərbaycan kimi Gürcüstanın təbii müttəfiqi olan bir dövlətə qarşı bu adam ən müxtəlif, ən ziddiyyətli bəyanatlar verməklə dövlətlər arasında etimadsızlıq yaratmağa nail oldu”

Gürcüstanın Baş naziri Bidzina İvanişvili prezident seçkilərindən sonra istefaya getmək niyyətində olduğunu təsdiqləyib. Politoloq Ərəstun Oruclu hesab edir ki, İvanişvili siyasətçi deyil, o sadəcə olaraq Gürcüstana gəlir mənbəyi kimi baxırdı. Ərəstun Oruclunun sözlərinə görə baş nazir sovet tipli oliqarxdır: "İvanişvili düşünürdü ki, Gürcüstanı tamamilə ələ keçirəcək və şəxsi kapitalı kimi idarə edəcək. Amma Gürcüstan kifayət qədər zəif infrastrukturu olan və faktiki olaraq dotasiyaya ehtiyacı olan ölkədir. Təkcə Saakaşvilinin hakimiyyətdə olduğu 10 il ərzində xarici investorların Gürcüstana yatırdığı pulların həcmi 16 milyard dollar olub. Demək ki, İvanişvilinin burada qazanmaq imkanları o qədər də ağlabatan deyil. Digər tərəfdən isə kənardan baxan adama siyasət çox asan gəlir. Bidzina İvanişvili də baş nazir olanadək heç vaxt siyasətlə məşğul olmayıb. O, bir qədər maddi vəsaitlərindən istifadə edərək müxalifəti birləşdirdi, Saakaşvilinin əleyhinə koalisiya yaratdı və hakimiyyətə gəldi. Amma sonradan İvanişvili başa düşdü ki, siyasətdə situasiya tamam başqadır. Siyasətdə həm işləmək, həm də onu bir az da bilmək lazımdır. İndi də onun geriyə yolu olmadığı üçün Saakaşvili ilə sonacan döyüşüb prezidenti sıradan çıxarıb getmək istəyir. İvanişvili nəinki ABŞ və Rusiya kimi güclər arasında manevr etməyi bacarmır, hətta o qonşu dövlətlərlə də normal münasibət qura bilmədi. Azərbaycan kimi Gürcüstanın təbii müttəfiqi olan bir dövlətə qarşı bu adam ən müxtəlif, ən ziddiyyətli bəyanatlar verməklə dövlətlər arasında etimadsızlıq yaratmağa nail oldu". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00