“Daxili və xarici qüvvələr Misiri bölüşdürmək istəyirlər”
Elxan Mehdiyev: “Mursi hakimiyyət başına keçdikdən sonra isə 50 il Misiri idarə edənlər “Müsəlman Qardaşları”nın idarəçilik ənənəsini qəbul etmədilər”
2 İyul 2013 15:28 SiyasətMisirdə "Ərəb baharı"nın ikinci dalğası başlayıb. Prezident Məhəmməd Mursinin istefası tələbi ilə keçirilən aksiyalarda 17 milyona qədər insan iştirak edib. Hadisələrdə 17 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb. Məsələyə münasibət bildirən politoloq Elxan Mehdiyev bildirib ki, Mübarəkin devrilməsindən sonra Misirdə dərin proseslər inkişaf etməyə başladı: "Hal-hazırda burada islamçı qüvvələr hakimiyyətdədir. Misir uzun illər dünyəvi dövlət statusunda olsa da həmin İslam qüvvələrinin də idərçilikdə təsiri böyük olub. Lakin islamçı qüvvələr hakimiyyətə gələndən sonra 50 illik idarəçilik ənənəsinə böyük zərbə vuruldu. Həmin ənənənin 30 ili Hüsnü Mübarəkin payına düşür. Mursi hakimiyyət başına keçdikdən sonra isə 50 il Misiri idarə edənlər "Müsəlman Qardaşları"nın idarəçilik ənənəsini qəbul etmədilər. İndi həmin qüvvələr Mursini devirib hakimiyyətə gəlmək niyyəti güdürlər. Mursi də hakimiyyətə gəldikdən sonra ölkədə demokratik prinsiplərə məhdudiyyətlər qoymağa, Misiri şəriət qanunları əsasında idarə etməyə çalışdı. Hətta Mursi Misirdə 9 yaşlı qızların ərə getməsini qanuniləşdirən fikirlər də səsləndirdi. Prezidentin bu cür fikirləri isə açıq şəkildə xalqın narazılığına səbəb olur. Hal-hazırda daxili və kənar qüvvələr arasında Misirin bölüşdürülməsi prosesi gedir. Misirdə proseslər getdikcə təhlükəli məcraya yönəlir". ("OLAYLAR" İA)