Ermənistan Qarabağı Azərbaycana qaytarmaq istəyir - REGİON
Putin hökumətinin isə Ermənistana satdığı qazın qiymətini 65% artırması həmin qüvvələri bir qədər sakitləşdirdi
2 İyul 2013 14:30 SiyasətDizayn xüsusiyyətinə görə böyük ekoloji fəlakət riski daşıyan və "İkinci Çernobıl" adlandırılan Metsamor Nüvə Stansiyası uzun müddət bağlı qaldıqdan sonra 1996-cı ildən fəaliyyətdədir. Avropa İttifaqı, "G-8" ölkələri, MAQATE, ABŞ və digər beynəlxalq təşkilatların səylərinə baxmayaraq Ermənistan rəhbərliyi stansiyanın bağlamayacağını bildirir. Metsamorun 2003-cü ildə Rusiyaya təhvil verilməsindən sonra stansiyanı bağlanması haqqında söhbətlərə birdəfəlik son qoyuldu. Ermənistan rəhbərliyinin Metsamordan imtina etməməsinin əsl səbəbi ölkənin regionda yerləşdiyi coğrafi cəhət və hakimiyyətin apardığı xarici siyasətilə bağlıdır. SSRİ parçalanandan sonra İrəvanın yürütdüyü xarici siyasət Ermənistanı yerləşdiyi region və dünyadan təcrid edib. Ona görə də ölkənin qida, təbii qaz və neft istehlakının hamısı idxalata əsaslanır. Cənubi Qafqaz dövlətlərilə bağlı Sərkisyan hakimiyyətinin sərgilədiyi ikili siyasət Ermənistanın Rusiyadan asılılığına səbəb olub. Azərbaycan və Gürcüstandan fərqli olaraq Ermənistan Rusiyadan olan asılılığını azaltmaq üçün xarici siyasətində diversifikasiyaya meyl etmir. Bölgədəki varlığını qorumaq üçün Rusiya 1991-94-cü illər aralığında tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağı işğal edərək Ermənistana verdi. Digər tərəfdən Rusiya Cənubi Qafqazda əsaslı şəkildə möhkəmlənmək üçün Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan separatçı ermənilərin rəsmi Tbilisidən muxtariyyət tələb etməsini də dəstəklədi. Kremlin əl atdığı sonuncu addım isə Ermənistanın bölgədə mərkəzi mövqedə qalmasını rəsmiləşdirdi. Kremlin Cənubi Qafqazda ssenariləşdirdiyi plan əslində ermənilərin "Böyük Ermənistan" ideologiyasına uyğun gəldiyindən onlar Rusiyanın pionu olmaq qərarına üstünlük verdilər. Bunun məntiqi nəticəsi kimi Azərbaycan və Türkiyənin Ermənistana tətbiq etdikləri siyasi və iqtisadi sanksiyalar dövləti faktiki olaraq dünyadan təcrid vəziyyətinə saldı. Bu özünü Ermənistanın tamamilə Rusiyadan olan hərbi, siyasi, mədəni, enerji və iqtisadi asılılıqlarında göstərir. SSRİ parçalanandan sonra Ermənistan qaza olan tələbatının 80%-ni Azərbaycan və Türkmənistanın hesabına ödəyirdi. SSRİ-nin parçalanması, Rusiyanın tədricən uzaq düşməsi, 1989-cu il zəlzələsindən sonra Metsamorun bağlanması, Kremlin Dağlıq Qarabağı ermənilərin adına işğal etməsindən sonra Türkiyə və Azərbaycanın tətbiq etdiyi embarqolar Ermənistan iqtisadiyyatı üçün ən ağır zərbə oldu. Sözsüz ki, 90-cı illərdən başlayaraq Ermənistanın əsas sıxıntısı enerji ilə bağlıdır. 1994-cü ildən sonra genişlənməyə başlanan enerji böhranı Ermənistan iqtisadiyyatına və sosial bazasına mənfi təsir göstərdi. Nəticədə enerji qiymətlərinin artmasına görə bir çox müəssisələr tamamilə bağlandı. Bu gün də Ermənistanın böyük əksəriyyətinə təbii qazın verilməsi dayandırılıb, əhali odun, kerosin və elektrik cərəyanı kimi alternativ enerji mənbələrindən istifadə edir. Evlərə gündə 1-3 saat arasında dəyişən nisbətlərdə elektrik verilir, digər tərəfdən ölkənin elektrik istehlakı əvvəlki illərə nəzərən 5 dəfə aşağı düşüb. İşsizliyin, ərzaq və nəqliyyat qiymətlərinin artması ermənilərin başqa dövlətlərə üz tutmasına səbəb olur. Ermənistanın təbii ehtiyatlar baxımından olduqca yoxsul, əsas güc mənbəyi insan, ölkəni tərk edənlərin böyük qisiminin aktiv əhaliyə mənsub ixtisaslı kadrların olduğunu nəzərə alsaq, demək ki, dövlətin vəziyyəti heç də yaxşı deyil. Enerji böhranı Ermənistanda ekoloji problemlərin ortaya çıxmasına səbəb olur. Meşələrin sürətlə məhv edilməsi, torpaqların yararsız hala düşməsi Ermənistanın infrastrukturunu tamamilə dağıdıb məhv edir. Xarici siyasətindəki uğursuzluqların ortaya çıxardığı enerji böhranına görə Ermənistanın Rusiyaya 2 milyard dollar borcu var. Bu isə dövlətin xarici borcunun az qala 50%-nə bərabərdir. Ermənistanın Rusiyaya olan borcu dövlət gəlirlərindən çoxdur. Ölkənin əsas enerji stansiyaları "Mars", "Xrazdan" (25 milyon dollar) xarici borcun müəyyən hissəsinin silinməsinə görə Rusiyaya verilib. Ermənistanın ən böyük enerji istehsalı müəssisəsi olan Metsamor da 40 milyon dollar borcun silinməsi üçün Rusiyanın "Rus UES" ("Russian Unified Electric Systems", yaxud "YeES Rossii") şirkətinə satılıb. "Xrazdan" və Metsamor Ermənistanın elektrik tələbatının 80%-ni təmin edir. 90-cı illərin əvvəllərindən başlayan enerji təbii ehtiyatlar baxımından kasıb olan Ermənistanda sosial partlayışa səbəb olur. Rəsmi İrəvan sırf enerji və təbii ehtiyatlar mədudluğuna görə Ermənistan və bütün bölgə üçün təhlükə mənbəyi sayılan Metsamor Nüvə Stansiyasından əl çəkə bilmir. Metsamorun bağlanması isə Ermənistanın 40%-nin işıqsız qalması deməkdir. Nüvə stansiyasının reaktorunun təhdidinə isə daha çox Azərbaycan və Türkiyə qalır. Metsamorun reaktorunun soyudulmasında istifadə edilən zəhərli maddələrlə zəngin olan ağır su Araz çayına axıdılır. Stansiyanın əsas nüvə tullantıları işğal altında olan Dağlıq Qarabağ ərazisinə tökülür. Metsamor bölgədə radioaktivliyinin artmasına səbəb olur. Stansiyanın ən çox ziyan vurduğu ölkə isə Türkiyədir. Metsamor Türkiyədən cəmi 13 km aralıda yerləşir. Türkiyədə son zamanlarda bitkilərin quruması, heyvanlar arasında şikəst doğumların artması, xərçəng xəstəliyinin yayılması, ölü doğulan uşaqların sayının çoxalması hallarına tez-tez rast gəlinir. Lakin bunun üçün bütün beynəlxalq qurumların reaksiyalarına baxmayaraq Ermənistan rəhbərliyi açıq şəkildə Rusiyanın təkidilə stansiyanı bağlamaqdan imtina edir. Məsələdə diqqəti çəkən əsas məsələ isə Ermənistanın Avropa Şurasına üzv olması ilə bağlıdır. Ermənistanın Avropa Şurasına üzvlük şərtləri arasında Metsamorun 2004-cü ilə qədər bağlanması da var idi. Amma Ermənistan AŞ-a üzv olandan sonra - 2003-cü ildə Metsamoru Rusiyaya təhvil verdi. Bu isə Ermənistan rəhbərliyinin ikili standartlara cavab verən ən sadə siyasi gedişi idi. Rəhbərlik bununla açıq şəkildə stansiyanın bütün məsuliyyətini boynundan atdı. Rusiya isə Ermənistan adından Metsamoru bağlamaqdan imtina etdi. Digər tərəfdən isə ölkənin elektrik enerjisinə olan tələbatının 40%-ni ödəyən Metsamorun bağlanması heç də Ermənistanın lehinə olan amil deyil. Çünki, bölgədə apardığı məntiqsiz siyasətə görə Ermənistan Azərbaycan kimi enerji təminatının bütün növlərilə zəngin olduğu ölkəni itirib. Son zamanlarda daxildə Rusiya əleyhinə yaranmış qüvvələr Sərkisyan hakimiyyətini Qərbə inteqrasiya yoluna çəkməyə çalışdılar. Putin hökumətinin isə Ermənistana satdığı qazın qiymətini 65% artırması həmin qüvvələri bir qədər sakitləşdirdi. Bu isə onu göstərir ki, Ermənistan rəhbərliyi hər nə qədər çalışsa da hələ uzun illər Rusiyadan yaxa qurtara bilməyəcək. Vəziyyətdən çıxış yolu təkcə rəhbərliyin öhtəliyində olsa, Ermənistan bu saat Qarabağı Azərbaycana qaytarar. Son zamanlarda Ermənistan hakimiyyət dairələri tərəfindən Qarabağın Azərbaycana qaytarılması barədə açıqlamaları bu barədə nikbin fikirlər səsləndirməyə əsas verir. Çünki, Sərkisyan hakimiyyəti yaxşı başa düşür ki, Ermənistanın içinə düşdüyü əhatəli böhrandan çıxmağın yeganə açarı Dağlıq Qarabağın işğaldan azad edilməsidir.
Ömər Zamin