İsveçrə Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır
2 İyul 2013 12:26 SiyasətMilli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardini qəbul edib.Sədr qonağın Azərbaycana ilk səfərini yüksək qiymətləndirərək, bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına yeni impuls verəcəyini söyləyib. O, bugünədək ölkələrimiz arasında 26 sənəd imzalandığını və daha 6 sənədin imzalanma ərəfəsində olduğunu bildirib. Əlavə edib ki, İsveçrə iş adamları Azərbaycan iqtisadiyyatına inamla sərmayə yatırırlar. Bu gün 70-ə yaxın İsveçrə şirkəti ölkəmizdə fəaliyyət göstərir. Sonra parlamentin sədri bölgənin inkişafına ciddi maneə olan, regionun, o cümlədən Avropanın təhlükəsizliyini təhdid edən Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan özü təcavüzə məruz qalsa da, münaqişənin sülh yolu beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır. Sədr problemin nizamlanması məsələsinə beynəlxalq ictimaiyyətin diqqətinin artırılmasının vacibliyini vurğulayıb. İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri qeyd edib ki, Cənubi Qafqazın ən çox inkişaf etmiş ölkəsi olan Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutub. İsveçrə Konfederasiyası bu cür inkişaf etmiş ölkə ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Qəbulda Dağlıq Qarabağ münaqişəsindən danışan qonaq qeyd edib ki, onun ölkəsi problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır. İsveçrə bu məsələdə Azərbaycanı dəstəkləməyə hazırdır.