“Misir ərəb dünyasındakı liderliyini nəinki itirib...”-Elman Nəsirov
“ABŞ və Qərb Misirdə ikinci dəfə inqilabın baş verməsində maraqlı deyil”
2 İyul 2013 12:15 SiyasətAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli Misirdə baş verən hadisələrlə bağlı "Olaylar"a bildirib ki, ərəb baharı fonunda Hüsnü Mübarəkin istefasına nail olan, Təhrir meydanını aylarla tərk etməyən insanlar yenidən həmin meydana toplaşmağa başlayıblar. Misirdə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilən zaman da həmin vəziyyət yaranıb. Indi də həmin vəziyyət davam edir. Insanlar prezident Məhəmməd Mursinin istefasını tələb edirlər. E.Nəsirov hesab edir ki, onun yeritdiyi siyasət ümidləri doğrultmayıb. Nə daxili siyasət, nə də xarici siyasət inqilaba meyl edən insanları qane etməyib. Bu cür yanaşmalar Misir cəmiyyətində üstünlük təşkil edir. Politoloqun sözlərinə görə, ötən əsrin 60-cı illərindən başlayaraq ərəb dünyasında liderlik edən Misir bu liderliyini nəinki itirib, artıq misirlilər öz sosial rifahları baxımından, yaşayış səviyyəsinə görə digər ərəb ölkələri ilə müqayisədə hətta aşağı mövqeyə keçiblər. Inqilaba gətirən səbəbləri Məhəmməd Mursi hökuməti aradan qaldıra bilməyib.
"Məhəmməd Mursi Konstitusiyada dəyişikliklər etməklə öz mövqelərini möhkəmləndirmək istəyirdi. Mən hesab edirəm ki, o müəyyən mənada arzularına çatıb. Eyni zamanda Məhəmməd Mursini indiki reallıqlar fonunda ordu müdafiə edir. Digər bir tərəfdən Qərb dünyası Misirdə ikinci dəfə inqilabın baş verməsində maraqlı deyil. Məşhur filosof Falesin dediyi kimi bir qövsə eyni vaxtda iki dəfə girmək olmaz. Bir dəfə inqilab baş verdi, ikinci dəfə inqilabın baş verməsi və hakimiyyətin devrilməsində Qərb və ABŞ maraqlı deyil" deyə politoloq sözlərinə əlavə edib.
Elman Nəsirov Misirdəki hazırkı rejimin radikal deyil, liberal dəyərlərə söykəndiyini bildirib. Bu nöqteyi nəzərdən İslam dünyasındakı radikallarla mübarizədə Misir modeli əhəmiyyətli hesab olunur, çünki burada liberal düşüncəli insanlar hakimiyyətdədirlər. Bu baxımdan politoloq hesab edir ki, Misirdə ikinci dəfə inqilabın baş verməsi üçün şərait yoxdur. Eyni zamanda istənilən inqilabın baş verməsi üçün ona xarici qüvvələrin də dəstək verməsi lazmdır. Nəzərə almaq lazımdır ki, ABŞ və Qərb dövlətləri ikinci dəfə anoloji prosesləri yaşamaq istəmir. "Misirdə baş verən hadisələr hakimiyyətin devrilməsinə yox, lazım gələrsə Məhəmməd Mursi hökumətinin təzyiq vasitəsinə çevrilə bilər".