“İraq bölgəyə fəlakət gətirdi” - MÖVQE

Aydın Ağayev: “Xalqları çevrilişlərə sürükləməklə demokratiyaya keçid mümkün deyil”

Misirdə vəziyyət yenidən gərginləşib. Hüsnü Mübarəkin devrilməsindən sonra hakimiyyətə gələn "Müsəlman Qardaşları" hərəkatının təmsilçisi Məhəmməd Mursinin prezident seçilməsinin bir ilinin tamam olması ilə əlaqədar Misir müxalifəti iyunun 30-da ölkə boyu etiraz nümayişləri təşkil edib. Ölkə müxalifəti erkən prezident və parlament seçkilərinin keçirilməsini tələb edir.

Məsələyə münasibət bildirən politoloq Aydın Ağayev hesab edir ki, Misirin yenidən kütləvi etirazlara səhnə olması böyük bədbəxtlikdir. Baş verən çevrilişlər nəyin naminə olmasından asılı olmayaraq bu bölgəyə yalnız uzun müddət davam edən fəlakətlər gətirə bilər: "Səddam Hüseyni diktator adlandıranların fikirlərini şübhə altına almıram. Bircə Səddam Hüseyni aradan götürməklə regionun ən qədim dövlətlərinə hansı fəlakətlər gəldi. Regionda cərəyan edən hadisələrin nə vaxt bitəcəyini heç kəs bilmir. Ərəb regionunda fəlakətlərin hamısı ABŞ-ın İraqa hücumundan sonra başladı. Xalqları çevrilişlərə sürükləməklə demokratiyaya keçid mümkün deyil. İstənilən ölkədə siyasi sistemindən asılı olmayaraq dövlət o xalqın, o ölkənin onurğa sütunudur. Dövlət dağılanda, insanların şəxsi həyatına qədər hər şey məhv olur. Məsələni ümumi şəkildə dəyərləndirmək lazımdır, burada söhbət təkcə Misirdən getmir. "Ərəb baharı" inqilab deyil, dəhşətli fəlakətdir. Bu tipli ölkələrdə hansısa müsbət dəyişikliklər yalnız təkamül yolu ilə olmalı idi və olmalıdır. Bir ölkədə baş verən çevriliş dalğası digər dövlətlərə də sirayət edir. Bu mənada Misirdə bu gün dəhşətli şəkildə qütbləşmə gedir, eyni xalqın nümayəndələri barrikadalarda biri-birlərini qırırlar, fəlakəti yenə də insanlar və dövlət görür. On illiklər lazmdır ki, orada normal, inkişaf edən dövlət qurulsun. Bu şeylərin heç biri heç kimə lazım deyildi. Dövləti dağıtmadan təkamül yolu ilə dəyişikliklər olmamalıdır. Ərəb dövlətlərində davam edən gərgin proseslər buna bariz nümunədir. Liviyada bir neçə il bundan qabaq vəziyyət necə idi, bu gün dövlət hansı şəkildədir. Tunisdə də sakitlik yoxdur. Misir bütün ərəb ölkələrinin ən aparıcı dövlətlərindən biri idi. Amma planlaşdırılmış şəkildə Misiri məhv elədilər. Regionda və dünyada baş verən hadisələri proqnozlaşdırmaq çox çətindir. Mursi getsə belə vəziyyət yenə də dəyişməyəcək, onu hakimiyyətə gətirən qüvvələr Təhrir meydanında eyni ssenarini səhnələşdirəcəklər. Ərəb dövlətlərində cərəyan edən hadisələrin zəncirvari şəkil alması eyni maraqlara xidmət edir. Məsələn, Əfqanıstan guya kommunist, sol düşüncəli insanların siyasətə gəlməsinədək sakit yaşayırdı, heç kəsin həmin dövlətlə işi yox idi. Elə ki, Əfqanıstanda "Aprel çevrilişi" oldu, ondan sonra bu ölkənin fəlakəti başladı. Bu proseslərin birinci mərhələsində Əfqanıstan Sovet istilasına qarşı mübarizə apardı. Sovet hücumları qurtarandan sonra - ikinci mərhələdə hakimiyyəti ələ alan "Taliban"ı aradan götürmək üçün başqa-başqa qüvvələrin mübarizəsi başladı. "Taliban"dan sonra hakimiyyətə gələn Kərzayi hökuməti bu gün NATO və digər dövlətlərə xidmət edir. Əgər həmin qüvvələr hökuməti dəstəkləməsələr onlar bir dəqiqə də olsun hakimiyyətdə qala bilməzlər. Onsuz da iqtisadi inkişafı o qədər də normal olmayan dövlətin iqtisadiyyatı tamamilə məhv oldu. İndən belə 50 il də keçsə Əfqanıstan özünü bərpa edə bilməyəcək. İstənilən ölkədə dəyişikliklər yalnız təkamül yolu ilə ola bilər, onun alternativ variantı yoxdur. Bu gün dünyanın bir çox ölkələrində baş verən inqilablar istənilən nəticəni ortaya qoya bilmir. Ona görə də xalq və hakimiyyət dəyişiklik üçün yalnız təkamül variantının üzərində dayanmalıdır". ("OLAYLAR" İA)   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00