Azərbaycan deputatları ATƏT-in Minsk Konfransının çağırılmasını tələb edib

"1999-su il  İstanbul Sammitində olduqca əhəmiyətli siyasi öhdəliklər qəbul edilmişdir, lakin bir çox məsələlər hələ də öz müsbət həllini tapmamış qalır. Bu məsələlərdən biri də, regionda olan uzun sürən münaqişələrdir: Moldovada Transdniestrian, Gürcüstanda Abxaziya və Cənubi Osetiya və əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi". Bunu millət vəkili Azay Quliyev  ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 22-ci illik toplantısında Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin hesabatın müzakirəsi zamanı deyib. Millət vəkili əlavə edib ki,  21 illik danışıqlara baxmayaraq, Qrup hələ də Dağlıq Qarabağ barədə heç bir uğur əldə edə bilməyib və münaqişə hələ də çözülməmiş qalır. Xanım Abramikienin öz məruzəsində qeyd etdiyi kimi, atəşkəsə baxmayaraq "təmas xəttinin hər iki tərəfində itkilər davam edir". Millət vəkili  həmsədrlərin sülh danışıqlarında heç bir irəliləyişə nail olmadıqlarını əsas gətirərək Minsk Qrupunun tam tərkibdə çağırılmasını təklif edib: " Fikrimcə, 11 üzv ölkənin birgə iclası problemin hərtərəfli və birdəfəlik həllinin tapılması prosesinin dinamikası baxımından faydalı olar. Minsk konfransında bir neçə suala cavab tapmalıyıq: nə üçün danışıqlar nəticəsiz qalıb? Biz problemi sülh yolu ilə necə həll edə bilərik? Başlıca maneələr nələrdir? Biz Minsk Qrupunun formatı barədə yenidənmi fikirləşməliyik? Bizim başqa ölkələri də bu prosesə cəlb etməyə ehtiyacımız varmı? Və yaxud, biz Qrupun mandatını gücləndirməliyikmi?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00