“Kreml Ermənistandakı antiRusiya qüvvələrinin qarşısını almağa çalışır” - AÇIQLAMA
Qabil Hüseynli: “Ermənistan daxilində Rusiya əleyhinə yaranmış qüvvələrin təkidilə Kremlin Dağlıq Qarabağ münaqişəsinin həlli barədə Azərbaycanın lehinə geriyə doğru addım atacağı o qədər də inandırıcı deyil”
1 İyul 2013 13:20 SiyasətQondarma "Dağlıq Qarabağ Respublikası"nın xarici siyasət idarəsinin rəhbəri Karen Mirzoyan Fransa televiziyasına deyib ki, Qarabağ Azərbaycanın tərkibinə qayıda bilər. Erməni-türk düşmənçiliyinin, daha doğrusu, ermənilərin türklərə bəslədiyi münasibətin kökünə çatan keçmiş siyasi məhbus Şant Arutunyan isə maraqlı nəticələr açıqlayıb. O, bildirib ki, bu nifrət heç də erməni vətənpərvərliyinin təzahürü deyil. Ortada Rusiyanın tarixi komandası var ki, o da lazım olanda işə düşür. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistan daxilində Rusiya əleyhinə yaranmış qüvvələrin təkidilə Kremlin Dağlıq Qarabağ münaqişəsinin həlli barədə Azərbaycanın lehinə geriyə doğru addım atacağı o qədər də inandırıcı deyil: "Çünki, Ermənistan Rusiyanın quberniyasıdır və heç bir nə daxili, nə də ki, müstəqil xarici siyasət prioritetləri yoxdur. Ermənistanda baş verən siyasi ab-havanı da Kreml tənzimləyir, hakimiyyəti də o təyin edir. Düzdür, Moskva Ermənistana satdığı qazın qiymətini qaldırandan sonra daxildə Rusiya əleyhinə çıxan qüvvələrin sayı artıb. Amma Rusiya bunu tamam başqa şeylərlə konpensasiya etməyə çalışır. Ermənistana pulsuz silahın göndərilməsi, raketdən müdafiə sistemlərinin quraşdırılması Kremlin narazı qüvvələrə qarşı adekvat addımı sayıla bilər. Rusiya digər tərəfdən narazı qüvvələrin qarşısını almaq üçün Ermənistan-Azərbaycan gərginliyini gündəmdə saxlamağa çalışır. Ermənistanda antiRusiya dalğası güclü olsa da, bu tədricən sakitləşəcək. Yenidən "matuşka Rossiya" ideyası baş qaldıracaq". ("OLAYLAR" İA)