“Çin uyğurlara qarşı özünə yaraşmayan hərəkət edir” - AÇIQLAMA
Əkbər Qoşalı: “Bütün bunlara baxmayaraq gec, ya tez uyğurlar özünün mədəni və siyasi haqlarını bərpa edəcəklər”
28 İyun 2013 16:38 SiyasətÇin Xalq Respublikasının şimal-qərbində yerləşən Sinçyaz Uyğur muxtar respublikasında dəhşətli dava baş verib. Hadisə nəticəsində 24 nəfər öldürülüb, qətlə yetirilənlərdən 16-sı uyğurdur. Qeyd edək ki, son zamanlarda Çində türk toplumuna qarşı silahlı hücumların sayı çoxalıb. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı məsələyə münasibət bildirərkən qeyd etdi ki, Çinin rəsmi mənbələrinin statistikasına görə 25, qeyri-rəsmi mənbələrdə isə bu ölkədə 50 milyon uyğur türkünün yaşadığı bildirilir: "Təəssüflər olsun ki, uyğurlar böyük Çində çox az saydadırlar. Onların həm tarix, həm dil, həm də mədəniyyət baxımından Çinə zənginlik qazandırmaq şansları olsa da Pekin rəhbərliyi bunu qiymətləndirmir. Zaman-zaman Çindəki soydaşlarımıza (uyğurlara) qarşı mənfi münasibətlər göstərilib və bu tendensiya bu gün də davam etdirilir. Onların dini, mədəni, insani hüquqlarının kobud şəkildə pozulması dünya ictimaiyyətinə məlumdur. Lakin hər hansı bir dövlət buna münasibət göstərməkdə o qədər də maraqlı deyil. Son hadisələr də onu göstərir ki, qədim tarixi olan bir dövlət, BMT TŞ-ın daimi üzvü olan Çin özünə yaraşan hərəkət etmir. Pekin öz vətəndaşlarına qarşı məntiqi olmayan siyasət izləyir. Çinin uyğurlara qarşı atdığı addımlara haqq qazandırmaq olmaz. Bütün bunlara baxmayaraq gec, ya tez uyğurlar özünün mədəni və siyasi haqlarını bərpa edəcəklər. Çin hakimiyyəti ölkənin digər vətəndaşları ilə bərabər eyni haqqı tanımalıdır". ("OLAYLAR" İA)