“Abdullah Öcalanın azadlığa buraxılması PKK-dan asılıdır” - Millət vəkili
Rasim Musabəyov: “Vaxtilə terror hadisələrində əli olan Yasir Ərəfata “Nobel” mükafatı veriblərsə, CAR lideri Nelson Mandela 35 il həbs yatandan sonra Milli Qəhrəman adlandırılıbsa, demək ki, Abdullah Öcalanla da hər hansı bir razılaşma ola bilər”
28 İyun 2013 16:07 SiyasətAlmaniyanın "Die Welt" qəzetinə açıqlama verən PKK terror təşkilatının Kandildəki lideri Murad Karayılan danışıqlar prosesinin üçüncü mərhələsinin tamamlanması ilə Abdullah Öcalanın da azadlığa buraxılacağını bildirib. Millət vəkili Rasim Musabəyov hesab edir ki, PKK ilə Ərdoğan hökumətinin danışıqlar prosesinin növbəti mərhələsində azadlığa buraxılması mümkündür. R.Musabəyov qeyd etdi ki, danışıqlarda kompromislər əldə ediləndən sonra Türkiyədə terror aktları dayanacaq və Türkiyədəki kürd toplumu sivil şəkildə, siyasi qaydalar çərçivəsində rəsmi Ankara ilə razılaşdırılmadan sonra öz hüquqlarını bərpa edəcəklər: "Öcalanın azadlığa buraxılması Türkiyənin dövlət vahidliyinə maneə olmayacaqsa, niyə də olmasın? Vaxtilə terror hadisələrində əli olan Yasir Ərəfata "Nobel" mükafatı veriblərsə, CAR lideri Nelson Mandela 35 il həbs yatandan sonra Milli Qəhrəman adlandırılıbsa, demək ki, Abdullah Öcalanla da hər hansı bir razılaşma ola bilər". Millət vəkilinin sözlərinə görə Öcalanın həbsdən azad edilməsi rəsmi Ankaranın PKK irəli sürdüyü şərtləri qəbul edib etməyəcəyindən asılı olacaq. R.Musabəyov hesab edir ki, bütün Türkiyə ictimaiyyətinin Öcalanın azadlığı ilə razı olacağı fikri tamamilə səhvdir. "Təbii ki, xalqın müəyyən əksəriyyəti buna etiraz edəcək, PKK liderinin azadlığı əsasən də kürd toplumu tərəfindən razılıqla qarşılanacaq. Türkiyə demokratik ölkədir, orada hər şey baş verə bilər". ("OLAYLAR" İA)