“Qərb TAP layihəsində Rusiyanın inhisarçı mövqe tutmasına imkan verməyəcək” - AÇIQLAMA
Qabil Hüseynli: “Moskva Azərbaycanı və digər region dövlətlərini təhdid edərək onları Rusiyaya inteqrasiya siyasəti yürütməyə məcbur etmək niyyətini güdür”
28 İyun 2013 14:23 SiyasətAzərbaycan öz qazını Avropaya çatdırmaq üçün "Trans Adriatic Pipeline" (TAP) boru kəməri layihəsini seçib. Bu barədə bir müddət əvvəl sözügedən layihənin əsas rəqibi olan "Nabucco West"in yaydığı xəbərdə bildirilmişdi. "Şahdəniz" konsorsiumu tərəfindən "Nabucco" layihəsi seçilməyib" - deyə "Nabucco" layihəsinin liderlərindən biri olan Avstriyanın OMV şirkətindən bildirilib. Qeyd edək ki, TAP layihəsində Rusiyanın da iştirak etməsi gözlənilir. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, Rusiya bölgədə hakim, diktəedici qüvvə rolunu oynamağa çalışır. Onun maraqları və istədiklərini nəzərə alınmadıqda Rusiya pozuculuq yolunu tutur. Q.Hüseynlinin sözlərinə görə müstəqil surətdə layihələr həyata keçirmək, bu və ya digər prosesləri tənzimləmək Kreml üçün o qədər də asan olmur: "Azərbaycan müəyyən mənada regionda keçirdiyi layihələrlə bağlı Rusiyaya kompromis xarakterli güzəştlər etməlidir. Amma Rusiyanın həmin layihələrdə iştirakı alternativlik prinsiplərini pozur. RF-ın TAP layihəsinə qatılması yenə də Avropaya istiqamətli qaz siyasətində diktəedici mövqeyini saxlayacaq. Kreml regional layihələrdən istifadə edərək qazla siyasət məfhumunu birləşdirir. Moskva Azərbaycana və digər region dövlətlərini təhdid edərək onları Rusiyaya inteqrasiya siyasəti yürütməyə məcbur etmək niyyətini güdür. Amma Avropa dövlətləri Rusiyanın TAP qaz kəmərinə qoşulmasına razılıq verməyəcəklər. Rusiya layihədə iştirak etsə belə qaz kəmərinə böyük yox, kiçik faizlə qoşulacaq və inhisarçı rolunu oynaya bilməyəcək. Hər halda TAP layihəsində Rusiyanın diktəedici mövqe tutması mümkünsüzdür. ("OLAYLAR" İA)