Ali Baş Komandanın dostlara və düşmənlərə çağırışı
27 İyun 2013 16:44 SiyasətBu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü tamam oldu. Bu ərəfədə ən yadda qalan hadisə isə ölkənin baş meydanı sayılan "Azadlıq" meydanında nümayiş etdirilən hərbi parad və Ali Baş Komandan, cənab prezident İlham Əliyevin işğalçı Ermənistana ünvanlanmış mesajı oldu. Prezident İlham Əliyev hərbi paradda çıxışı zamanı ordu quruculuğunun ölkəmiz üçün ən vacib məsələ olduğunu vurğulayıb. Azərbaycanın müharibə şəraitində yaşadığını diqqətə çatdıran dövlətimizin başçısı ərazi bütövlüyümüzün bərpası üçün ordumuzun hər zaman hazır olduğunu deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Prezident, Ali Baş Komandan İlham Əliyev bildirib ki, bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, Ermənistanın işğalı davam edir və belə olan halda ölkəmizdə ordu quruculuğuna böyük ehtiyac var. Azərbaycanın bölgədə sabitləşdirici və böyük nüfuza malik ölkə olduğunu deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, getdikcə güclənən ölkəmizin iqtisadi qüdrəti artır və bütün bunlar Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyinə əminlik yaradır. "Biz çox güclü hərbi sənayeyə malikik. Son 20 ildə Azərbaycan sübut edib ki, azad ölkə kimi yaşaya bilər. Bizim güclü siyasi iradəmiz, güclü iqtisadiyyatımız və güclü ordumuz vardır". Ali Baş Komandan bildirib ki, ordu dövlətimizin müstəqil siyasətini qoruyur və güclü Azərbaycan Ordusu Dağlıq Qarabağ münaqişəsinin həllində öz sözünü deyəcək.
Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin üzvü Zahid Oruc deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümündə "Azadlıq" meydanında keçirilən hərbi parad əslində Ali Baş Komandanın dostlara və düşmənlərə çağırışı idi: "Cənab prezident aydın bir dillə qeyd etdi ki, sürətlə silahlanma könüllü seçimimiz olmasa da, başlıca məqsədimiz xalqın təhlükəsizliyini və torpaq bütövlüyünün təminatı vəzifəsini yerinə yetirirməkdir. Əgər Ermənistanı müttəfiqlərdən məhrum etmək mümkün olsa, müharibənin taleyini qısa müddətdə həll etmək mümkündür". Millət vəkili deyib ki, hərbi paradda az sayda nümayiş olunan silahlarla nəinki ən yaxın döyüş bölgələrindən, eləcə də ölkənin istənilən ərazisindən düşmənin hədəflərini məhv etmək mümkündür: "Ermənistanın müdafiəçiləri də bunu yaxşı bilir. Belə geniş radiusa malik texnika və sursat təkcə işğalçı ölkəni deyil, çoxlarını narahat edir. Lakin pozulmuş hərbi-siyasi balansın bərpasını başqa vasitələrlə təmin etmək yolu qalmayıb. Dünyanın reallığı belədir ki, silahların səsi sülh və diplomatiyadan daha təsirli gücə malikdir. Nə qədər azadlıqsevər ölkə olsan da, tarixi misalda deyildiyi kimi qüdrətli orduya malik olmasan, başqa dövlətin əsgərinə xidmət etməli olacaqsan. Ona görə Azərbaycanın yerləşdiyi coğrafiyada neytrallığı saxlamaq, hamıdan bərabər məsafədə uzaqlaşmaq və heç bir hərbi formata daxil olmadan təhlükəsizliyini təmin etmək mümkün deyil". Zahid Orucun sözlərinə görə, "Azadlıq" meydanından keçən əsgər və zabitlərimizin nizami yürüşü, döyüş əhval-ruhiyyəsi hər kəsin qürür mənbəyi idi: "Vətənin göylərində dövrə vuran şahinlərimzin yazdığı Bayraq dünyada bütün rənglərdən əzəmətli və iftixar doğurucudur".
Millət vəkili Mübariz Qurbanlı deyib ki, Azərbaycan ordusu dünya standartlarına uyğun formada təşkil edilmiş ordudur: "Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusudur. Prezidentimiz cənab İlham Əliyev Azərbaycanda ordu quruculuğuna və ordumuzun maddi-texniki bazasının gücləndirilməsinə, zabitlərimizin sosial vəziyyətinin yaxşılaşdırılmasına, əsgərlərin bütövlükdə hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə çox ciddi əhəmiyyət verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, qəbul olunmuş qanunlar, o cümlədən dövlət başçısının imzaladığı fərman və sərəncamlar sayəsində ordumuzun müasir tələblərə uyğun şəkildə qurulması üçün əhəmiyyətli addımlar atılıb". Mübariz Qurbanlı bildirib ki, 95 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri xalqımızın ordu ənənələrini davam etdirir: "Ordumuz bizim fəxrimiz, gücümüzdür və orduya diqqət hər bir vətəndaşın vəzifəsidir. Biz erməni təcavüzkarlarına qarşı mübarizədə milli dəyərlərimizə, milli ordumuza, milli iqtisadiyyatımıza və Ali Baş Komandanımız İlham Əliyevə istinad edərək irəliyə getməkdəyik".
Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, hərbi paradlar Azərbaycan ordusunun gücünü göstərir: "Azərbaycan Prezidenti İlham Əliyev də Silahlı Qüvvələrimizin həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsinə, daha da güclənməsinə çalışır. Onun hər bir çıxışı ordu quruculuğu məsələlərinin dövlətin daimi diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Ötən illər ərzində Azərbaycan ordusu böyük bir inkişaf mərhələsi keçib". Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərb sahəsinə ciddi diqqət yetirməsi güclü və döyüşkən ordunun yaranmasına səbəb olub: "İndi Azərbaycan ordusunun ən müasir tələblərə cavab verən silahlı bir qurum olduğunu həm beynəlxalq hərbi tədqiqat mərkəzləri, həm də Ermənistan ordusunun generaliteti belə etiraf edir. Bugünkü Azərbaycan ordusu Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını yerinə yetirməyə hazır olan çox ciddi bir dövlət strukturudur. Bütün parametrlər baxımından, işğalçı dövlətin ordusundan üstün olan Azərbaycan Silahlı Qüvvələri düşmənin zəbt etdiyi ərazilərimizdəki mövqelərini sıradan çıxarmaq iqtidarındadır. İşğalçı ordu Azərbaycan ordusunun qarşısında duruş gətirmək iqtidarında deyil".
Süleyman İsmayılbəyli