Səyyad Aran prezidentə müraciəti dəstəklədi
27 İyun 2013 16:39 SiyasətDini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, yazıçı-publisist Səyyad Aran bir qrup ictimai-siyasi xadiminin 30 iyunun "Sevgililər günü" kimi rəsmiləşməsi üçün prezidentə ünvanlanan müraciəti alqışlayıb.
Səyyad Aran "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hələ bu məsələni 10 il bundan qabaq ictimailəşdirib: "Mənim üçün Sevgililər günü 14 fevral deyil. İlham və Fərizənin toy günüdür. Biz millətin özünəməxsus tarixi hadisəsindən, eşqin sevginin nə olduğunu yad edən övladlarımızdan baxıb öyrənməliyik. Millətimizin tarixində kifayət qədər nümunələr var. Bunun ən parlaq örnəklərindən biri XX ərin son fərəçində yaşanmış İlhamla Fərizənin məhəbbətidir. Əfsanə səviyyəsinə qalxan bu sevgi gənclərimiz üçün bir örnəkdir. Mən 14 fevralın ölkəmizdə Sevgililər günü kimi qeyd edilməsinin qəti əleyhinəyəm. Kimlərinsə tarixdən bəlli olmayan, dolaşıq-bulaşıq yazılan, qeyri etik və deyilməsi mümkün olmayan tərzdə baş vermiş hadisəsi mənim millətimin sevgililər günü niyə olmalıdır? Ona görə də mən də o müraciətə imza atanlara təşəkkürümü bildirirəm. Öz imzamım da orda olmasını istəyirəm".