“Rusiya meylli qüvvələr Gürcüstanı çökdürə bilər”
Zəlimxan Məmmədli: “Saakaşvili hakimiyyətdən getdikdən sonra Gürcüstanın xarici siyasətindəki baxış istiqaməti dəyişməyəcək”
27 İyun 2013 13:51 SiyasətMixail Saakaşvili Gürcüstanda keçiriləcək prezident seçkilərindən sonra həbs oluna bilər. Bu barədə ölkənin baş naziri Bidzina İvanişvili bildirib. İvanişvili deyib ki, əslində Saakaşvilinin həbsini istəmir. Baş nazir prezidenti ölkə qanunlarına riayət etməməkdə ittiham edib. Məsələyə münasibət bildirən "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli hesab edir ki, İvanişvilinin Saakaşvilinin həbs etdirməsi barədə bəyanatları baş nazirin prezidentə qarşı siyasi manevridir. Hər iki tərəf bu cür gedişlərlə seçkiqabağı üstünlük əldə etməyə çalışır: "Kəskin ittihamlar, bəyanatlar siyasi texnologiyada normal qəbul olunan gedişlərdir. Hər iki tərəf biri-birinə qarşı "qara piar" aparmaq hüququna malikdir, həmin gedişlər qanunla tənzimlənir. İvanişvili və Saakaşvili bütün hallarda Gürcüstanda sabitliyinin qorunması üçün çalışırlar. Təbii ki, ilk növbədə siyasi liderlərin mübarizəsində dövlət zərər görməməlidir. Saakaşvili Gürcüstanda fundamental demokratiyanın əsaslarını qoyub. Cənubi Qafqazın xarici siyasət kursu inkişaf, Avropaya inteqrasiya modelidir. Güman edirəm ki, Gürcüstan da Saakaşvili hakimiyyətdən getdikdən sonra bu relsdən kənara çıxmayacaq. Həmin xətdən kənara çıxmalar, siyasi orientasiyanın dəyişməsi olarsa, bu Gürcüstan cəmiyyətinin çöküşünə səbəb olacaq. Gürcüstanda Rusiya meyilli qüvvələr güclənərsə, həmin amil Cənubi Qafqaz üçün ağır nəticələr ortaya qoyacaq". ("OLAYLAR" İA)