Antaliya görüşünün nəticələri nə vəd edir?
10 Mart 2022 16:32 SiyasətTürkiyənin Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin görüşü oldu. 1,5 saat davam edən xarici işlər naziri Sergey Lavrov, Dmitri Kuleba və Mövlud Çavuçoğlu görüşü təsəlliverici sonluqla nəticələnib. Bütün dünyanın gözləntisi olan təsəlliverici nəticə ondan ibarətdir ki, bu formatda yeni görüşlər davam etdirilə bilər. Qalan məsləhətləşmələr, iddia və təşəbbüslər elə söz olaraq müzakirə mərhələsindən o tərəfə keçməyib. Belə ki, Rusiya "ağam mənə kor dedi, hər yetəni vur, dedi" prinsipinə sadiqliyini nümayiş etdirərək üçtərəfli razılaşmaya meyl etmək əvəzinə, Ukraynanı yenidən ittiham edib. Bildirib ki, Rusiya başqa ölkələrə hucum etməyə hazırlaşmır: "Biz Ukraynaya hucum etməmişik. Dəfələrlə etdiyimiz müraciətləri eşitmədilər". Onun sözlərinə görə, Ukraynaya silah göndərənlər təhlükəli hərəkət edirlər: "Avropa İttifaqı bütün prinsiplərini pozaraq Ukraynaya daşıyıcı zenit raket kompleksləri göndərir. Avropa İttifaqına bu daşıyıcı raketlərin sonradan kimlərin əlinə düşəcəyi barədə suallar verirk. Necə nəzarət olunacaq? Cavab yoxdur. Bu silahlar Ukrayna, Avropanın mülki təyyarələri üçün təhlükə yaradacaq". Belə məlum olur ki, Rusiya hücum planını davam etdirmək niyyətindədir, artıq təkcə Ukraynanı deyili, Avropa da hədəfdədir. Başqa sözlə, Avropaya mesaj verir ki, "biz çox dedik, siz eşitmədiniz, indi isə danışmağa haqqınız yoxdur". Sergey Lavrov bir az da irəli gedərək Rusiyanın hücum əməliyyatına haqq qazandırmağa çalışıb: "Yeni faktlar onu göstərir ki, Ukrayna ordusu bu ay separatçı "DNR"-ə hucum hazırlamışdı".
Ukrayna xarici işlər naziri Dmitri Kuleba bütün siyasi manevrlərdən istifadə etməsinə baxmayaraq ölkəsinin humanitar təşəbbüslərinə müsbət cavab ala bilməyib: "Biz 24 saatlıq atəşkəs istəyimizi dilə gətirdik. Bununla bağlı heç bir irəliləyiş əldə etmədik". Bu isə o anlama gəlir ki, Rusiya Ukraynada humanitar dəhlizin açılmasına razılıq verməyib. Görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, ilk görüşdən möcüzə gözləməli deyilik: "Ukraynada atəşkəsə ehtiyac var, humanitar dəhliz açıq olmalıdır. Görüşdə Mariupolda humanitar dəhlizin açılmasını müzakirə etdik. İlk görüşdən möcüzə gözləməli deyilik, bu, başlanğıcdır. Hər iki tərəfin prezidentləri görüşə hazır olduğunu bəyan edib". Deməli, üçtərəfli görüşdə müəyyən razılaşmaların əldə olunacağına olan ümidlər özünü doğrultmayıb. Əslində isə gözləntilərin faydalı olacağını labüd edən obyektiv səbəblər var idi ki, həmin səbəblər həm Ukrayna, həm də Rusiyanın maraqları dairəsində idi. Politoloq Vüqar Dadaşov hesab edir ki, Antaliya görüşü daha çox Rusiya üçün vacib əhəmiyyət kəsb etməlidir. Çünki, bu görüşdə əldə edilmiş istənilən razılaşma Rusiyanın imicinin xilası üçün müəyyən siyasi və diplomatik manevr imkanları yarada bilər. Məsələ təkcə Rusiyanın qlobal güc kimi mifin məhvini maskalamaqdan getmir, bu görüş həm də Putin hakimiyyətinin sonluğunu müəyyən müddətə də olsa əngəlləmək məqsədinə kömək etmiş olar. Kreml siyasi elitası Rusiyanın Ukrayna tələsinə çəkilərək məhv edilməsi proqramının işə salındığının fərqindədir. Ona görə də Antaliya görüşünü Rusiya tərəfi ölümcül prosesin dayandırılması üçün bir şans kimi dəyərləndirməlidir. Nəzərə almaq lazımdır ki, Ukraynaya təcavüz nəticəsində hərbi gücünün 90%-ni itirən Rusiya elə köməksiz vəziyyətə düşüb ki, Azərbaycanda, Qarabağda yerləşdirdiyi iki minə yaxın "sülhməralı"larına ehtiyacı yaranıb: "Dünyanın iqtisadi sanksiya tarixində ən böyük məhdudiyyətləri tətbiq edilmiş Rusiya iqtisadiyatı ən yaxşı halda 20 il geriyə atılıb, Rusiyanın enerji daşıyıcılarının satışına qoyulan embarqo neft və qazın son birja tarixinin qiymət rekordlarını göstərir. Siyasi-diplomatik sanksiyalar Rusiya hakimiyyətinin prezident Putin də daxil olmaqla ali təbəqəsinin əksər üzvlərinə tətbiq edilib. Kreml hakimiyyətini ən çox narahat edən vəziyət isə öıkədaxili siyasi qeyri sabitlikdir. Bütöv Rusiyanı əhatə edən antimüharibə mitinqləri dövlətin güc strukturları tərəfindən çətinliklə qarşısı alınır. Rusiyada indiki siyasi vəziyyət SSRİ-nin 1991-ci ilə anoloji haldıdır. Bu isə o deməkdir ki, Rusiya müstəqillik tarixinin ən çətin dövrünü yaşayır. Qeyd edilən hallara əsaslanaraq deyə bilərik ki, Kremlin Antaliya görüşündə razılaşmaların əldə edilməsinə çox ehtiyacı var".
Antaliya görüşünün Ukrayna üçün əhəmiyyətinə gəldikdə politoloq vurğulayıb ki, müharibə Ukrayna ərazisində gedir, ölkə dağıntılara məruz qalır, insan fəlakəti yaşanır: "Bütün bunlarla yanaşı Ukrayna Rusiya üzərində qələbəsini qazanıb. Zelenski Putinə Rusiyanın artıq gücsüzlüyünü sübut edib. Təkcə Putinin Kiyevi 24 saata tutacağını bəyan etməsi və yarım aya bunu bacarmaması və ordusunun 90%-ni itirməsi Rusiyanın məğlubiyyətindən başqa bir şey deyil. Odur ki, müharibənin dayandırılması ilə bağlı hər hansı bir razılaşmanın əldə edilməsi Ukraynanın qələbəsinin etirafı və fiksasiyası deməkdir. Sözsüz ki, Ukrayna da Antaliya görüşüşündə müəyyən razılaşmaların əldə edilməsinə məmmun tərəf olardı". Siyasi ekspertlərin qənaətinə görə, Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin görüşü prezidentlər arasında görüşün başlanğıcı ola bilər.
Alim