Rusiya tarixin səhvinə imza atdı

Qələbə əzmi ilə müharibəyə gedən Moskva məğlub durumda

İki həftədən artıqdır ki, Rusiyanın Ukraynanı işğal etmək üçün başladığı müharibə davam edir. Ölkə hərbiyəsinin demək olar ki, 80-90 faizini Ukraynaya hücum əməliyyatına cəlb edən Kreml hakimiyyəti buna rəğmən hələlik istədiyinə nail ola bilmir. Elə nail olması da mümkün görünmür. Çünki ötən iki həftə ərzində Ukraynada verdiyi itkilər təkcə Rusiyanın hərbi gücü, qüdrətinə mənfi təsir göstərməyib, eyni zamanda hərbiçiləri arasında da qorxu, xof yaradıb.  Maraqlıdır, eyni zamanda təəccüblüdür, dünənə qədər az qala bütün dünyanı güclü ordusu, hərbi qüdrəti ilə qorxudan, xof yaradan Rusiya və onun hərbi elitası indi özü qorxu içərisindədir. Hər halda Ukraynaya zorla döyüşə göndərilən rus əsgərlərinin konüllü şəkildə Ukraynaya təslim olması belə deməyə əsas verir.

Rusiya hərbiçilərinin Ukraynaya müharibəyə getməkdən imtina etməsinin bir digər səbəbi işğal siyasətinin həyata keçirildiyi 15 gün ərzində bu ölkənin hərbi arsenalında çoxsaylı itkilərin qeydə alınmasıdır. Eyni zamanda canlı qüvvə sarıdan verilən itkilər. Hər halda Ukraynanın hərbi dairələrinin yaydığı məlumatlar belə deməyə əsas verir. Belə ki, Ukrayna tərəfinin yaydığı məlumatlara əsasən Rusiya tərəfi 15 gün ərzində 12 000-dən çox hərbçi itirib. 3000 dən çox rusiyalı hərbiçi isə əsir düşüb. Həmçinin, müharibə başlayandan bu günə qədər Rusiyaya məxsus 49 təyyarə, 81 helikopter, 335 tank, 1 105 zirehli döyüş maşını, 123 artilleriya qurğusu, 29 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 526 avtomobil texnikası məhv edilib.

Bu Rusiyanın Ukraynada hərbi sahədə verdiyi itkilərdir. İşğal davam edəcəyi təqdirdə bu itkilərin ikiqat artacağı istisna edilmir. Hərbi sahədə verilən itkilərin üzərində iqtisadi sahədəki itkiləri də əlavə etsək, o zaman Rusiyanın durumunun həqiqətən ağır olduğu görüntüsü tam çılpaqlığı ilə ortadadır. Ukraynanı işğal siyasəti səbəbindən sivil dünyadan demək olar ki, tamamilə təcrid olunan  Rusiya belə demək mümkünsə aclıq və səfalət içərisindədir. Dünya ilə iqtisadi əlaqələrin kəsilməsi Rusiyaya müxtəıif ölkələrdən mal və məhsulların ixracını sıfıra endirib ki, bu da federasiyanın paytaxtı və subyektlərində ciddi ərzaq qıtlığı yaradıb. Dünya maliyyə sistemindən kənar düşməsi isə Rusiyada əhalinin maaş və pensiyalarının ödənməsində problemlər yaradıb.  Bütün bunları nəzərə alan Rusiya artıq Ukrayna ilə problemi diplomatik yolla həll etməyə maraqlı görünür. Halbuki istər işğala start vermədən əvvəl, istərsə də işğalın ilk günlərində dəfələrlə beynəlxalq səviyyələrdə, xüsusilə Türkiyə Respublikası tərəfindən tərəflərə, əsasən də Rusiya Federasiyasına danışıqlar üçün müraciət edilsə də, lakin Kreml heç bir halda danışıqlara maraqlı görünmür, yalnız Ukraynanın demilitarizasiyası müqabilində, eyni zamanda Ukraynanın qanuni hakimiyyətinin devrilməsi fonunda Kiyevlə bir masa ətrafında oturmağa hazır olduğuna işarə edirdi. Konkret olaraq Rusiya Ukraynanı işğalı qarşısında bir nömrəli hədəf kimi qoymuşdu.

Ancaq proseslər göstərdi ki, Rusiyanın Ukraynanı işğal siyasəti, istəyi baş tutmayacaq. Əksinə Rusiya hər ötən gün Ukraynada acı məğlubiyyət və itkilərlə üzləşir. Ona görə də indi Rusiya nisbətən əvvəlki inadından geri çəkilən kimi görünür və Kiyevlə danışıqlara razılıq verir. Hər halda indiyə qədər Belarusda keçirilən bir neçə görüş, eləcə də bu gün Türkiyədə baş tutan Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin bir araya gəlməsi bunun əyani sübutudur.  Düzdür, XİN rəhbərlərinin görüşündən müsbət nəticə əldə edilməsə də, bütün halda baş tutan təmaslar müsbət dəyərləndirilməlidir. Eyni zamanda bu görüşlər Rusiyanın inadkarlığından əl çəkməsindən xəbər verir. Çünki yuxarıda da qeyd etdiyimiz kimi Ukraynanı işğala start verən və bunu qısa müddətdə bacaracağını düşünən Rusiya nəinki qarşısına qoyduğu hədəfə anil ola bildi, əksinə həm dünya, həm də regiondakı imicini zərbə altında qoydu. Rusiyanın nəhəng hərbi gücə malik olması barədə fikirlər də tamamilə alt-üst oldu. Bir sözlə Rusiya Ukraynanı işğal etmək istəyi ilə tarixin səhvinə imza atdı.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31