Regional əməkdaşlığa açılan yeni imkanlar-Antalya Diplomatiya Forumu

Təşəbbüskar tərəf yenə Azərbaycan və Türkiyədir

Rusiya-Ukrayna müharibəsi fonunda həm yerləşdikləri coğrafiyada, həm də dünyada  Azərbaycan və Türkiyənin rolu, əhəmiyyəti artmaqdadır. Bunun da başlıca səbəbi ondan ibarətdir ki, həm Ankara, həm də Bakı Kiyev-Moskva qarşıdurmasına  Qərb, Avropa ölkələri kimi körüklə getmir, əksinə hər iki ölkə Rusiya ilə Ukrayna arasında münaqişənin sülh, danışıqlar yolu ilə həllinə çalışır, təşəbbüslər göstərir. Elə bu günlərdə Türkiyədə keçirilən Antalya Forumu çərçivəsində əsas müzakirə mövzusunun məhz Rusiya-Ukrayna böhranının olması və qardaş ölkədə hər iki dövlətin xarici işlər nazirlərinin görüşü üçün rəsmi Ankaranın göstərdiyi səylər fonunda bunu aydın görmək mümkündür.

Eyni fikirləri Azərbaycan üçün də söyləyə bilərik. Bakı da Ankara kimi məhz Rusiya-Ukrayna probleminin dinc, danışıqlar yolu ilə həllinə tərəfdardır. Onu da qeyd etmək lazımdır ki, Bakı bu günlər həm də dünyanın iqtisadi baxımdan diqqətini özünə cəlb edən ölkələrdəndir. Belə ki, Rusiyaya tətbiq edilən sanksiyalar fonunda Moskvanın da Avropanın enerji təchizatını dayandırması bütün dünyanın, daha çox da Avropanın gözünü Bakıya çevirib. Çünki hazırda qoca qitənin Azərbaycana həddən artıq ehtiyacı var. Bütün bunlar Ankara və Bakının son vaxtlar diplomatik uğurlarının miqyasını bir qədər də artırır. Təsadüfi deyil ki, Antalya Diplomatiya Forumunda da əsas gözlər məhz Türkiyə ilə Azərbaycandadır.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov da deyir ki, bu günlərdə Bakı və Ankara çox sıx diplomatik fəaliyyətdədir. Onun sözlərinə görə, dünyanın aparıcı dövlət və hökumət başçılarının Azərbaycan prezidenti cənab İlham Əliyevə telefon zəngləri və Türkiyədə baş verən doplimatik proseslər belə deməyə əsas verir: "Bura həm İsrail prezidenti İshaq Hersoqun 14 illik fasilədən sonra ilk İsrail prezidenti olaraq Türkiyəyə səfəri, Antalyada baş tutacaq Diplomatiya Formunu əlavə edə bilərik. Qeyd edək ki, forumda dünyanın dövlət və hökumət başçıları, eyni zamanda hökumətlərin üzvləri iştirak edəcək. Üstəlik Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon diplomatiyası da davam etməkdədir.  Bir sözlə, geniş və hesablanmış diplomatik addımlar Azərbaycan və Türkiyəni əsas güc mərkəzlərindən birinə çevirir".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə daha çox Azərbaycanın Diplomatiya Forumunda iştirakı, dövlət başçısı İlham Əliyevin bu məqsədlə qardaş ölkəyə səfəri, eləcə də Ankara-Bakı münasibətlərinin yeni inkişaf perspektivlərinə diqqət çəkib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir: "İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Dünən Ərdoğan da bu görüşün anonsunu vermiş, bəzi məsələlərin müzakirə olunacağını bildirmişdi.  Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəmizə səfərindən, həmkarı Ceyhun Bayramovla görüşündən sonra liderlər səviyyəsində təmas gözlənilən idi. Xüsusilə nəzərə almaq lazımdır ki, indi hər iki dövləti maraqlandıran kifayət qədər mövzu var. Bunlardan birincisi, şübhəsiz ki, Ermənistanla normallaşma əlaqələridir. Çox güman, Antalya diplomatiya forumu çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın azərbaycanlı və türkiyəli həmkarları ilə ikitərəfli, üçtərəfli formatda görüşü olacaq. Böyük ehtimalla, həmin müzakirələrlə Əliyev və Ərdoğan arasındaki fikir mübadiləsi məzmun baxımından üst- üstə düşəcək. Hər halda tərəflərdən hər biri- həm Bakı, həm Ankara, həm də İrəvan regional əməkdaşlıqda maraqlıdır. Yəqin ki, regional əməkdaşlığın perspektivləri, inkişaf ssenari ilə bağlı yeni qərarlar qəbul ediləcək".

Ekspert deyir ki,son vaxtlar Ermənistanın intensivləşdirdiyi təxribatlar da gündəlikdə ola bilər: "Liderlər adekvat cavab barədə müzakirə apara bilərlər. Bu görüşdən sonra Ermənistanın provokasiyalarına daha konkret cavab verilməsi istisna deyil. Əlbəttə, Rusiya ilə Ukrayna arasında davam edən müharibə də masada olacaq. Liderlər tərəflər arasında konsesusun əldə olunması üçün imkanlarını ortaya qoyacaqlar. Sözügedən gərginlikdə Bakı və Ankara eyni mövqedən çıxış edir. Bu isə o deməkdir ki, tərəflərin məqsədi də eynidir: qarşılıqlı güzəştlər əsasında sülhün təmin olunması. Əgər Azərbaycan və Türkiyə Rusiyanın maraqlarına uyğun şəkildə problemi həll edə bilsələr, bu, Qarabağ məsələsinə də təsir edə bilər. Hətta, ola bilsin, problemin həlli müqabilində Qarabağda hərəkətlənmə barədə Rusiya ilə müəyyən məsləhətləşmələr aparılıb və ya aparılacaq. Hər halda dediyimiz kimi, böhranın Moskvanın maraqlarına uyğun şəkildə həlli qarşılıqsız qalmamalıdır".

Ekspert bildirib ki, görüşdə Qarabağda antiterror əməliyyatı barədə qərar qəbul edilməsi və bunun yaxın zamanda icrası da mümkündür: "Çünki optimal şərait yaranıb: Ermənistan ard- arda təxribatlar törədir, Rusiya isə artıq əvvəlki nüfuzunu, təsir gücünü itirməkdədir. Deməli, Türkiyə və Azərbaycanının maraqları ilə hesablaşmalıdır. Bütün hallarda, Əliyevlə Ərdoğanın görüşündən gözləntilər böyükdür. Müzakirələrdən sonra yeni reallıqların şahidi ola bilərik".

Ümumən isə, Antalya Diplomatiya Forumu regional əməkdaşlığa açılan yeni imkanlar kimi daha çox xarakterizə edilir. Bu əməkdaşlığın reallaşması üçün isə təşəbbüskar tərəf yenə Azərbaycan və Türkiyədir

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31